Gənc ananın etirafı - Mənsur şeir

Gənc ananın etirafı - Mənsur şeir

Image

Mən ata nəvazişi görməmişəm! Hələ kiçik, çox kiçik ikən ondan məhrum olmuşam.

Atamın dəfn mərasimi yadıma gəlmir. Ancaq deyirlər cənazəni evdən çıxararkən mənim təəccübdən böyümüş gözlərimdə yaş donmuşmuş. Şaxtalı, acı, sərt havalarda kiçik gölməçələrdən donan kimi.

Böyüdükcə atasızlığım mənə çox yer eləyirdi. Həyət-bacada, qonum-qonşuda yaşıdlarımın dilində «atam gəldi», «atam aldı», «atam acıqlandı» sözlərini eşidəndə özümü bilmir, qəlbim sıxılmağa başlayır, gözlərim dolurdu. Mavi, nəhayətsiz ənginliklər qara buludlarla dolan kimi.

Ona görə yox ki, onların atası vardı... Yox! Qətiyyən yox! Mən istəmirəm heç kim atasız olsun! Heç kim!

Ona görə ki, mənim atam yoxdu, mənim!

Anam da, qohumlarımız da uşağam deyə məni atamın qəbri üstə aparmazdılar. Bu hələ nədir ki... Məni heç ağlamağa qoymazdılar. Elə ki, görərdilər tutulmuşam, özümdə deyiləm, tez başımın üstünü alar, məni ovundurmağa çalışardılar. Dodaqlarımda zərrəcə təbəssüm görməyində, yaxamı buraxmazdılar. Heyhat! Onlar təbəssümlə, tutqun səmada azacıq görünüb tez də yox olan günəş kimi gəldiyi ilə getdiyi bir olan təbəssümlə mənim rahat olduğumu düşünərdilər. Halbuki...

Halbuki dolan səma boşalmalı idi. Mən dolan ürəyimi yalnız gecələr baş yastığa qoyarkən xısın-xısın ağlamaqla boşaldar, sonra yuxulardım. Belə anlarımda ürəyimdən keçən (qəribə də olsa, deyəcəyəm) bu olardı: «Öləndə vəsiyyət edəcəyəm məni atamın qəbrində basdırsınlar. Atamla bir yerdə!..»

Bir dəfə necə oldusa bunu evdə də ağzımdan qaçırdım. Böyük mərəkəyə səbəb oldu. Hamıdan da çox hirslənən anam idi: «Sən allah, bunun bir boyuna baxın, neybət-neybət danışmağına baxın, vəsiyyət eləməyinə baxın!.. Adam quruyub qalır!..»

«Quruyub qalmalı» bir şey yoxdu. Mən hər şeyi daha düşürdüm... və sözlərimdən heç bu çıxmırdı ki, həyatdan küskün olmuşam, tez ölmək istəyirəm, ya ölməyə hazırlaşıram, yox. Mən o sözlərimlə ancaq atamın xatirəsinə olan məhəbbətimi ifadə etmək istəmişdim... Vəssalam. Bir də, adam əvvəl-axır ölməlidir, ya yox?

*** 

Bütün qızların gözlədikləri «Vazğalı» havası bir gün mənim üçün də çalındı... Yoldaşım yaxşı adamdır. Mən ona tez-tez uşaqlıq xatirələrimdən, düşüncələrimdən danışıram, maraqla dinləyir. Biz onunla hərdənbir atamın qəbri üstə gedirik. Ancaq bir şərtlə: atamın qəbri üstə mən ağlamayım. Mən də ağlamıram. Bəzən ikimizin – oğlumuzu da aparırıq. Heç bir şey başa düşmür. Babasının qəbri üstə elədən beləyə, belədən eləyə atılıb-düşür, torpaqla oynayır. Mən də altdan-altdan ona baxıram. Elə bilirəm, atamın arzusu ayaq tutub yeriyir...

İkinci körpəm olacaqdı. Oldu. Ancaq qalmadı. Nisgili, adı qaldı, özü qalmadı. Mənim çoxdan qurumuş göz yaşımı yenidən axıtdı. Doqquz ay bətnimdə gəzdirdiyim, qanımla, canımla bəslədiyim ciyərparamı atamın qəbri yanında nəm torpağa tapşıranda qəlbim tüğyana gəldi: «Öləndə vəsiyyət edəcəyəm məni körpəmin qəbrində basdırsınlar. Körpəmlə bir yerdə!..»

Sanki yatmışdım, ayıldım. Başımı qaldırıb tez atamın qəbrinə baxdım və orada elə bir iri hərflərlə həkk olunmuş bu sözləri oxudum: «Öləndə vəsiyyət edəcəyəm məni atamın qəbrində basdırsınlar. Atamla bir yerdə!..»

Quruyub qaldım! Bəs indicə dediyim sözlər nə idi? Atamın xatirəsinə xəyanət deyildimi? Nə nankor övladam! «Ata, ata» deyib xısın-xısın hıçqırdığım gecələr harda qaldı? Harda!?

Yox, mən özümü təqsirləndirməkdə, deyəsən, tələsmişdim! Bəli, bəli, tələsmişdim. Azacıq sonra mən bunu başa düşdüm.

Atamın xatirəsini həmişəki kimi mən indi də əziz tuturam. Ancaq...

Etirafımı burdaca qurtarmaq istəyirəm.

 

16 iyun, 1963