Gürcü gözəli - Mənsur şeir

Gürcü gözəli - Mənsur şeir

Image

Tbilisiyə gəldim, gördüm səni, gördüm, gürcü gözəli!

Odunuza alışanların halına yandım, ürəkdən yandım, gürcü gözəli!

Bütün dərinliyiynən duydum indi yazıq Sənan nə çəkib!..

Mərhaba, Tiflis imiş cənnəti dünya yerinin,

Yığılıbdır ona cəmiyyəti huri pərinin – deyən Vaqif nə çəkib!..

Mənim tanrım gözəllikdir, sevgidir –  söyləyən Cavid nə çəkib!..

Alagöz Yelena, xanım Yelena!

Hazıram başına dönüm Yelena – yazan Cavad nə çəkib!..

Çəkdiklərini çəkib də yana-yana gediblər onlar. Gediblər. İndi gəlsinlər, görsünlər mən nə çəkirəm. Gözəlin, gözəlliyin yanğısı necə yaxıb yandırır məni, necə, gürcü gözəli!

Baxıram sənə, düşünürəm: «Yanmağın da bir həddi olmalıdı, ya yox?!» Baxıram. Gülümsəyirsən elə. Baxışların güləüş içində də yandırır, gürcü gözəli!

Neyləyə bilərəm ki?! Sənan odlananda, Vaqif alışanda, Cavid alovlananda, Cavad yananda mənə nə var ki?! Yanmağım əyər xoşdursa sənə, ürəyincədirsə, yandır məni, gürcü gözəli!

Odlar oğluyam, yanmağa alışmışam, öyrəşmişəm, yandır məni, yandır, gürcü gözəli!

Tbilisi, 30 iyul, 1975