Minarə (Sənədli hekayələr və öçerklər)
- Ana Səhifə
- Minarə (Sənədli hekayələr və öçerklər)
Minarə (Sənədli hekayələr və öçerklər)
Sənin haqqında hamıya, hər kəsə danışacağam, sən razı olsan da, olmasan da danışacağam. Təvazökarlıq yaxşı şeydir. Ancaq bu, səndə çox vaxt həddini aşır, öz barəndə danışanda çətinlik çəkir, xəsislik edirsən. Lakin sən deməsən də, mən sənin haqqında çox şey bilirəm, çox şey öyrənmişəm. Məni danışmağa məcbur edən də bunlardır...
Axşamdır, sərin bir yay axşamı! Göydə də, yerdə də qızıl fənərlər
yanır. Onlar bir-birlərinə göz qırpır, bir-birləri ilə danışırlar. Gəmilərdə,
estakadada yanan işıqların qızılı etlləri sularda əks edir, titrəşir, gözləri
oxşayan füsunkar mənzərə yaradır.
Sən estakadada dəmir məhəccərə
söykənib bu mənzərəni seyr edirsən. Xəfif, narın meh əsir, sən bunu ancaq
sifətində duyursan. Meh sənin üzünü oxşadıqca, ürəyində xoş bir sərinlik çökür.
Sən bundan xoşhal olub şirin xəyallara dalırsan.
Düşüncələr səni qoynuna alıb xatirələr aləminə aparır. Neft
daşlarına, şıltaq Xəzərin şıltaq dağlaları qoynuna ilk gəlişini gözlərin önündə
canlanır.
Söz, necə deyərlər, vaxtına çəkər, onda da axşamdı. İndiki kimi bir
axşam... Sizi Neft daşlarına aparan sərnişin gəmisi «Andoqa» şəhərdən bir az
gec çıxmışdı. O hələ «Daşlara» çatmamış qaranlıq düşmüşdü.
Sən onda gəminin göyərtəsində dayanıb dənizə, uşaqlıqdan dəlicəsinə
sevdiyin, vurğunu olduğun dənizə tamaşa edirdin. «Neft daşları» görünəndə sənin
gözlərin qarşısında qəribə mənzərə açılmışdı: sular üstündə meşə, seyrək bir
meşə. Buruqlar üzərində, estakadada, ikimərtəbəli evlərdə ulduzlar alışıb
yanır...
...Az çəkmir gəmi estakadaya yan alır. Səni görənlər arasında dodaq
büzənlər də olur:
– Balam, bu balaca, arıq-marıq, cansız qızı bura niyə göndəriblər,
görəsən?!
– Necə niyə? İşləməyə.
– Yəqin institutut qurtaranlardandı.
– Olsun da. Axı bu yazıq dəlisov dalğalar arasında necə işləyəcək?
Bakıda bir iş-zad tapa bilmədilər bununçun?!
Bu sözləri sənin üçün deyirlər. «Neft daşları»na işləməyə gələn ilk
azərbaycanlı geoloq qız, sənin üçün. Bu sözləri sənin də qulaqların alır. Ancaq
özünü o yerə qoymursan, mənalı, nüfuzedici ala gözlərini bu adamların üzündə
gəzdirirsən. Dodaqlarında xəfif bir təbəssüm əmələ gəlir. Bununla, yəqin demək
istəyirsən ki, hələ bir az səbr edin, hövsələli olun, əvvəlcədən qorxuya
düşməyin nə mənası?!
Ertəsi gün müdirin otağında gözləmədiyin sözlər eşidirsən:
– Səni operator təyin edirik. Hələlik geoloq üçün boş yerimiz yoxdur,
bir az işlə, şəraitə alış, sonra baxarıq.
Cavab verirsən:
– Baxın da. Nə deyirəm ki...
Özünü o yerə qoymasan da hiss olunur ki, əsəbiləşmisən. Müdirin
inamsızlığımı səni təbii halından çıxarmışdır, ya nə?
Ürəyində fikirləşirsən ki, müdirin səni geoloq qoymaması heç də yerin
boş olmaması ilə deyil, sənin təcrübəsizliyin ilə əlaqədardır. Bəli, ancaq
təcrübəsizliyin ilə. O, skamya arxasından yenicə durmuş qızı birdən-birə geoloq
qoymağa cürət eləmir. Əvvəlcə səni operatorluqda sınamaq istəyir.
Sən belə düşünürsən. Bu, bəlkə də belədir. Bəlkə elə doğrudan da
geoloq üçün boş yer yoxdur. Mən bilmirəm.
Onu bilirəm ki, sənin üçün vəzifənin böyüyü, kiçiyi yoxdur. Sən, harda olur-olsun öz zəhmətin, səyin və istedadınla fərqlənəcəksən. Sən çətinliklərə sinə gərməyə alışmısan! Məgər indiyə kimi keçdiyin qısa həyat yolu bunu deyirmi?!
***
Səkkizinci sinifdə oxuyurdun. Ailənizə böyük bir kədər üz verdi.
Evinizin sütunu, yeganə çörpək qazananı, sənin sevimli atan vəfat etdi. Evin
böyük qızı idin. Səndən başqa iki kiçik bacın, bir qardaşın vardı. Ailəni
saxlamaq üçün təhsili buraxmaq və işləmək fikrinə düşmüşdün. Atanın yeddisindən
sonra ananla bu barədə uzun-uzadı söhbətin oldu. O, israr edirdi ki, səni
təhsilini buraxmağa qoymayacaq, özü işləyəcək, çalışacaq, vuruşacaq, ancaq sizi
oxudacaqdır.
– Onda, anacan, icazə ver, mən həm oxuyum, həm işləyim... Axı bizi
saxlamaq tək sənin üçün ağır olar. Ağır olar, ana! Mən daha böyük qızam, gərək
sənə kömək edəm.
Sənin inadını görən anan qəlbini sındırmaq istəməyib dedi:
– Di yaxşı, Minirə, qızım, hələlik sən dərsə get, sonra ana-bala
oturub bir yaxşı-yaxşı fikirləşərik. Mən sənin ağıllı qız olduğunu bilirəm.
O, bu sözləri deyib səni qolları arasına aldı. Sən də başını
bərk-bərk onun köksünə sıxdın. Ana ürəyinin qüvvətlə çırpındığını aydınca
eşitdin... Sən səssizcə ağlayırdın. Anan da. İkiniz də ağlayırdınız. Lakin heç
biriniz bunu büruzə vermək istəmirdi.
Səhər məktəbə getdin. Rəngində bir sarılıq vardı. Bu neçə gündə necə
də arıqlamışdın! Sifətin sınıxmış, sanki balacalaşmışdı. Sən kədərli və
düşüncəli idin. Addımlarında bir cəsarətsizlik hiss olunurdu. Başını aşağı
dikib asta-asta gedirdin. Bəli, artıq atasızdın. Atasız!.. Atasız yaşayacaq,
atasız oxuyacaqdın. Atasız!.. Bunun nə olduğunu mən yaxşı bilirəm. Ancaq səni
düşündürən, kədərləndirən heç də bu deyildi. Sən hansı şəraitdə olursa-olsun,
təhsilini davam etdirəcəkdin. Səni kədərləndirən başqa şeydi. Axı sən mərhum
atanı çox istərdin. Onu bir gün görməyəndə darıxar, onsuz bir yerdə qərar tuta
bilməzdin. O, həyatda sənin üçün hər şey idi. Ona elə alışmışdın ki!
Bəs indi? İndi sən onu bir daha görməyəcək, onun şirin sözlərini
eşitməyəcək, isti nəfəsini duymayacaqdın. Nədənsə əvvəllər sənə elə gəlmişdi
ki, atan həmişə yanında olacaq, heç bir vaxt səni qoyub getməyəcəkdir. Ancaq
ölüm!.. Başımızın üstünü gözlənilmədən alan ölüm!.. İstədiyi vaxt, istədiyi
qapını döyən ölüm!.. O nə qədər qüvvətli, amansızdır!.. Nə üçün həyatda çox
şeyin öhdəsindən gələn, çox şeyi bacaran insan ölümün qarşısında acizdir? Nə
üçün?!
Sən yol gedə-gedə belə fikirləşir, yaşına uyğun olmayan bu cür
suallardan dönə-dönə özünə verirdin. Birdən qəlbində doğan yeni bir hiss elə
bil sənin qüssəni, kədərini alt-üst elədi: artıq olan olmuş, keçən keçmiş, yay
gərilmiş, ox atılmışmışdır! Sızıldamaqdan nə çıxar? İnləməyin nə faydası var?
Özünü ələ almaq lazımdır. Axı sən evin böyük qızısan. Böyük qız kimi də özünü
aparmalısan. Kiçik bacılarına, qardaşına sən təsəlli verməlisən, qayğıkeş, bala
fədakarı ananın fikrini dağıtmalısan. Həyat yollarında ona arxa olmalısan.
Atanı əvəz edəcək, əvəzsiz bir arxa.
Bu düşüncə ilə də sən məktəbə gəldin. Yerində oturanda yoldaşların
başına yığıldı. Kövrəldin. Ağlamamaq üçün göstərdiyin səylər hədərə
getdi... Rəfiqələrin səni dilə tutdular.
Haçandan-haçana gözlərinin yaşı dayandı. Sinif rəhbəriniz içəri girəndə ayağa
qalxdınız. O, uşaqlara «oturun!» deyən kimi yanına gəldi. Əlini ərklə
saçlarında gəzdirdi. Bəli, o sənin xətrini çox istəyirdi. Ancaq heç vaxt bunu
büruzə verməzdi. O günsə sənin həyatının ən ağır dəqiqələrində hisslərini
cilovlamaq istəmədi...
Tənəffüsdə ananla olan bütün söhbətlərini ona – ideal müəllim və
ideal qadın hesab elədiyin, sənin üçün xətri əziz şəxsə söylədin. O da təhsili
buraxmağına etiraz elədi... Və səni direktorun yanına apardı...
Bir neçə gündən sonra səni və səndən kiçik bacını internata
götürdülər. İki il internatda oldun. 1950-ci ildə orta məktəbi müvəffəqiyyətlə
bitirdin. Sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə
daxil oldun. Geoloq olmaq sənin çoxdankı arzun idi. İndi bu yolda sən ilk
pillələrə qədəm qoyurdun... İnstitututda oxuyarkən azmı çətinliklərlə
üzləşmisən?! Üçüncü kursda olanda «İliç buxtası»nda neftçıxarma operatoru
vəzifəsində işə girdin. Bu zaman sənin iyirmi yaşın vardı. Ailəni saxlamaq üçün
anana kömək etməyi artıq qəti fikirləşmişdin. İstehsalatda işləməklə institutda
oxumaq asan bir iş deyildir. Lakin sən bunun öhdəsindən gəlirdin. Doğrudur, çox
yoruldun. Evə qayıdarkən bəzən elə olurdu ki, tramvayda, trolleybusba başını
soyuq pəncərəyə söykəyib şirin-şirin yuxulayırdın. Konduktorlar sənin harada
düşəcəyini yaxşı bilirdilər. Səni şirin yuxudan otyamağa onların ürəkləri
gəlməsə də özgə əlacları yox idi. Sən çiynində mehriban, tanış əlin təmasını
hiss edən kimi diksinib gözlərini geniş açır, səni yuxudan eləyən adama
utancaqlıqla təşəkkür edib, tez düşürdün...
Bu cür, buna oxşam və başqa çətinliklər çox olmuşdur. İndi bunları
bir-bir yada salıb saymaq lazımdırmı? Çətinliklər səni cismən sıxsa da, mənən
böyüdür, qüvvətləndirirdi. Bir də mədəndə işləmək səni neft istehsalatının
xüsusiyyətləri ilə yaxından tanış edir, sənin gözünü açırdı. Bu isə sənə,
gələcək geoloqa hava və su kimi lazımdı.
Ağır təhsil illəri başa çatdı və 1955-ci ildə, gözəl bir bahar günündə «Neft daşları»na gəlib çıxdın.
***
«Daşlarda» sadə, çit paltar geyirdin. Saçlarını həmişə qoşa hörür və
orta məktəbdəki kimi qırmızı lentlə bağlayırdın. Sən bu lentləri bağlamayanda
neftçiləri, iş yoldaşlarını təəccüb götürərdi. Axı onlar sənə alışdıqları kimi,
sənin lentlərinə də alışmışdılar.
Sən yarım il operator işlədin. Həmişə quyular arasında olurdun. Bir
quyunu tədqiq edib o, birisini yanına qaçırdın. Quyuların nəbzi elə bil sənin
əlində vururdu.
Birinci mədənin neftçıxarma ustası Azər, quyuları tədqiqat ustası Ənvər
həmişə sənin bacarığından danışardılar. Bu müdiriyyətin də gözündən qaçmadı. O
gün gəldi ki, səni mədənə geoloq qoydular...
Birinci mədənin baş geoloqu Xoşbəxt Yusifzadə ağıllı, təvazökar, işini
yaxşı bilən bir adamdı. İndi sən belə bir adamla çalışacaq, böyük bir mədənin
geoloji işlərinə rəhbərlik edəcəkdin...
Sən geoloji şöbədə üç həftə idi ki, işə başlamışdın... Ayın axırına az
qalırdı, birinci briqadanın planı doldura bilməyəcəyi ehtimalı vardı.
Estakadadan xeyli uzaqda olan bir quyu pis işləyir, dedikcə az neft verirdi.
Son günlərdə isə tez-tez dayanmağa başlamışdı. Bu, Azəri elə bil cin atına
mindirmişdi. Havalar çox pis keçir, tez-tez güclü küləklər olurdu. Dənizə
çıxmaq qorxulu idi. Azəri fikir götürmüşdü: «Bu küləklər də əsməyə vaxt tapdı!
Elə bil qəsdən ayın axırını gözləyirlər. İndi oğulsan gəl işin içindən çıx
görək»
Azər bir qədər fikirləşəndən sonra Ənvərlə danışmaq, onun belə havada
dənizə çıxıb-çıxmayacağını öyrənmək qərarına gəldi.
Ənvər o gün mədənə çıxmamışdı, xəritə düzəltməkdə sizə kömək edirdi.
Onunla danışmaq üçün Azər sizin otağa gəlməli oldu. Salam-kalamdan sonra quyu
barədə vəziyyəti danışıb Ənvərdən soruşdu:
– İndi mənimlə dənizə çıxırsan?!
Ənvər də:
– Mən hazır, - dedi.
– Onda gedək, dəmiri isti-isti döyərlər.
Sən də söhbətə qarışdın:
– Mən də gedirəm, - dedin. – O quyuya bələdəm, onun «sirləri» mənə
tanışdır.
Azər qeydinə qaldı:
– Yox, bu havala səninçin ağır olar.
Ənvər dostunun sözünə qüvvət verdi:
– Əlbəttə, çox ağır olar. Mən də razı deyiləm gedəsiniz. Dözə bilmədin:
– Niyə sizinçin ağır olmur, mənimçin olur, hə?! Gedəcəyəm!
Sənə elə gəlirdi ki, onlar səni ancaq qız olduğun üçün aparmaq
istəmirlər. Bu səni daha çox əsəbiləşdirirdi, mənliyinə toxunurdu. Sən
qətiyyətlə səfərə hazırlaşdın...
Dispetçer deyirdi ki, indi heç kəsi dənizə çıxmağa məcbur edə bilməz,
əgər işdir, könüllü getmək istəyən olsa, bu başqa söz.
Könüllü tapıldı. Bu, «Pamir» barkazının kapitanı Pançenko idi. Sən,
«daha kimi gözləyirik, yolçu yolda gərək» deyib bir göz qırpımında hamıdan
əvvəl barkaza tullandın.
Xəzəri tanımaq olmurdu. Əvvəlki mavi düzənliyin yerində indi
dərə-təpələr mələ gəlmişdi. Köpüklənən dalğalar barkazı atıb-tuturdu. O gah
dərəyə enir, gah təpəyə qalxırdı... Başın gicəllənsə də, büruzə vermir,
dişlərini bir-birinə sıxıb, işin axırını gözləyirdin...
Dalğalarla uzun çarpışmadan sonra siz gəlib istənilən buruğun
meydançasına çıxdınız. Meydança yüyənini qırmış dalğaların səpələdiyi köpüklü
suların altında qalmışdı. Siz quyunun tədqiqinə başladınız. Aydın oldu ki, quyu
əvvəllər qoyulmuş on millimetrlik ştutserlə daha işləyə bilməz, siz onu altı
millimetrlik ştutserlə əvəz etdiniz. Quyunun başqa nöqsanlarını da öyrənib
aradan qaldırdınız.
Siz geri qayıtmaq üçün hazırlaşdınız. Sən barkazın göyərtəsinə atılanda
ayağın bərk burxuldu, lakin heç kəsə bir söz demədin. Ayağının ağrısı getdikcə
şiddətlənirdi. Barkaz estakadaya yaxınlaşanda sən canını dişinə tutub bayıra
tullandın. İkicə addım atmamışdın ki, ağrının gücündən başın fırlandı:
– Ah!..
Azər həyəcanla ancaq:
– Nə oldu?! – soruşa bildi...
Gözünü açanda özünü xəstəxanada gördün...
Yeddi gün xəstəxanada qaldın. İş yoldaşların gəlib səni yoluxur, kefini
soruşurdular. Bilsən, bu səni necə də sevindirdi! Özünü artıq tək hesab
eləmirdin. Anan, qardaşın, bacıların səndən uzaqda idilər. Lakin bu adamlar
sənə onları əvəz edirdi. Səni darıxmağa qoymurdular. Bir dəfə Azərlə Ənvər
yanına gələndə onlara dedin:
– Ürəyinizdə mənə gülmürsünüz ki?
Onların ikisi də birdən dilləndi:
– Niyə?!
– Axı siz məni özünüzlə aparmaq istəmirdiniz... İnadcıl qızın da başına
görün nə gəldi?!
Azər dedi:
– Bu, sadəcə təsadüfdür. Bunun üçün ürəyini sıxmağa dəyməz. Adamın ayağı
görürsən ki, düz yerdə də burxulur, sınır.
Ənvər təsdiq elədi:
– Əlbəttə, adam heç bilmir ki, bir saatdan sonra başına nə gələcək...
Xəstəxanadan çıxanda yoldaşların səni qarşılamağa gəlmişdi. Sənin gözlərində yaş görmək çox nadir bir haldır. Lakin sən burada özünü saxlaya bilmədin. Gözlərin yaşardı.
***
Dənizdən çıxan günəşə tamaşa etmək səndə bir adət olmuşdu. Ancaq o gün
nədənsə gecikmişdin. Günəş artıq dənizdən bir qədər aralanmış, yuxarı
qalxmışdı. Onun qızılı saçları çoxdan mavi sularda çimirdi.
Xoşbəxt məzuniyyətə çıxmışdı. Onun toyu olacaqdı. Bu toyda sən də
iştirak etmək istəyirdin. Ancaq bu mümkün deyildi. Mədəni geoloqsuz qoymaq
olmazdı. Axı indi Xoşbəxti sən əvəz edirdin. Mədənin geoloji işlərinin ipi indi
sənin əlində idi. Bir balaca ehtiyatsızlıq böyük fəlakətə səbəb ola bilərdi.
Yolda Azərlə rastlaşdın. Şirin söhbət edə-edə idarəyə gəlirdiniz. Bu
vaxt yanınızda bir maşın durdu. Azəri briqada üzvlərindən biri səslədi. Azər
cəld ona sarı gedib xəbər aldı.
– Vəziyyət necədir?
Cavab qısa və həyəcanlı oldu:
– Yenə su verir...
Həyəcanlanmış Azər sənə baxdı. Bu baxışların mənası aydındı. Sən də bir
söz demədən maşına mindin.
Bir azdan quyunun yanında idiniz. Haradansa Ənvər və mədənin baş mühəndisi də gəlib çıxdılar. Ətraflı müəyinədən sonra belə qərara gəldiniz ki, lay atılmalıdır. Bunun üçün lazım olan əməliyyat icra olundu. Bu iki gün çəkdi. Yalnız bundan sonra sən layın atılmasına icazə verdin... İş qurtaranda sən sinə dolusu nəfəs aldın. Quyunun neft verəcəyi yəqindi... Bunu sənin sifətindən, gözlərindən də oxumaq olardı, çünki gördüyün hər bir yaxşı iş, qazandığın müvəffəqiyyət sənin qəlbinin tellərini ehtizaza gətirməyə bilmirdi. Qəlbinin ifadəsi isə sənin gözlərindən, mənalı nüfuzedici ala gözlərin!
***
Yaxında dayanan barkazın zil fiti səni düşüncələrdən ayırır...
Göydə də, yerdə də qızıl fənərlər yanır. Onlar bir-birinə göz qırpır,
bir-birilə danışırlar. Gəmilərdə, estakadada yanan iışqların qızılı telləri
sularda əks edir, titrəşir, gözləri oxşayan füsunkar mənzərə yaradır.
Sən estakadada dəmir məhəccərə söykənib bu mənzərəni seyr edirsən.
Xəfif, narın meh əsir, sən bunu ancaq sifətində duyursan. Meh sənin üzünü
oxşadıqca ürəyinə bir sərinlik çökür...
Mart, 1957