Həsrətəm - Mənsur şeir

Həsrətəm - Mənsur şeir

Image

Bir pilləkənə açılardı qapılarımız. Bir pilləkənə...

– Salam, - deyərdin.

– Salam, - deyərdim.

Səhər, axşam. Deyərdik.

Ürəkdən gələn sevincimizi, ürəyə çökən kədərimizi belə bilərdik, belə bölərdik.

*** 

Görmədiyim, tanış olmadığım adamlar sizə ayaq açmışdı. Bir gün...

– Salam.

Yox, mənə elə gəldi ki, sən ayrı söz dedin, ayrı söz: «Neyləyim?.. «Həri» üçün gəliblər... Nə deyim?»

– Salam.

Yox, əslində, dedim: «Bax da... Nə məşvərət... Ürəyə nə məsləhət?!»

Bir gün də...

Ağ duvağın altından baxışlarınla salam verdin.

Yox, «Gedirəm, sağlıqla qal!» dedin.

Baxışlarımla salamını aldım.

Yox, sənə «yaxşı yol!» arzuladım.

*** 

Ağır günlərim həyatda çox olub. Ancaq o günü, sənə «yaxşı yol» arzuladığım günü ən ağırı sayıram. Ən ağırı! Aman allah, insanın basaratı necə də bağlanarmış?! Axı niyə o gün mən duymadım, duya bilmədim ki, səadətimi aparırlar. Səadətimi!

«Evlənmək qaçmır ki... Qoy bir müdafiə eləyim, mənzil alır, avadanlıq düzəldim, evlənərəm də... Deyirlər, arvadın gərək heç nədən korluğu olmasın. Onun-bunun arvadına baxıban köks ötürməsin...»

Bu düşüncələrdimi gözlərimi bağlayan, qəlbimi qapayan, ağlımı çaşdıran? Nə deyim? Dərdimi kimə söyləyim?

«Evlənmək qaçmır ki...»

Yox, qaçırmış. Necə jə sürətlə qaçırmış!..

Müdafiə çoxdan eləmiş, dosent də olmuşam. Doktor, professor da olacağam. Mənzilim, bağım, maşınım da var. Amma nəyə gərək...


*** 

Unutmaq istəyirəm səni, unuda bilmirəm.

Gümanım illərə gəlir. İllər səni unutdurar deyirəm. Yanılıram... burda da yanılıram!..

Burnumun ucu göynəyir kirayədə qaldığım o balaca, o quş yuvası otaq üçün. O sehrli, o sevgili otaq üçün. Bir pilləkənə açılardı qapılarımız... Bir pilləkənə...

– Salam, - deyərdin.

O salama həsrətəm...


14 sentyabr, 1973