Küsülülər - Mənsur şeir

Küsülülər - Mənsur şeir

Image

Qız dedi, oğlan eşitmədi. Oğlan dedi, qız eşitmədi. Ürəklər susdu, əsəblər danışdı. Sözlər, bir-birilə düz gəlməyən sözlər qol-qanad açdı. Fikirlər haçalaşdı...

Getdilər. Hərəsi bir yana. Yana-yana!

Bir gün keçdi. İki gün keçdi... əsəblər soyumağa, fikirlər aydınlaşmağa başladı.

Qız düşündü: «Yaman oldu. Gözlənilmədən oldu. Kobud danışdım. Xasiyyətim də ki... Gəlsənəm?! Yox, yox, dünyasında. Özümü sındırmaq?! Ölsəm də...»

Oğlan fikirli-fikirli küçələri dolaşdı: «Hövsələdən çıxanda üzümü görmə... İndi nə olacaq?! Yoxy, ayağına getmərəm, elə bilər ölürəm ondan ötrü!.. Bəs ölmürsən?! YOx, ölsəm də getmərəm! Heç getmə!.. Döz görüm necə gözürsən?!»

Peşmançılıq hissi günü-gündən çoxalırdı. Qürurlar da hasar olub qarşısını alırdı. Hasarı adlamağa nə qızın iradəsi çatırdı, nə oğlanın cəsarəti. Peşmançılıq hissi də ürəkləri, neçə vaxtdan bəri bir vuran, bir çırpınan, bir sevən ürəkləri, əsəblər coşanda heç yada düşməyən ürəkləri gözəgörünməz alovla yandırırdı.

Yanan ürəklərin nə tüstüsünü görən vardı, nə acısını duyan. Hardan da olaydı?! Qız elə anasına təzəcə oğlan haqqında söhbət açmaq istəyirdi ki, sözləşib küsdülər. Yaman küsdülər.

İndi heç birisi istəməsə də küsülülüyün ömrü uzanırdı.

Qız ürəyini yeyə-yeyə dururdu: «Bir səs-səmir çıxmadı... Bircə əlac qalır. Bircə günə qalır əlac! Bircə günə!.. Bu zəhrimar ürəklə heç bacarmaq olmur. Dözümü heç yox imiş bu ürəyin? Bircə o gün gəlsəydi, tez gəlsəydi?!».

Oğlanın da səbri lap tükənmişdi: «Uzandı, yaman uzandı. Bir barışdıran da tapılmır. Hardan? Bir adama-zada demirsən ki?! Barışın! Necə?! Get yanına, de: gəl barışaq! Ay dedim ha!.. Yox, ümid bircə şeyə qalır. Bircə o gün gəlsəydi?!».

*** 

Gəldi, o gün gəldi!

Qız təzə paltarını, təzə ayaqqabısını geyindi, ilk dəfə görüşdükləri, həmişə görüşdükləri, nəhayət, küsüşdükləri yerə tələsdi. Ürəyi həyəcandan elə çırpınır, elə çırpınırdı ki... «Görəsən gələcəkmi?! Gəlməlidir, gəlməyə bilməz. Bu gün axı...»

Sahil bağındakı ən yaşlı, ixtiyar söyüd ağacına çataçatda onu gördü. «Gəlmişdir! Sənə qurban olum, belə bayram, Novruz bayramı, qurban olum!».

Oğlan da qızı gördü, ona doğru addımladı. «Dedim gələcək! Var ol bayram, küsülüləri barışdıran bayram, Novruz bayramı. Var ol!..».

Heç bilinmədi nə vaxt əllər bir-birinə uzandı.

Qız dedi:

– Neçə-neçə belə bayramlar görəsən!

Oğlan dedi:

– Yüz-yüz belə bayramlar görəsən!

– Səninlə bir yerdə.

– Həmişə bir yerdə!

Qız dedi, oğlan eşitdi, oğlan dedi, qız eşitdi. Sözlər, ürəyatan, ruhoxşayan, bir-biriə düz gələn sözlər qanad açdı çevgililərin ürəyini açdı.

Oğlan dedi:

– Gəl söz verək: bir də küsməyəcəyik. Yoxsa bir il gözləməyə nə səndə taqət qalar, nə məndə.

Qız dedi:

– Mən söz verirəm!

Oğlan dedi:

– Mən də söz verirəm. Mən də!

Əl-ələ tutub əziz bayram günündə sahil bağına axışın izdihama qoşuldular.

 

İyul, 1968