Dəzgahlar arasında (Sənədli hekayələr və öçerklər)

  • Ana Səhifə
  • Dəzgahlar arasında (Sənədli hekayələr və öçerklər)

Dəzgahlar arasında (Sənədli hekayələr və öçerklər)

Image

Qarabuğdayı qız avtobusun pəncərəsindən boylanıb nəzarət qapısının üstündəki sarı rəngli enli, uzun taxta lövhənin üzərindəki ağ rənglə yazılmış iri hərfləri oxudu: «MLP Tekstilnıy kombinat im. V.İ.Lenina». Oxuyan kimi də yanında oturmuş rəfiqəsini dümsüklədi:

– Çatdıq, dursana...

Qızlar səs-küylə avtobusdan yerə tökülüşdülər. Onları uşaq evindən ekuskursiyaya gətirən tərbiyəçi tez nəzarət qapısından girdi. Qızlar hündür, daş hasarın yanına düzüldülər. Nəzarət qapısının sağında da, solunda da daş hasara lövhə vurulmuşdu. Sağdakı lövhədə Azərbaycan dilində həkk olunmuşdu: «Azərb. SSR YSN V.İ. Lenin adına toxuculuq kombinatı». Soldakı lövhədə də rus dilində eyni məzmunda yazı vardı. Qarabuğdayı qız bu yazıları da oxudu. Adətiydi: küçələrdə asılan şüarları, mağaza və müəssisələrin adlarını bildirən yazıları oxumamış getməzdi. Bunu rəfiqələri yaxşı bilirdilər. Onlardan biri dedi:

– Çimnaz yenə oxuyur.

O birisi əlavə etdi:

– Oxumasa rahat olar?!

Tərbiyəçi qayıtdı. Çimnaz əlini sağdakı lövhədə üç iri hərfin üzərinə qoyub xəbər aldı:

– Müəllim, bura baxın, bir, bu YSN nə deməkdir?

Çimnazın xasiyyətinə bələd olan tərbiyəçi dərhal cavab verdi.

– Yüngül Sənaye Nazirliyi.

– Bəs bu? – Çimnaz sol lövhədəki üç iri hərfi göstərdi.

– Ministerstvo Leqkoy Promışlennosti. – Sonra tərbiyəçi  üzünü qızlara tutdu. – Qızlar, gedəyin!

Onlar içəri keçdilər. Əvvəlcə əyirici fabrikində oldular. Sonra toxuculuq fabrikinə yönəldilər. Burada onları toxucu sexinin rəisi Fətəli Kazımov qarşıladı. Bu q ı rx-qırx iki yaşlarında, ortaboylu, enlikürək, gülərüz adamdı. Göy sətindən pencək geymişdi. Pencəyinin sol döş cibində üç karandaş görünürdü. Sağ döş cibində isə kiçik dəftərçəsinin ucu nəzərə çarpırdı. Usta Fətəli (fabrikdə böyüklü-kiçikli hamı ona belə müraciət edir) uşaqların qabağına düşüb onları sexdə gəzdirməyə, ayrı-ayrı toxucular haqqında məlumat verməyə başladı. Müvəqqəti dayandırılmış bir dəzgahın yanına çatdıqda ayaq saxlayıb parçanın necə toxunduğunu izah etməyə çalışırdı:

– Qızlar, gördüyünüz kimi parça iki sapdan toxunur: əriş, arğac. Əriş çox möhkəm sapdır. Arğac ərişə nisbətən davamsız sapdır. Bu saplar əyirici fabrikində hazırlanıb bizə göndərilir...

Göy satin xalat geymiş orta yaşlarında bir qadın Fətəliyə yaxınlaşdı. Ondan astaca nəsə soruşub getdi.

Usta Fətəli bu qadın haqqında da uşaqlara danışmağı lazım bildi:

– Seximizin növbə ustası Dostuxanım Həsənovadır. Ana doğma balasına necə qayğı bəslərsə, Dostuxanım da cavan toxuculara eləcə qayğı göstərir...

Qızlar sexdən çıxarkən qapı ağzında Dostuxanımla qabaqlaşdılar. Dostuxanım soruşdu:

– Hə, qızlar, bizim sənət xoşunuza gəldi?

– Əlbəttə.

– Pis deyil

– Sənətdir də. _ qızlar yerbəyerdən cavab verdilər.

– Sənsə, qızım, deyəsən, bizim işi daha çox xoşlayırsan, eləmi? – Dostuxanım uşaqlardan bir az aralı, qapıya yaxın dəzgahların yanında durub onları idarə edən toxucunun çevik hərəkətlərinə tamaşa etməkdə olan Çimnaza müraciət etdi.

Çimnaz azacıq duruxdu, sonra isə çox yavaşdan:

– Bəli, usta, xoşuma gəlir, - deyə bildi və yoldaşlarının uzaqlaşdığını görüb Dostuxanımla xüdahafizləşdi, qaçaraq özünü onlara yetirdi.

Dostuxanım Çimnazın arxasınca çox baxdı. «Nə şirin, qarabuğdayı qızdır, ilk dəfə işə girəndə mən də bu yaşda idim... bu yaşda!..»

Düşündü, gənclik illərini xatırladı, kövrəldi Dostuxanım...(ardı var)