Özün kimi - Mənsur şeir
- Ana Səhifə
- Özün kimi - Mənsur şeir
Özün kimi - Mənsur şeir
Günəş demirəm sənə... Demərəm! Bir Günəşimiz var. Nəfəsiylə, hərarətiylə dörd milyard adamı isidir. İsidəcək! Biz də onların arasındayıq.
Ay demirəm sənə... Demərəm! Bir Ayımız var. Nurlu ziyasında dörd
milyardın gözü var. Sevənlər, sevilənlər, gözləyənlər, gözlədənlər, qovuşanlar,
həsrətlilər, tərəddüd edənlər, əzab çəkənlər ona baxır, ondan zövq alır, onu
özlərinə məhrəm sayır, ürəklərindən keçəni hüzurunda danışırlar. Danışacaqlar.
Biz də onların arasındayıq.
Sən demək istəyirəm sənə... Eləcə sən!.. Mənə sən lazımsan. Özün. Özün
kimi! Özünəməxsus nəfəsin, hərarətinlə, nəvazişin, mehribanlığınla,
təbiiliyinin, sadəliyinlə, düzlüyün, ismətinlə, diqqətin, bütün varlığınla!
Sənə nə dünyamızı – gözəl-gözəl dənizləri, çayları, dağları, meşələri
ilə, nə əngin səmamızı – sayrışan, baxışan, axışan ulduzları ilə vəd edirəm. Nə
işim var onlarla?! İxtiyarımdadı ki?! Bəşəriyyətin adından danışamı bilərəm?!
Bəli, sənə mənimki olmayan, imkanımdan xaric, gümanım gəlməyən heç nə vəd
eləmirəm, eləmərəm!
Ancaq gəl vəd eləməkdə məni xəsis bilmə. Gücüm çatan, mənimki olan,
gümanım gələn nəyim varsa vəd eləməyə hazıram.
Buyur, hələlik, təkcə ürəyimdir!.. Ürəyin üçün darıxan, ürəyinlə
birləşməyə can atan ürəyim!
Nə deyir ürəyin?
28 may, 1976