Məhəbbət - Mənsur şeir

Məhəbbət - Mənsur şeir

Image

Papağını başına qoyub dedin:

– gedirəm...

Gözümdə dünya qaraldı. Dünya. Ürəyim əsdi. Ürəyim gizildədi. Ürəyimdən nələr keçmədi, nələr!.. Yazıq ürəyimdən, bəlalı, cəfalı ürəyimdən. Ah, bu sözü mən gözləyirdim. Əvvəl-axır deyiləcəkdi. Geci-tezi vardı. Deyiləcəkdi... Güclə özümü ələ aldım. Özümü sındırmadım. Sındıra bilmədim.

– Get, - dedim, - get!

Gözlərimə baxsaydın «getmə!» oxuyardın, «getmə!»

Ancaq sən baxmırdın, gözlərin yerə dikilmişdi.

Dedin:

– Unut. Hər şeyi unut!..

Düşündüm: «Bu tezlikdə?! Ağır olmazmı?! Nə dediyini duyursanmı?!».

Dedim:

– Çalışaram, unudaram!

Dedin:

– Bağışlamağa... bağışlamağa necə, söz verirsən?!

Yandım. İçin-için yandım. İlahi, insan necə də davamlı, necə də dözümlü olurmuş. Dözdüm. Yana-yana dözdüm. Dözüb də xəfif bir təbəssümlə, yox-yox, saxta, yapma bir təbəssümlə dedim:

– Verirəm!.. Bağışlamağa söz verirəm!

Getdin...

Saxlaya bilmədim. Saxlaya bilməzdim. Məhəbbətini uçurmuşdum. Məhəbbətini! Özünü saxlamağın mənası vardımı?!.

 

28 iyul, 1966