Ana-alim (Sənədli hekayələr və öçerklər)
- Ana Səhifə
- Ana-alim (Sənədli hekayələr və öçerklər)
Ana-alim (Sənədli hekayələr və öçerklər)
Otuz beş-otuz altı yaşlarında qarabuğdayı qadın teleqrafçının stoluna
yaxınlaşar-yaxınlaşmaz ortaboylu cavan bir kişi zarafatla ona dedi:
– Kamilə xanım, evdən çıxdığınız dördcə gün deyil, ikinci teleqramdır
yola salırsız. Xoş halına, xoşbəxtdir.
– Əlbəttə, xoşbəxtdir, - Kamilə zarafatı cavabsız qoymaq istəmədi. –
Ancaq, Ağadadaş, indi teleqramı sənin düşündüyün kimi ərimə yox, böyük oğluma
göndərirəm. Onu bu gün səkkiz yaşı tamam olur.
Məşhur buruq ustası Ağadadaş Kərbəlayı oğlu tələsik dedi:
– Onda sizi təbrik eləyirəm, Kamilə xanım! Arzu eləyirəm böyüyüb kamallı
oğlan olsun.
– Çox sağ ol, Ağadadaş, sənin qızların üçün də bunu arzu edirəm...
Kamilə teleqrafçının stolundan aralanırkən bir qadın ona yanaşdı:
– Bağışlayın, Qədimova Kamilə sizsinizmi? – soruşdu.
Kamilənin təəccüblü baxışları onun üzündə gəzdi:
– Bəli, mənəm, - dedi.
Qadın özünü təqdim etdi:
– «Sovetskaya jenşina» jurnalının əməkdaşıyam. Sizin bir neçə dəqiqə
vaxtınızı almaq istərdim.
Kamilə məmnuniyyətlə:
– Buyurun, - dedi və Ağadadaşdan üzr istəyib jurnalistlə bir tərəfə
çəkildi.
Jurnalist Kamiləyə onun həyatı, işi barədə vermiş olduğu bir neçə suala
müfəssəl cavab aldıqdan sonra xahiş etdi:
– Əgər mümkünsə, indi də labarotiyanızda nə üzərində çalışdığınızı
deyin.
Kamilə müsahibinin dərinə getdiyini görüb dedi:
– Dərinlik nasosu ilə istismar üsulunun kompleks məsələlərinin həlli
üzərində çalışırıq. Bunlardan ən mühümü nasosların daha dərin quyularda
işlədilməsini təmin etməklə bərabər qazın dərinlik nasosuna zərərli təsiri və
qum tıxacı ilə mübarizə üçün yeni üsullar axtarıb tapmaqdan ibarətdir.
Kamilə dediklərini jurnalistin yazdığını gördükdə özünün danışıq
sürətini bir az da azaltdı:
– İlk nəticələrə nail olmuşuq. Dərinlik nasosu ilə ilşləyən quyulara
yeni qaz lövbəri buraxılması faydasız olmayıb. İndiyə kimi laboratoriyada bir
neçə müxtəlif quruluşlu qaz lövbəri sınaqdan keçirilib. Dörd gövdəli qaz
lövbərinin quruluşu dəyişdirildikdən sonra onun nefti qazdan ayırmağa daha
əlverişli olduğu aydın olub.
– Hazırda necə, dörd gövdəli qaz lövbərindən istifadə olunurmu?
– BƏli, respublikamızın, həmçinin, ölkəmizin bir çox neft rayonlarında
səkkiz yüzdən yuxarı bu cür qaz lövbərindən istifadə edilir...
Jurnalın əməkdaşı Kamilənin cavablarını sürətlə cib dəftərçəsinə
yazırdı, yazıb qurtaran kimi də yeni sual verirdi:
– Dörd gövdəli qaz lövbəri neft hasilatını artırmağa kömək edirmi?
– Çox kömək edir. Bakının neft mədənlərində belə lövbərlər hesabına neft
hasilatı xeyli artıb.
Kamilə susdu. Jurnalın əməkdaşı axırıncı kəlməni yazıb başını qaldırdı.
Kamilə onun baxışlarından hiss elədi ki, sual ətrafında yenə danışmasını
istəyir. Odur ki, sual gözləmədən dedi.
– Onu da nəzərinizə çatdırım ki, həmin lövbərlər mədənlərdə tətbiq
olunarkən yeni təkliflər də ortaya atanlar olur: məsələn, elə götürək usta
Nurbala Quliyevin təklifini. Əvvəllərdə qaz lövbərini təmir etmək üçün quyudan
çıxaranda boruları da qaldırmaq lazım gəlirdi. Qurbalaya görə isə qaz lövbəri
ilə nasos birləşdiriləndə daha boruları qaldırmağa ehtiyac qalmırdı. Mən
ustanın təklifini qəbul edib yeni quruluşlu qaz lövbəri hazırlanmasında ona
köməyimi əsirgəmədim. Beləcə, birinci dəfə olaraq onun işlədiyi mədənlərdə
qondarma nasosa birləşdirilən lövbər hazırlayıb quyulara buraxıldı, yaxşı da
nəticə verdi. İndi həmin mədənlərdə belə lövbərlərlə qırx quyu işləyir.
– Qondarma lövbərin adi lövbərlərdən üstünlüyü nədən ibarətdir?
– Ondan ibarətdir ki, o, qaldırma-endirmə əməliyyatına sərf edilən
vaxtın iki-üç dəfə azalmasına imkan verir...
Tənəffüs qurtarmışdı. Kamilə ilə jurnalst söhbət edə-edə Kremli böyük salonuna keçdilər. Burada ilk dəfə idi ki, səmərələşdiricilərin, ixtiraçıların və istehsalat yenilikçilərinin Ümumittifaq müşavirəsi keçirilirdi.
***
Moskva – Bakı sərnişin qatarı ağır nəfəs alıb dayandı. Sərnişinləri
qarşılamaq üçün gələnlər vaqonlara doğru axışdılar. Onların arasında iki uşaq
nəzəri daha çox cəlb edirdi. Biri səkkiz, biri beş yaşında olardı. İkisinin də
əlində gül dəstəsi vardı. Kiçiyinin əlindəki böyüyünkünə nisbətən bir az
kiçikdi. Düşünmək olardı ki, gül dəstələrinin yaşlarına görə onlar üçün
bağlamışdılar. Uşaqların yanında orta yaşlı bir kişi dayanmışdı; tez-tez ətrafa
göz gəzdirir, arabir adamların arasından irəli cummaq istəyən uşaqların
əllərindən tutub saxlayırdı...
Sərnişinlər düşməyə başlamışdılar...
Beşinci vaqonun pəncərəsi qabağında duran qadının gözləri kimi isə
axtarırdı. Birdən qadın o tərəf-bu tərəfə boylanan uşaqları və onların yanında
durmuş kişini gördükdə bilaixtiyar pəncərənin şüşəsini döyəcləyərək:
– Tələt! Rüfət! – qışqırdı.
Səsinin titrəyişindən onun bu uşaqların anası olduğu duyulurdu. Ayrı cür
ola da bilməzdi. Yalnız ana uşaqlarını bu cür səsləyə bilərdi. Bu səsdə həyəcan
dolu bir sevinc, ayrılıqdan doğan bir intizar, nigarançılıq, körpələrin ən çox
ehtiyac hiss etdikləri nəvaziş, ana qəlbinin incə tellərinin ehtizazını əks
etdirən ahəng vardı.
Ananın səsini uşaqlar atalarından tez eşitdilər. Eyni qışqırıq onlardan
da qopdu:
– Ana!..
– Anacan!..
Uşaqlar da, ata da dərhal vaqonun pillələrini qalxdılar. Uşaqlar qabağa
keçib gül dəstələrini analarına uzatdılar.
Ana gül dəstələrini alıb bir yana qoydu, həsrətlə ürək parçalarını
bağrına basdı, üz-gözlərindən doyunca öpdü, yalnız bundan sonra razılıq və
sevinc ifadə edən nəzərlərini kupenin qapısında dayanmış ərinin gözlərinə
zillədi. Əl verib görüşdülər, hər ikisinin ürəyindən olsa da, uşaqların yanında
öpüşmədilər.
Böyük qardaş Tələt anasının əllərindən tutub soruşdu:
– ana, anacan, mənə konstruktor almısan?
– Bəs necə, oğlum, almışam.
– Bəs mənə? – kiçik qardaş Rüfət də qara gözlərini anasının mehriban üzünə
dikdi.
– Sənə də, oğlum, istədiyin maşını gətirmişəm.
Rüfətin gözləri sevincdən parladı:
– Bəs hanı? Ver də, ver baxım.
– Bax, buradadır, oğlum, - ana çamadanın yanındakı bağlamanı göstərdi. – Bir az hövsələli olun, gedəyin evə, orada baxarsız.
***
Evdə onları ahil bir qadın mehribanlıqla qarşıladı:
– Kamilə!.. Can qızım! Xoş gəlmisən, bala!
– Xoş gün görəsən, ana! Çox sağ ol!
Ana-bala qucaqlaşdılar. Bəli, ana-bala! Bayaq ana olan Kamilə indi bu
ağsaçlı, mehriban qadının – anasının qarşısında bala idi, özünü körpə bir uşaq
kimi hiss edirdi. Ana əllərini Kamilənin boynuna dolamış, Kamilə də başını onun
köksünə söykəmişdi. Bu, körpələrə də təsir etdi. Onlar dərhal qaçıb biri
nənəsini, biri də anasını qucaqladı. Yeznənin, ərin, atanın gözləri qarşısında
canlı bir tablo yarandı... O baxa-baxa özlüyündə bu tabloya ad da qoydu:
«Ana-bala məhəbbəti». Analar bir-birindən ayrıldılar.
Fizzə arvad maraq içində soruşdu:
– Qızım, səfərin necə keçdi?
– Yaxşı keçdi, ana, sizinçün darıxırdım. – Bu sözləri deyə-deyə Kamilə
anasını, uşaqlarını, əri Umudu mehriban nəzərləriylə süzdü.
– Biz də elə səninçün yaman darıxırdıq, bala. Uşaqlar da, Umud da, mən
də.
Anasının bu sözlərindən məmnun olan Kamilə nüfuzedici qara gözlərini
böyük oğlunun üzünə zillyəib soruşdu:
– Yaxşı, oğlum, bir de görüm məndən sonra nə qiymət almısan?
Tələt sinəsini qabağa verdi:
– Üç dənə «5».
Kamilə lini onun başına çəkdi.
– Afərin oğlum, mən elə bilirdim ki, sən «5» alacaqsan.
Sonra o, üzünü anasına tutub soruşdu:
– Yaxşı, ana, bir de görüm, mənqdən sonra bunlar səni incitməyiblər ki?
Fizzə arvad:
– Yox, qızım, ağıllı baladırlar, heç sözümdən çıxmayıblar, - deyərək
nəvələrinin alnından öpdü.
Kamilə də:
– Elə isə qoy mən də onların hədiyyələrini verim, - dedi, bağlamanı açdı, hədiyyələri çıxartdı. Konstruktoru Tələtə, maşını Rüfətə verdi. Onlar hədiyyələrini alanda analarına «sağ ol» dedilər.
***
Kamilə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsini 1942-ci
ildə əla qiymətlə qurtaranda aspiranturaya girmək ürəyindən keçsə də, o, bunu
edə bilmədi. Ehtiyac əl-qolunu bağlayırdı. Cəbhə də neft tələb edirdi. Mədəndə
işə girdi. Neftçıxarma ustası oldu...
Ölkə dinc quruculuq işlərinə qədəm qoyanda Kamilə rahat nəfəs aldı, elmlə məşğul olmağın vaxtı çatdığını hiss etdi. O, Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunun aspiranturasına daxil oldu. «Qazın və qumun dərinlik nasosuna zərərli təsirini tədqiqat metodları» mövzusunda dissertasiya üzərində işlədi; texniki elmlər namizədi alimlik dərəcəsi adını aldı. İndi bir neçə ildir ki, Kamilə həmin institutun laboratoriyasında baş elmi işçi dzpbazcbylz xfksish.
***
Nəhəng bir qurğu aramla işləyir. Onun yanında dayanmış Kamilə işin
gedişinə nəzər yetirir. Hərdəndir əlindəki qeyd dəftərçəsinə nə isə yazır...
Neft sahəsinə azacıq bələd olan bir adam diqqətlə işin gedişinə nəzər
salsa, qurğuda neft quyularında aparılan əməliyyatın icra olunduğunu görər.
Laboratoriyanın əməkdaşları bir qurğu vasitəsilə qaz lövbərlərinin qumla
tutulmalarına qarşı mübarizə metodları üzərində çalışırlar. Kamilənin gəldiyi nəticəyə
görə dörd gövdəli qaz lövbərinin sorucu deşiklərinin qarşısında metal konuslar
qoyulur ki, bunun sayəsində mayenin sürəti artır, qum neftlə bərabər bayıra
çıxır.
Bakıda artıq bu cür yeni quruluşlu qaz lövbəri hazırlanıb istehsalata
verilmişdir. Bunlar hazırda Buzovnaneftin neft mədənlərində və başqa yerlərdə
yoxlamadan keçirilir.
Kamilə bunun istənilən nəticəni verəcəyinə əmindir.
1956