İlk qədəm - Mənsur şeir

İlk qədəm - Mənsur şeir

Image

İki nəfər yol ilə gedirdi. İki nəfər.

Qabaqda gedən arxadan gələni hiss eləmirdi. Təkcə arxadan gələnimi? Yox, bu dəqiqə o, yan-yörəsində bir şey görmür, duymur və duymağa can atmırdı. Bütün-bütünə diqqətinə, səyini, nəzərlərini yalnız irəliyə zilləmişdi. Fikri-zikri ancaq irəlidə idi. Ona elə gəlirdi ki, arxayar, yan-yörəyə bircə saniyəliyə də olsa baxmaq onu yubaqdıra bilər, şirin, xoş, gözəl düşüncələrindən ayılmaq. Buna görə də ətrafına nəzər salmadan fərəhlə, qürurla, uçurmuş kimi irəliyə gedirdi. İrəlidə nə vardı ki?!

Arxadan gələn irəlidə gedənə baxırdı. Mehriban-mehriban, ürəyi əsə-əsə, həsrətlə, əlindən qaçırdığı körpəcə, məsum quşun arxasınca baxan kimi, öz dünəninə qəfil təsadüf eləyən adam kimi. Baxdıqca gülümsəyir, gözləri dolur, təəssüf edir, düşünürdü. Düşünə-düşünə də irəliyə gedirdi. İrəlidə nə vardı ki?!

Onların ikisinə də gecə elə gəlmişdi ki, səhər gec açılır. İkisinə də! Elə gəlmişdi. Ancaq səhər vaxtında açılmışdı.

Onların biri o birindən on beş il böyük. Nə az, nə çox, on beş il!

«Böyük» «kiçiyin» üst-başından, əlindəki çantasından, balaca hörüklərini bəzəyən lentlərdən hara getdiyini yaxşı bilirdi. Bilsə də yenə onunla bərabərləşəndə elə-belə, söhbət üçün soruşdu:

– Səhər-səhər hara belə, ay qəşəng qız?

– Məktəbə!

Ancaq «qəşəng qız» özündən boyca iki dəfə böyük görünən «xala»dan heç soruşmadı o hara gedir. Niyə də soruşaydı?! Bu gün onunçun heç fərqi yoxdu kim hara gedir. Onu indi yalnız bir şey məşğul edir, düşündürür, həyəcanlandırırdı: o, məktəbə gedir, məktəbə!

Bunu «xala» da başa düşdüyündəndi ki, «qəşəng qız»ı bir daha əziz düşüncələrindən ayırmamaq üçün sual vermədi.

Bir azdan ikinci də uca bir binanın geniş qapısı qabağına gəlib çıxdı. Məktəb qapısının. İkisi də.

Biri bu qapıdan ilk dəfə girəcəkdi. Qapının arxasında nə vardı, nə olacaqdı, bu hələ onunçun dumanlı, əsararəngizdi.

Biri düz on il bu qapıdan gündə ən azı iki dəfə girib-çıxmışdı. Ən azı! Bu qapının arxasında nə qədər xatiratı, təəssüratı, ürək çırpıntıları, həyəcanları qalmışdı. Uşaqlığı, ilk gəncliyi qalmışdı. İndi, budur, o yenə bu qapıdan keçməyə gəlmişdir. Keçəcəkdir. Yox, daha şagird kimi yox, müəllim kimi keçəcəkdir. Müəllim kimi!

Səs-küy müəllimi düşüncələrindən ayırdı. Məktəbin qabağına o qədər uşaq, o qədər uşaq yığılmışdı ki... O, «qəşəng qız»ı yanında görməyəndə nə üçünsə narahat oldu, tələsik onu uşaqların içində axtarmağa getdi. Tapdı. Əlindən tutdu. Nə sirsə «qəşəng qız» da əlini çəkmədi. İkisi də qabağa, lap qabağa gəldi. Elə buradaca birdən-birə ikisinin də qəlbini qəribə bir nigarançılıq, hətta deyəsən, təlaş hissi bürüdü:

«Görəsən oxuda biləcəyəm?!»

«Görəsən oxuya biləcəyəm?!»

«Görəsən şagirdlər sözümə baxacaq?!»

«Görəsən müəllim necə qarşılayacaq?!»

«Görəsən...»

«Görəsən...»

Məktəb qapısı taybatay açıldı. Rəngdən rəngə çalan axın bir an içində adlğalandı. Müəllim şagirdin əlindən bir az da bərk tutdu. İkisinin də qəlbi şiddətlə döyündü. Döyünən qəlbin çırpıntıları onları bir-birinə daha da istətdi, bağladı. Şagird müəllimə pənah gətirdi, müəllim şagirdə güvəndi. Əllər, xəfifcə titrəyən əllər hərarətlə bir-birini sıxdı. Bu zaman müəllimin qulağına sanki səs gəldi. Ona tanış, doğma olan bir səs! Yox, o yanılmamışdı. Səs dərunindən gəlirdi:

– On beş illik zəhmətinin meyvələrin burada yetişdirəcəksən, müəllim, burada!..

Müəllimə elə gəldi ki, o elə indi ilk meyvəsinin əlindən tutmuşdur. Bəli, bəli, ilk meyvəsinin! Varlığına birdən-birə hakim kəsilmiş bu hiss qəlbini inamla doldurdu, ümid qığılcımlarını şölələndirdi, ona ayrı bir cəsarət verdi. Qəti addımlarla yeriyib ilk şagirdi ilə birlikdə məktəb qapısından içəri keçdi...

İlk qədəmləri mübarək olsun!

 

27 avqust, 1963