Haqqımızda
- Ana Səhifə
- Haqqımızda
Gülhüseyn Hüseynoğlu Azərbaycan ədəbiyyatında orta nəslə mənsub görkəmli ədiblərdən biridir. O, öz saf, səmimi, təbii hiss, həyacanlarını bədii sözün qüdrətilə həmişə oxucularına demiş, onları düşündürmüş ruhunu və zövqünü oxşamışdır.
Gülhüseyn Hüseynoğlu yaradıcılığa başladığı zamandan oxucuların rəğbətini qazanmış, öz imzasını oxucularına sevdirə bilmişdir. Görkəmli söz ustası Gülhüseyn Hüseynoğlu Azərbaycan ədəbiyyatına mənsur şeir janrını gətirib.
G.Hüseynoğlu yaradıcılığının dəyərli cəhətləri barədə saatlarla, günlərlə, danışmaq olar. Onun əsərlərinin hamısı məhz insana xidmət, onun əqli və bədii zövqü cəhətdən inkişafına yardım məqsədi ilə qələmə alınmışdır. Bir sözlə G.Hüseynoğlunun yaradıcılıq fəaliyyətinə nəzər salsaq onun nə qədər keşməkeşli, zəngin xatirələrlə dolu yaradıcılıq və həyat yolu keçdiyinin şahidi olarıq.
Gülhüseyn Hüseynoğlu 16 oktyabr 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin şəxsiyyətə pərəstiş dövründə həbs olunub, 25 il azadlıqdan məhrum edilib.
1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün yaradılmış antisovet "İldırım" təşkilatının qurucularından biri olub. Təşkilatın məqsədləri Azərbaycanın müstəqilliyini əldə etmək, 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq və Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi. Təşkilatın qurucularından olan İsmixan Rəhimov, daha sonra Gülhüseyin Hüseynoğlu və digərlərini həbs edirlər. Ali Məhkəmənin qərarıyla onlardan üçünə güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. Yazıçı həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Nəhayət, Stalin öləndə bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında "İldırım"çılar evlərinə qayıdırlar. O, 1956-cı ildə tam bəraət qazanıb Azərbaycan Dövlət Universitetinin aspiranturasına bərpa edilib. Bundan sonra onun sakit, dinc həyatı başlanır.
Əmək fəaliyyətinə hələ tələbə ikən, 1942-ci ildə “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayan Gülhüseyn Hüseynoğlu 1945–1947-ci illərdə “Ədəbiyyat qəzeti” redaksiyasında, 1947–1948-ci illərdə isə Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. O, 1957-ci ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlayıb, filologiya fakültəsinin müasir Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışaraq, ömrünün yarım əsrdən artıq bir dövrünü ölkəmizdə təhsilin inkişafına həsr edib. Görkəmli söz ustası 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçılar İttifaqının V qurultayından ömrünün sonunadək birliyin idarə heyətinin üzvü və nəsr bölməsinin rəhbəri olmuşdur. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılmışdır.
Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Gülhüseyn Hüseynoğlu 1944-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb, yetmiş ilə yaxın müddət ərzində ədəbiyyatımızın inkişafı naminə çalışıb. Onun özünəməxsus üslubu ilə seçilən əsərləri müasirlərimizin həyatını, mənəvi aləmini dolğun əks etdirir. Nasir 69 ilin 8 ilini özündən aslı olmayaraq həbsxana və Stalin düşərgəsində əzab, sıxıntı içərisində keçirmişdir. 8 ildə o, yazmaq imkanından məhrum olsa da dərindən müşahidəçilik qabiliyyətinin gördüklərini saf-çürük eləmək, gələcək bədii ümumiləşdirmələrinə lazım olacaq zəngin həyat təcrübəsi qazanmaq ixtiyarını ondan heç kəs ala bilməmişdir.
Gülhüseyn Hüseynoğlu şairliyi, yazıçılığı ilə yanaşı bütün yaradıcılığını həm də Mikayıl Müşfiqin tədqiqatına həsr edib. Müşfiqin yaradıcılıq aləmi, onun özünəməxsus şair fərdiyyəti ilk dəfə Gülhüseyn müəllimin dissertasiyasında öz həllini tapıb. O, Müşfiq vurğunu idi. Müşfiqin şeirlərindən çox ilham almışdı. 8 il Sibirin ən şaxtalı, çətin yerlərində olan, qayıtdıqdan sonra heç vaxt əyilməyən o cür möhkəm kişinin yeganə kövrək yeri Mikayıl Müşfiq olub. Çox heyfslənirdi ki, bu cavan yaşında insan bu qədər yaratdı və cavan yaşında da getdi. Yəni, yaşasaydı, daha çox yazıb-yarada bilərdi. Hətta bir dəfə Müşviqi xatırlayarkən ağlayaraq deyib, Müşviq sən indi mənim oğlum yaşındasan. O, Müşfiqin əsərlərinin nəşrinə də qayğısını əsirgəmədi.
Gülhüseyn Hüseynoğlu ədəbiyyatımızda mənsur şeirin ilk və dəyərli nümunələrini yaradıb. Azərbaycan nəsrində bədii-poetik struktur baxımından yeni olan bir janrda meydana gətirilən həmin əsərlər ədəbi tənqidin diqqətini daim özünə cəlb edib və həmişə təqdirlə qarşılanıb.
Gülhüseyn Hüseynoğlu ilk hekayəsi "Ana"dan (1944), ilk mənsur şeiri “Bənövşə əfsanəsi”dən (1946) başlayaraq, ilhamlı fədakar yaradıcılıq yollarında özünəməxsus addımlarla irəliləməyə başlamışdır. M.Müşfiq barədə elmi monoqrafik əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır.
Yazıçının "Nigaranşılığın sonu", "Ay nur çiləyəndə", "Mənsur şeirlər", "İtmiş keçi", "İnsan", "Gözəl", Sübh çağı", "Mücrü", "Seçilmiş əsərləri", "Ömrümüz boyu", "Qatar gedir", "Çətin yol", "Yana-yana", "Məhəbbətdirmi bu?", "Müşfiqin yolu", "Müsfiq", "Etiraf", Bir ömrün çıraqları" adlı bədii kitabları, monoqrafiyası, dərs vəsaiti və yüzlərcə elmi-publistik məqalələri geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır. Həmin kitablar görkəmli yazıçının çətin və şərəfli bir yaradıcılıq yolu keçdiyinə gözəl sübutdur.
Şair və yazıçılarımızdan Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza, Mir Cəlal, İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı, rus yazıçılarından Konstantin Fedin, Viktor Telpuqov, tənqidçi və ədəbiyyatşunaslar Məhəmmər Arif, Əkrəm Cəfər, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Firidun Hüseynov, Ağamusa Axundov, Pənah Xəlilov, Musa Adilov və onlarca başqaları Gülhüseyn Hüseynoğlunun yaradıçılıq yolu, dəst-xəttinin özünəməxsusluğu, ədəbiyyatımızdakı mövqeyi barədə bəhs acmışdılar.
Akademik Aslan Aslanov: "Gülhüseyn Hüseynoğlunun əsərlərində irəliyə sürdüyü, təbliğ etdiyi fikirlərlə özünün şəxsiyyəti arasında tam bir uyğunluq vardır. İnsana hörmət, bütövlük, nəciblik və paklıq onun şəxsiyyətinin ən səciyyəvi xüsusiyyətləridir. Onun bir yazıçı kimi təbliğ etdiyi fikirlərinin oxucuların qəlbinə dərhal yol tapmasında, bizcə, bunun da böyük rolu vardır".
Professor Mir Cəlal: "Gülhüseyn heç kimə bənzəməyən, özünün dəsti-xətti,üslubu olan,həmişə axtaran, poetik kəşflər edən, özünə tələbkar, əsərləri üzərində zərgər dəqiqliyi ilə işləyən, oxucusuna və ümumən ədəbiyyata hörmət bəsləyən, az yazmağı, mənalı yazmağı sevən yazıçıdır".
Şair Sabir Rüstəmxanlı: "Gülhüseyn Hüseynoğlu- hekayələrində sakit, təmkinli yazı manerası olan, konkret detallarla danışan,ciddi, realist yazıçıdır. O, artıq təfərrüatdan, yersiz ricətlərdən qaçır, mövzunun baş ideyasını həssaslıqla qabardır. Balaca bir hekayədə iri əsərlərə bəs edə biləcək zəngin həyat materialını sığışdırır. Surətlərin mənəvi-psixoloji aləmini dərindən duyur və göstərir. Bu sözlər onun uşaq və valideynlərə həsr olunan əsərlərinə də aiddir, satirik hekayələrinə də".
Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə "Xalq Yazıçısı" fəxri adına layiq görülmüşdür. O, 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Tanınmış nasir, istedadlı ədəbiyyatşünas, mahir pedaqoq və səmimi insan Gülhüseyn Hüseynoğlunun işıqlı xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
Gülhüseyn Hüseynoğlu 2013-cü il iyulun 8-də vəfat edib.