Azərbaycan dili - Mənsur şeir
- Ana Səhifə
- Azərbaycan dili - Mənsur şeir
Azərbaycan dili - Mənsur şeir
Anamın südündə, vətənimin havasında, çörəyimdə, suyumda səni duymuşam.
Torpağımda-daşımda, çölümdə-çəmənimdə, Kürümdə-Arazımda, Xəzərimdə-canımda səni görmüşəm!
Elimdə-günümdə,dərsimdə-kitabımda səni sevmişəm! Sevmişəm, a mənim tarixin eniş-yoxuşlarında xalqımın göz bəbəyi kimi qoruduğu dilim! Azərbaycan dilim!
Anamın həzin-həzin laylalarında, arzulu-azulu oxşamalarında qanıma keçmisən!
Atamın kişi-kişiyanə söhbətlərində ruhuma çökmüsən!
Babamın, nənəmin şirin-şirin nağıllarında, bayatılarında ürəyimə girmisən! Ürəyimə, a mənim millətimin fəxr-fəxarəti dilim! Azərbaycan dilim!
Əlimə qələm alan gündən, qələmin ixtiyarına qalan gündən böyüklüyünü dərk eləmişəm!
İlk gecədə, yuxusuz qaldığım ilk gecədə, ilk ağır sınaq gecəsində necə də köməyimə gəldin, qüdrətinlə ama barəsindəki düşüncələrim öz qalıbına düşdü, söz qalıbına düşdü. Səxavətimi unutmamışam!
Heç zaman , heç kəsdən bir kömək ummadım, ummuram, ummaram! Təkcə səndən savayı! Səndən savayı! Ummaram! Səndən də həmişə budur təmənnam: əsirgəmə sözlərini, varını, gizləmə imkanlarını, ecazkarlığını, bir sözün neçə-neçə çalarını, yuxusuz gecələrimin sayını çoxaltma, mənsur şeirlərimə xəzinənin ən sirli, hələ toxunlmamış, əd deyilməmi güşələrində qidalanmağa icazə ver, a mənim ulu əcdadımın yadigarı, nişanəsi, nəfəsi doğma dilim, ana dilim! Azərbaycan dilim!
Sənsiz neyləyə bilərəm! Nəyə gərəyəm! Varlığım varlığına bağlıdır. Adım adınla öyünər. Sevincim, səadətim qüdrətinlə yaranar, a mənim günüm, ilim, əsrim, qərinəm, nəhayətsizliyim, Azərbaycan dilim! Azərbaycan dilim!
19 may, 1967