Həmişə oxucuların yanında - Mənsur şeir
- Ana Səhifə
- Həmişə oxucuların yanında - Mənsur şeir
Həmişə oxucuların yanında - Mənsur şeir
Biri vardı, biri yoxdu...
Bir şair vardı, od kimi alışıb yanardı, yandırardı...
Bakı bağlarına yolu düşdü bir gün onun, nə düşdü. Odlu qəlbinə od düşdü,
alovlandı, alovlandı.
Bağlar boşaldı, şair qayıtdı, ürəyi orda qaldı, bağlarda qaldı, yandı,
yandı... Gecəyarısı qəlbinin hərarəti az qala kağızı yandıracaqdı:
Yenə o bağ olaydı, yenə yığışaraq siz
o bağa köçəydiniz...
Şairin yanar qəlbinin odu oxucuların qəlbinə od apardı. Həsrətləri
oyatdı, dodaqları tərpətdi:
Biz də muradımızca fələkdən kam alaydıq,
sizə qonşu olaydıq.
Bir şair var. Xatirələr yanğısını kövrəldir, ürəkləri gizildədir,
arzuları canlandırır:
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Sözlə, ürəyincəmi?
Bir şair olacaq! İnsanlar, əgər insanlıqlarını itirməyiblərsə, sevə
bilirlərsə, sevmək, sevilmək əhəmiyyətini saxlayıbsa, xatırlamağı, kövrəlməyi
bacarırlarsa, sevinib kədərlənə bilirlərsə deyəcəklər:
Yenə o bağ olaydı, yenə yığışaraq siz
o bağa köçəydiniz...
Sən də həmişə onların yanında olacaqsan, həmişə, Müşfiq!
2 iyun, 1978;
19 fevral, 1985