İşıq və zülmət - Mənsur şeir

İşıq və zülmət - Mənsur şeir

Image

Sinif gözləyir. Sinif nigarandır. «Kimdən soruşacaq, kimdən?!

Qarşıda oturan iki qızdan biri kordur. Müəllim nə düşünür, nə düşünmür, sorğu-suala elə onlardan başlayır...

Kor qız danışır... Üzündə xoş bir ifadə gəzir. Ağır, halal zəhmətinin bəhrəsini görənlərin üzündə gəzən kimi. Səsi, cingiltili səsi inam yaradır. Biliyinə, qüvvəsinə inam! İstər-istəməz yaradır.

Rəfiqəsi danışır... Əsim-əsim əsir. Əsim-əsim! Əlləri də, səsi də, varlığı da əsir. Əsdikcə də inamsızlıq oyadır. İstər-istəməz oyadır.

Arada kor qız ona bəzi sözlər pıçıldayır. Çətinlikdən çıxarmaq üçün. Müəllim də eşidir. Ancaq nədənsə üzə vurmur, vurmaq istəmir.

Biri pıçıldayır, biri düşünmədən təkrar edir, biri düşüncükcə dəhşətə gəlir: «Aman allah, biliksiz adam nə qorxaq, nə yazıq, nə miskin olurmuş!.. Nə!.. Nə!..»

Biri pıçıldayır, bir tutuquşu tək təkrar edir, biri heyrət içində donub qalır. Tilsimə düşən, ovsunlanan adam kimi. Qalır və birdən-birə ona elə gəlir ki, qarşısında daha iki tələbəsi yox, işıqla zülmət dayanmışdır. Ancaq işıqla zülmət!

Bəli, dərsi bilməyən qız indi ona kor kimi görünür. Üz-gözündə nə bir işıq, nə bir ağıl nişanəsi. Üzü də, gözü də, varlığı da zülmət pərdəsinə bürünmüş. Zülmət!

Ancaq korun üzü işıqlıdır, üzünə nur çilənmişdir, üzündən cəsarət yağır. Hətta müəllimə elə gəlir ki, cavab verərkən onun işığa həsrət gözlərində belə işıq sayrışır. İşığa həsrət gözlərində. İşıq!


7 iyul, 1966