Gözəl - Mənsur şeir
- Ana Səhifə
- Gözəl - Mənsur şeir
Gözəl - Mənsur şeir
Trolleybusa bir qız mindi. İyirmi-iyirmi iki yaşlarında. Boyu-buxunu da,
yerişi də, baxışı da gözəldi. Gözəl.
Baxışlar, kişilərin baxışları bir göz qırpımında ona sarı çevrildi.
Günəbaxanlar günəşə doğru çevrilən kimi.
Bir oğlan dərhal durub yer verdi.
O astaca:
– Təşəkkür edirəm, - deyib oturdu.
Oğlana elə gəldi ki, «təşəkkürü» təkcə onun dili yox, uzun-qara
kiprikləri də, xəfifcə qızaran yanaqları da, azca təkəbbürlü baxışları da dedi.
Oğlan özünü göyün yeddi qatında hiss elədi. Xoş təbəssümlə, böyük
nəzakətlə:
– Dəyməz! – dedi.
Gözəl öz aləminə daldı. Ətraf, yan-yörə onun üçün yoxa çıxdı. Yoxa.
Və birdən özündən, gözəlliyindən razı, gözəllik qüruru ilə, gözəlliyinə
inam hissiylə dolu baxışları qarşısında oturmuş qırx-qırx iki yaşlarında bir
qadına dikildi. Niyə elə oturan kimi onu görməmiş, duymamışdı?! O pərişan, o
kədərli baxışları niyə hiss eləməmişdi? Niyə?
Doğrudan da, onun nəzərləri qadına zilləndiyi anda qadın baxışlarında
bir kədər, bir pərişanlıq gəzirdi. Bu, iyirmi il əvvəlki gözəlliyinə, cavanlığına
təsadüf eləyən, kövrələn, ürəyi ağrıyan bir adamın kədəri, pərişanlığı idi. Hər
cür qibtədən, həsəddən uzaq kədər və pərişanlıq idi.
Qızın baxışlarını üzərində hiss eləyən kimi qadının baxışlarındakı bu
müqəddəs, bu müqəddəs kədər, pərişanlıq bir sərtliklə, özünü müdafiəyə
hazırlaşan bir adamın sərtliyi ilə əvəz olundu.
Baxışlar, özündən, gözəlliyindən razı, gözəllik qüruru ilə gözəlliyinə
inam hissiylə dolu baxışlar sərt baxışlarla toqquşdu. Elə bil ildırım çaxdı,
göy guruldadı.
Baxışlar dilə gəldi, baxışlar danışdı:
«Cavanlığına güvənirsən?»
«Mənim günahım varmı?!»
«Cavanlıq tez keçir».
«Saxlamaq olarmı?!»
«Olmaz! Təəssüf ki, olmaz!»
Qadının baxışları mülayimləşdi, mehribanlıq, səmimiyyət, hərarət göründü
baxışlarında. Hərarət!
Qızın baxışlarındakı özündən, gözəlliyindən razı, gözəllik qüruru,
gözəlliyinə inam hissi yoxa çıxdı. Mehribanlıq, səmimiyyət, hərarət yarandı
baxışlarında, hərarət!
«Hamı sənə baxır...»
«Duyuram».
«Başın gicəllənməsin!»
«.....»
Qızın nəzərləri yerə dikildi. Sonra yenə qadına sarı çevrildi:
«Nə etməliyəm?!»
«Bircə özünü bu günəbaxanlardan qoru... İşığa bənddilər, onlar,
işığa!..»
Trolleybus dayandı. Qız ayağa durdu.
«Sağ olun!»
«Allah amanında!»
Qız düşdü. «Günəbaxanlar» boylandılar.
Qız gedir, rastına çıxanların nəzərlərini üzərində hiss elədikcə qadının
baxışlarında duyduğu məna gözlərində daha da böyüyür, böyüyürdü:
«Bircə özünü bu günəbaxanlardan qoru... İşığa bənddilər onlar. İşığa!..
İşığa... İşığa!..»
23 sentyabr,
1968