Qatar gedir... - Mənsur şeir

Qatar gedir... - Mənsur şeir

Image

Qatar gedir...

Hər gün neçə-neçə qatar... Kəndin yaxınlığından keçib gedir.

Onun yaxşı yadındadır, uşaq vaxtı, qatar keçəndə rəfiqələriylə qaça-qaça yolun kənarına gələr, dikdirdəcə durub, gözləri önündən bir-bir ötən vaqonlara, pəncərələrdən baxan adamlara, tanımadığı «xalalara», «əmilərə» əl edərdi.

Qatar gözdən itincəyədək, qabaqda qaralan meşəyə girincəyədək əl edərdi.

Düşünmədən, ürəyi ağrımadan, əl eləməyin əsl mənasını duymadan əl edərdi.

Gündə neçə-neçə qatarı beləcə yola salmaq onun üçün bir oyuna çevrilmişdi. Adicə uşaq oyunlarından birinə.

Nə qədər ki, uşaq idi, qayğı, kədər, gözləri yol çəkən düşüncə, ayrılıq həyəcanı hələ qəlbinə yol tapa bilməmişdi, o, bu «oyun»dan ayrı cür zövq alırdı. Ayrı cür!. Nə qədər ki, uşaq idi!..

Elə ki, böyüdü, bunu nə zaman, necə unutduğunu özü də bilmədi. Bir azdan sonra həmin «oyun» ona gülünc göründü. Sonra qayğısız uşaqlıq xatirələrindən biri oldu. Sonra...

Sonra elə bir vaxt da gəldi ki, qatar arxasınca əl eləməyin əsl mənasını bütün dərinliyi ilə duydu, ürək ağrısı ilə yaşadı...

Budur, qatar gedir, o, əl edir. Ona elə gəlir ki, gedən qatar deyil, ürəyidir, ürəyi.

Qatar gedir. Onun gözdən itməsini, meşəyə girməsini o necə də istəmir! Min, milyon dəfə istəmir! Amma qatar gedir, ona məhəl qoymadan, onu duymadan, saymadan gedir.

Bax, indicə gözdən itəcək, bax, indicə meşəyə girəcəkdir. O hələ də əl edir. Onun indi yalnız əli deyil, bütün vücudu, varlığı tərpənir, ürəyi əsir, gözləri dolur. Dolan gözlər, dolub-boşalan gözlər, qatarı heç olmasa bir anlığa tutub saxlamaq üçün olan-qalan son dəfə toplayan gözlər nigaran-nigaran baxır...

Qatar gedir, o əl edir... Əl edir...

Qatar gedir...

 

7 aprel, 1954