Zirvələr sırasında - Mənsur şeir
- Ana Səhifə
- Zirvələr sırasında - Mənsur şeir
Zirvələr sırasında - Mənsur şeir
Qələm əlində fikrə gedərdi o.
Fikirsiz-düşüncəsiz qələm gərəkdi ki?!
Ağıllı, düşüncəli, kədərli gözləri keçmişəmi qayıdardı?! Gələcəyəmi qanadlanardı?!
***
Dördüncü ilinə yenicə qədəm qoyurdu ki, yetimliyin pəncəsinə keçdi o.
yaman keçdi.
Yetimliyin üzü qaradır demişlər, üzü qara. Çırpırdı onu dağlardan
dağlara.
Baba evi. Ağır idi güzəranı babanın da. Ehtiyacla əlbəyaxa vuruşdaydı
fağır baba. Bir günsə o, nəvəsiylə yola çıxdı, arabaçıya yaxın getdi, yalvarıb
yaxardı baba!
– Kazana gedən yolun uğurlu, ürəyin mərhəmətli olsun, ay arabaçı!
Tanrıya xoş gələr, bu körpənin də özünlə götürərsən, ana Kazana yetirəsən, uşaq
istəyən olsa verəsən, - dedi.
Arabaçı razılaşdı, arabası yola düşdü.
Dizləri titrədi, bədəni əsdi, ürəyi ağrıdı babanın...
Kazanda Novo-tatarski qəsəbəsi. Məhəmmədəlinin evi. Ömrünün iki ili də
burada qalır körpənin. Sonra qəyyumlar xəstələnir, baxımsız uşaq yenə babası
evinə gətirilir.
Kırlaylı Saqdi oğulsuzdu, oğulluğa götürür uşağı. Doqquz yaşınacan.
Saqdinin güləşlə örtülü daxması doğmaca, isticə sehrli yuvası olur uşağın...
Sonra Uralsk. Bibi qəyyumluğu...
Sonra... Eh, hansını deyəsən?! İradə gərəkdi sınmayasan!
Sınmırdı da o. iradəsi vardı, qələmi vardı, böyük istedadı vardı,
sınmırdı. Sınsaydı özü olmazdı...
Gələcəkdən, bəs gələcəkdən nə gözləyirdi ağıllı, düşüncəli, kədərli
gözlər?! Nə?!.
Azadlıq gözləyirdi! Xoşbəxtlik gözləyirdi! Xalqı üçün, ruhu üçün, qələmi üçün. Necə gözləyirdi, ilahi, necə gözləyirdi. Gələcəyə qanadlanan gözlər!
***
Qələm əlində fikrə gedərdi o.
Fikirsiz-düşüncəsiz qələm nəyə gərəkdi ki?!
Düşünər, yazardı, yorulmaq, qorxu nə olduğunu bilmədən hey yazardı.
Əməlindən ruhlanardı, dərdi-qəmi, qayğıları çoxalardı, ideallarına daha inamla,
daha ürəklə sarılardı.
Ancaq sən saydığını say... Bəli, bəli! Demə onun ən böyük düşməni gizlində imiş. Canının-qanının düşməni. Yırtıcı-yırtıcı düşməni. Necə gəldi, necə yıxdı, necə apardı onu?! Xəstəlik, yıxıcı, yırtıcı vərəm xəstəliyi. Apardı. İyirmi yeddi yaşında.
***
Tatarıstanla fəxr edərdi o.
Tatarıstan onunla fəxr edir indi.
Tatarıstanın dərdi-qəmi onun şerindəydi.
Onun dərdi-qəmi Tatarıstanın könlündədir indi.
Tatarıstan torpağının kiçicik bir guşəsində – Kuşlavıcda dünyaya göz
açmışdı o.
Tatarıstana sığmır, dünyanı gəzir, dolaşır indi.
Yer üzündə zirvələr, poetik zirvələr sırasında bir zirvə də ucalır.
Qabdulla Tukay zirvəsidir o, Qabdulla Tukay.
20 iyun, 1980