Ömür gün - Mənsur şeir

Ömür gün - Mənsur şeir

Image

Səhər. Göz yaşı kimi şəffaf, körpə kimi pak, məsum səhər. Günəşli, qarlı səhər.

Qar yağır. Narın-narın. Gün çıxır. Asta-asta. Gah tutulur, gah da çıxır. Asta-asta. Çıxanda hər yan gülür. Qarlı həyət-baca da, bağça-bağ da, oynaşan, qaçışan uşaqlar da. Gülürlər.

İki uşaq, iki totuq uşaq qartopu oynayır. Yanaqları qıpqırmızı. Biri oğlan, biri qız. Qız oğlanı, oğlan qızı qovur. Yıxılır, durur, qaçır, sevinc içində atılıb-düşürlər. İkisi də. Heç nə haqqında düşünmür. Düşünmək ağıllarına da gəlmir. Oynayır, çığırışırlar, gülüşürlər.

*** 

Günorta. Göz yaşı kimi şəffaf, körpə kimi pak, məsum səhərin, günəşli, qarlı səhərin günortası – yolun yarısı.

Qar yağır, şiddətlə, ağına-bozuna baxmadan yağır. Qar qar üstə qalanır.

İki cavan, bir-birinə yaraşan iki cavan qartopu oynayır. Yanaqları qıpqırmızı. Bir oğlan, biri qız. Oğlan qızı qovur. Tutmaq üçün. Yumuralıdığı qarı sifətinə sürtür, qız qışqırır. Çırpınır. Oğlanın əlindən qurtarıb qaçmaq üçün. Qaçır... Gülüşürlər. Şaddırlar. İkisinin də sifəti od tutub yanır... Hərdən dayanıb baxırlar. İki uşağa, iki totuq uşağa baxırlar. Heyran-heyran baxırlar. Uşaqlıqlarımı gözlərinə görünür, ya nə? Gülümsünürlər. Sonra yenə qartopu. Yenə... Oğlan qovur, qız qaçır. Qız qovur, oğlan qaçır. Qaçırlar. Sürətlə. Yorulmaq nə olduğunu bilmədən, hey qaçırlar... Qovuşana qədər. Qaçırlar.

*** 

Axşam. Göz yaşı kimi şəffaf, körpə kimi pak, məsum səhərin, günəşli, qarlı səhərin axşamı. Həyəcanlı, səksəkəli axşam.

Qar yağır. Aram-aram yağır, dayanır, yağır.

İki qoca, biri-birinə dayaq, biri-birinə pənah iki qoca. Yanaqları payız rəngi, qürub rəngi. Biri arvad, biri kişi. Arvad kişiyə sığınmış, kişi arvada. Bərk-bərk. Yıxılmamaq üçün. Paltolarının boyunluğunu qaldırmışlar. Soyuqdan donmamaq üçün. Bağça-bağla gedirlər. Hərdən dayanıb baxırlar. İki cavana, biri-birinə yaraşan iki cavana. Həsrət-həsrət baxırlar. Cavanlıqları yada düşür. Qorxu bilməz, soyuq bilməz, yüyəni boş buraxılan cavanlıqları. Gözləri dolur. Həsrətlə baxan gözləri. İkisinin də. Dolur. Ürək yanır, ürək fəryad edir, ürək dilə gəlir. İkisinin də ürəyi. Dilə gəlir.

Gün keçdi, ömür keçdi,

Cavan olmam bir də mən.

Dilə gələn ürəklərin fəryadını, o gizli fəryyadı, o gizli iniltini dilə gətirməyi heç birisi istəmir. Heç biri! Ancaq fərqi yoxdu: ömür-gün keçmişdi, gələcəkdi. Onu saxlamağa insanın gücü çatmır.

Bircə buna çatmır insanın gücü. Bircə buna!

 

2 avqust, 1966