"Sağ ol, ana..." - Hekayə

"Sağ ol, ana..." - Hekayə

Image
  • 15 Mart 2023

- Salam, ana!..

- Əleyküməssalam, oğul! Səni gözləyirdim...Ürəyimə dammışdı gələcəksən.

- Vallah, ana, atanın qəbri haqqı iş-gücdən baş açmaq olmur. Adamın əl-qolunu elə bağlayıblar ki... Yoxsa lap tez-tez gələrəm.

-Bilirəm, oğul, bilirəm. Mən səni qınamıram ki... Sən özün hər şeyin yerini bilənsən... Nə deyim?! Sözüm onda deyil. Sözüm...

- Desənə, anna desənə... İncikliyini ürəyində saxlama.

- Gəlmişdi...

- Bilirdim gələcək.

- Ağlayırdı. Səndən şikayətçi idi. Deyirdi ki, xalqın uzaq qohumu onunçun nələr eləmir?! Amma mənim qardaşım, doğma qardaşım mənimçün əlini ağdan qaraya vurmaq istəmədi...

- Bilirdim deyəcək. Ancaq, ana... necə deyim sənə... mənim elə işlərlə heç aram yoxdu...Bir də indi ali məktəbə tapşırıqla tələbə qəbul etdirmək mahaldı...Özün qəbulda olmasan, bir xeyri yoxdu. Bunu ona başa salanda dedi ki, qal da qəbulda, niyə qalmırsan? Mən də dedim ki, qəbula qalmamışam, qalmayacağamda. Bir də gördün bir rüşvətxorla düşmüsən bir yerə... İndi gəl işin içindən çıx görüm, necə çıxırsan?!

- Nəfsinə bələdəm sənin, oğul, təmiz adıvun üstündə əsirsən həmişə... Uşaqlıqdan düzlük üstündə başın nə qədər ağrıyıb. Hələ nə qədər ağrıyacaq. Uşaqlıqdan qürurlu olmağın məni yaman qorxudurdu. Heç kəsdən söz götürməzdin. Başa düşürdüm ki, həyatda çoxlarının lazım olanda qatığa qara dediyi bir vaxtda səninçün yaşamaq necə çətin olacaq. Ancaq səni dəyişdirməyə nə gücüm çatırdı, nə də ürəyim yatırdı...

- Sən mənim ağıllı anam olmusan həmişə, sənə qurban olum!..

- Bəsdi, bəsdi, ətimizi tökmə, sən mənim gözümün işığısan, heç rəva görərəm ki, sən mənə qurban olasan?! Mən sənin qurbanın olum, oğul... Bacının səndən başqa kimi var ki, bu dünyada? Səndən də inciyib yaman. İnciyib. Gərək ürəyini alasan...

- Sənin gəlininə telefonda ağzına gələni deyib... Məndən o ki var gileylənib. O gündən bizə gəlmir.

- Sənin xasiyyətini bilirəm. Qadınların qəlbinə toxunma. Hamı ana kimi keçməz. Ana kimi keçməyi bacarmaz!

- Düz deyirsən, ana, düz deyirsən... Təki sən incimə məndən, ana, təki sən, başqa incikliklərə dözərəm, hamısına dözərəm, ana!

- Gecdir... Dur, get. Uşaqlar nigaran qalar. Üzünü görmədiyim gəlinimə hörmət elə. Heç olmasa, o səni başa düşürmü, bala?

- Düşür, ana, o, başa düşür...

- Sağ olsun!..Sən də onun hörmətini saxla, heç qəlbinə toxunma...Di get. Özündən muğayat ol, oğul!.. İndi ki, təmizlik, düzlük, halalca yaşamaq yolunu tutmusan, başın çox ağrıyacaq... Özündən muğayat ol, Canı sən, Canı gəlinim. Sizi bir-birüzə tapşırıram, bala!

- Sağ ol, ana!..

- Bacın gələr, mən onu başa salaram... Ancaq, bilirəm, başa düşməyəcək... Sizə də gəlməyəcək. Sən özün get dalınca onun, gəlinimi də götür, get, qadın qadını yaxşı başa düşər. Söz verirsən?

- Nə deyim, ana?!

- Yox, get, get, mənim qürulu balam!

- Qoy bir az keçsin də, ana!..

- Nə olar, demirəm ki, bu saat get... Yaxşı, dur get evə, gəlinim, nəvələrim, bacın əmanəti, sizi Allaha tapşırıram!

- Sağ ol, ana!

O, ayağa durdu. Qəbiristanlıqda heç kəs yox idi. Anasının başdaşını ehmallıca sığalladı. Uşaqlıqda anası onun başını beləcə sığallardı. 

Doluxsundu, kövrəldi, yavaş-yavaş yoluna düzəldi...

                                                                                              ****

İki həftə keçməmiş o, arvadını və uşaqlarını götürüb bacısıgilə getdi. Zəngin düyməsini basdı. Bacısının doğmaca səsini eşitdi:

- Kimdir?

Cavab verdi:

- Bizik.

Qapı açıldı:

- Gəlin, gəlin, nə yaxşı.

Arvadlar qucaqlaşdılar. Bacısı uşaqları bir-bir öpdü. Lap axırda gəlib onunla görüşdü:

- Xoş gəlmisiz.

Bacısı qızları da gəldilər. Hamıyla görüşdülər. Sonra heç bir şey olmamış kimi keçib stol arxasında oturdular. Süfrə salındı. Bacısı çay hazlırlamağa getdi. Arvadı, qızlar, özü söhbətə, bir-birinin kefini soruşmağa başladılar. Yavaş-yavaş, hiss olunmadan hər şey öz əvvəlki axarına düşməyə başladı. Süfrəyə çay gəldi. Çay içə-içə onun baxışları bacısının baxışları ilə toqquşdu, inciklikdən əlamət görməyəndə kövrəldi, anasını xatırladı: " Sağ ol, ana!..Sağ ol!.. Ruhun da kömək edir bizə münasibətlərimizi qorumaqda, artıq-əskik gileylərdən özümüzü qorumaqda... Sağ ol!.."


                                                                                                                                                                                                                                 1976