Müjdəçi - Mənsur şeir
- Ana Səhifə
- Müjdəçi - Mənsur şeir
Müjdəçi - Mənsur şeir
Bir gün bizə beş polis məmuru gəldi. Onlar məni tutmaq üçün gəlmişdilər!
Məni apardılar. Səndən ayrı düşdüm.
Ayrılıq! İnsanların həyatında ağır möhnət olan bu ayrılığı sən
qabaqcadan hiss etmişdin: sövqi-təbinləmi, nədənmi bilmirəm... Ancaq hiss etmişdin...
Sən onda hələ körpə idin. Təzə-təzə dil açan bir körpə...
Yaxşı yadımdadır: mən işdən gələndə sən «ata», «ata» deyib önümə qaçar,
sevincdən nə etdiyini bilməzdin. Otağın dörd tərəfinə dolanıb başın gicəllənə
qədər fırlanardın. Bu zaman mən də səni qollarım arasına alıb çırpınan ürəyini
sakit etməyə çalışardım.
Bir azdan sən sakit olar – bunu mən qəlbinin döyüntüsü ilə təyin edərdim
– və köksümdə uyumağa başlardın...
Çox vaxt mən sənə hədiyyə gətirərdim. Sən bu hədiyyələri alanda da
sevinərdin, lakin sən məni görərkən başqa cür sevinərdin, oğlum! Bu sevinc qara
gözlərinə həyat verər, təzətər yanaqlarına şəfəq salar, pənbə dodaqlarını
astaca tərpədər, xoş üzünü gülüş çiçəkləriylə bəzərdi. Bu sevinc kiçicik
qəlbinə dəryalar qədər nəşə sığdırar, bütün vücudunu titrədərdi. Bu sevinc mənə
olan sonsuz məhəbbətinin sadəcə ifadəsiydi. Bu, ananın mənə, mənim anana olan
əbədi sevgimizin tərənnümü, yoxsul evimizin qızıl dirəyiydi.
Bir axşam sən yatdıqdan sonra ananla başın üzərində durub sənin şirin
mışıltına qulaq asırdıq.
Anan dedi:
– Əzizim, bilmirəm bunu nə ilə izah edim: sən gedən kimi bu tifil bütün
günü «ata», «ata» deyib səni arayır, qapı döyüldümü, sənin gəldiyini düşünüb
qapı ağzına qaçır, orda səni deyil, başqasını görəndə kor-peşman geri qayıdır,
yenidən səni səsləməyə başlayır. Yaşyarım körpənin həyatında bu olan iş deyil.
Qorxuram uşağın başına bir iş gəlsin.
Bu, qəribə olsa da ananı sakit etməyə çalışdım. O isə:
– Yox, yox – dedi, - bu nə isə bir bədbəxtliyin... Bilirsən, qoca
arvadlar deyirlər ki, bəzən uşaqlar ölümqabağı ata-anaları üçün çox şirin
olmağa çalışırlar... Bəlkə bu da...
Anan sözünü qurtara bilmədi, gözləri yaşardı. Mən onun nəmli gözlərini
öpdüm. O da əyilib astaca sənin gözlərindən öpdü...
Sənin hər gün məni belə aramağın bir aya qədər davam etdi. Sonra...
Sonra məni sizdən ayırdılar... Zorla ayırdılar, oğlum!..
İllər bir-birini qovur, sən böyüyürsən. Atasız böyüyürsən, oğlum! Lakin
sən heç vaxt məni unutmur, həmişə, hər yerdə arayırsan. Hicran möhnətinin sənə
güc gəldiyi anlarda anan imdadına çatır, min gür nəvazişlə könlünü ovundurmağa
çalışır. O sənin səadətin üçün şirin yuxunu belə özünə haram edir; gündüzləri
Təbriz karxanalarında işləyir, gecələri onun-bunun paltarını yuyur...
Oğlum, heç bilirsənmi, bu, ananın izzəti-nəfsinə nə qədər toxunur! Axı,
o vətənimizin dağları qədər məğrur, yenilməzdir! Paltarını yuduğu ərköyün
Təbriz xanımlarından onun nəyi əskikdir? Gözəlliyimi? Yox. Ağlımı? Yox.
Bacarığımı? Yox!
Lakin yoxsulluğun üzü qara olsun, səni ac və çılpaq qoymamaq üçün anan
bütün əzab-əziyyətlərə dözür.
Oğlum! Unutma ki, sənin anan adi
qadınlardan deyil. Onun barəsində eşitdiyim bir söz bilsən mənim başımı nə
qədər uca eləmişdir. Bu yaxınlarda yanımıza təzə bir məhbus gətirdilər. Ananı
yaxşı tanıyır. Bunu mənə o danışdı. Mən tutulanda bir neçə ay sonra bir oğlan
yanına gəlib ona ərə getməsini təklif etmişdir.
Anan həmin gənci istehzalı nəzərlərlə süzmüş və təkəbbürlə demişdir:
– Mən yalnız namusu olan adama ərə gedə bilərəm.
Gənc özünü itirmiş halda kəkələyərək soruşmuşdur:
– Məgər mənim namusum yoxdur?
– Xeyir! Anan qətiyyətlə cavab vermişdir. – Namusu olan və vətənin
azadlığı uğrunda, sənin və mənim uğrumda zinadları özünə məskən edən bir
fədainin arvadına belə təklif edərmi?
Deyirlər ananın bu sözlərindən sonra həmin gənc başını əlləri arasına
alıb getmiş, onu bir daha Təbrizdə görən olmamışdır.
Anan belə analardandır, oğlum! Onu daima sev, oxşa!
Eşitdiyimə görə sən bəzən yaşarmış qara gözlərini ananın məhzun və
mənalı gözlərinə zilləyərək:
– Ana, söylə atam hardadır? – soruşarmışsan.
O zaman bu sualınla ananın da gözlərinin yaşarmasına səbəb olar, o da
çox düşüncəli halda sənə cavab verərmiş:
– Soruşma, quzum, atan uzaqlardadır... Əl çatmaz, ün yetməz uzaqlarda!
Bəli, mən doğrudan da səndən çox uzaqlardayam. Lakin bu uzaqlıq cisməndir,
oğlum! Ruhən, qəlbən mən həmişə sənin yanında, ürəyindəyəm!
Ancaq hicran hələ güclüdür, quzum! O, meydanda at aynadır! Qoy
oynatsın!.. Oynada-oynada onu da bilsin ki, vüsalımıza az qalmışdır. Az!
Oğlum, mənim sizdən ayrılacağımı evimizdə birinci olaraq sən hiss
etmişdin. İndi mənə elə gəlir ki, qayıdacağımı da birinci sən hiss edəcəksən,
deyilmi? O zaman sən xoş bəxərin böyük səadətini müjdəçisi olacaqsan!
Eh, oğlum! Bilsən sənin belə bir müjdəçi olacağını necə arzu edirəm! Bu,
təkcə mənim deyil, milyonların arzusudur!
20 yanvar,
1955; 1956