Gül ömrü - Mənsur şeir

Gül ömrü - Mənsur şeir

Image

Gül pardaqlayıb açılırdı... yan-yörəsinə ətir saçır, bağ-bağçanı bəzəyir, gözləri oxşayırdı.

Qızlar dərib döşlərinə taxırdılar. Baharın, məhəbbətin rəmzi kimi.

Oğlanlar dərib dəstə bağlayırdılar. Təmiz hisslərin toplusu kimi. Sevgili qızlara aparmaq üçün.

Balaca, balaca bir uşaq dərib evə qaçırdı. Atıla-atıla. «Anası, təbrik edirəm!» demək üçün. Həssaslıq, ilk övlad hədiyyəsi ananın ürəyini kövrəldir, yanaqlarından diyirlənən gözyaşları gülün ləçəklərinə düşürdü. Şeh damlası kimi.

Şair kürsüdən şeir deyir, xanəndə nəğmə oxuyur, bəstəkar öz əsərinə dirijorluq edirdi. Bir anda yüzlərlə insanın ruhunu oxşayır, könlünü açır, xəyalını qanadlandırırdılar. Bir anda! Xəyalı qanadlanan insanlar da bunun əvəzində onlara dərib gül təqdim eləyirdilər, gül! Min-min təşəkkürlərinin, alqışlarının nişanəsi kimi. Şairə də, xanəndəyə də, bəstəkara da. Gül pardaqlanıb açılırdı... Yan-yörəsinə ətir saçır, bağ-bağçanı bəzəyir, gözləri oxşayırdı...

Xanəndə hisslə, yana-yana oxuyurdu: 

Mən sənə gül deyərəm,

Gülün ömrü az olur...

Az olmur, amma yaxşı olur, şərəfli olur, nəcib olur.

Gül kimi yaşayın, insanlar, gül kimi!

 

12 iyul, 1966