Görüşürlər - Mənsur şeir
- Ana Səhifə
- Görüşürlər - Mənsur şeir
Görüşürlər - Mənsur şeir
Görüşürlər!.. Görüşürlər!.. Görüşlərdə nədən danışılmır, nədən?!
Görüşə çıxırdı onlar da. Sevənlər, sevilənlər kimi.
Danışırdı onlar da. Sevgidən, sevib-sevilməyin xoşbəxtliyindən, biri-birini anlamağın gözəlliyindən danışırdılar.
Hər görüşdə qızın dediklərindən bircəsi ancaq oğlanın beynində qalırdı. Tək bircəsi.
Bir görüşdə, sözgəlişi demişdi:
– Əmim oğlu bizə elçi göndərmək istəyir...
Zərgərdir əmisi oğlu.
Bir görüşdə elə-belə, saya almır kimi eşitdirmişdi:
– Anam deyir ki, sarışın oğlanın gözü yaman tutub səni!
Nazir oğludur sarışın oğlan.
Bir görüşdə məharətlə söz içində əritmişdi:
– Xalam hər bizə gələndə qara «Volqa»lı oğlanı hey tərifləyir...
Akademikdir atası qara «Volqa»lı oğlanın.
Görüşlərdən, oğlanın dediklərindən qızın da beynində bir şey ilişib qaldı. Yaman qaldı.
Növbəti görüşdə oğlan birbaşa demişdi:
– Məhəlləmizdə yaşayan qaraşın qızın məndən yaman xoşu gəlir. Anam deyir: o qız gəlinim olsa rahat dünyadan köçərəm. Xalam da qulağımı doldurur: qız deyil, qızıl parçasıdır, əldən versən başına döyə-döyə qalacaqsan, ömrün boyu yanacaqsan!..
Zavodda operatordur atası o qızın!
Son görüş oldu bu görüş. Son görüş.
Peredelkino, 21 fevral, 1969