Payım mənim - Mənsur şeir

Payım mənim - Mənsur şeir

Image

Yer üzündə şəhərlər var. Mənzərələi, görünüşlü, cəzbedici, cazibəli, axar çaylı, coşğun dənizli, əzəmətli, izdihamlı şəhərlər.

Biri də mənim qismətimə düşüb bu şəhərlərdən. Coşğun dənizli şəhərlərdən. Ə şəhər sənsən, əzizim, canım-ciyərim, mehribanım! Üç-dörd yaşından qoynundayam, səninləyəm, Bakı, Bakım mənim!

İçərişəhərin var, Bayırşəhərin var, Qaraşəhər, Ağşəhərin var, ey ixtiyar şəhərim! Keçmişimizin, əcdadımızın səsi, nişanəsi İçərişəhər sənin kökündür. Bu kök üstündə boy atmısan, atırsan, atacaqsan, ey Bakı, Bakım mənim!

İçərişəhərin küçələrində, dar döngələrində, əyri dalanlarında atamın-anamın ayaq izləri var. Uşaqlıq, yeniyetməlik, ilk gənclik, qismən də gənclik çağlarımın isti yuvasıdır. İçərişəhər. Acılı-şirinli xatirələrimin kövrək toplusudur İçərişəhər. Sənin kökün. Bu kök üstündə mən də boy atmışam, ərsəyə çatmışam, Bakı, Bakım mənim!

İqlimin sərtdir bir az. Soyuğun üşüdür bir az, istin yandırır bir az. Nə olsun ki?! Alışmışıq. Havalarını tez-tez dəyişdirən xasiyyətli küləklərin var, xəzrin, gilavarın var. Bilmirsən xəzri nə vaxt gedir, gilavar nə vaxt gəlir. Gilavar nə vaxt gedir, xəzri nə vaxt gəlir. Öyrənmişik, Bakı, Bakım mənim!

Dəniz sahillərindən olmaz, ləpələrinə bir az neft qarışmasa. Kəhrəba qumlarından hey danışmaq olar, ona süfrə qalıqları, şüşə qırıntıları bulaşmasa. Sən darılma, sən neyləyə bilərsən?! Səni başa düşürəm, gileylisən. Sənin gömgöy suların, kəhraba, narın qumların əvvəlki təravətini, rəngini almalıdır, Bakı, Bakım mənim!

Sən məni sehrləmisən! Sehrliyəm mən! Hansı respublikada, hansı vilayətdə, hansı şəhərdə olsam, harda qalsam, gecələsəm səninçin darıxıram, qoynuna can atıram, can Bakı, Bakım mənim!

Qismətim, payım mənim!

 

26 iyul, 1982