Dünyada bir qadın yaşayır - Mənsur şeir

Dünyada bir qadın yaşayır - Mənsur şeir

Image

Dünyada bir qadın yaşayır. Cavan, gözəl... Hansı ölkəyə, hansı muzeyə ayağına bassa toy-bayram olur o ölkədə. Pərəstişkarlarının sayı-hesabı bilinmir. Tamaşasına düşmək üçün növbə-növbəyə calanır. Kişilər bir yana, qadınlar valeh olurlar hüsnünə, gözəlliyinə. Baxdıqca baxır insan övladı, baxır, zövq alır, xəyala dalır, qəlbində xoş duyğular oyanır. Düşünə-düşünə gedir adam. Gedir. Kişi də, qadın da, qoca da, cavan da.

Dünyada bir qadın yaşayır. Xəfifcə kədərlənə-kədərlənə, düşünə-düşünə, gülümsəyə-gülümsəyə əsrləri yola salır, yola salır. Özü qalır. Xəfif kədəriylə, zərif düşüncəsiylə, xoş rayihəli təbəssümüylə. Qalır!

Dünyada bir qadın yaşayır. Qadın gözəlliyinə, zərifliyinə həmişə pərəstiş oyadıb, oyadır, oyadacaq, öz ürək yanğısına hamını şərik eləməklə gözəlliyin qədir-qiymətini, sanbalını qaldırır, qaldıracaq, ürəkləri yandırır, yandıracaq bir qadın. Dahi Leonardo da Vinçinin yadigarı, övladı, əlli yaşından sonra pənah gətirdiyi yeganə sığınacağı, ümidgahı, qibləgahı, ölənə kimi özüylə gəzdirdiyi Cokondası, sonası, həyatının mənası, ətri, səfası bir qadın!

Dünyada bir qadın yaşayır. Florensiyada doğulmuşdur. Parisdə yaşayır. Yaşadıqca allahına – Leonardo da Vinçiyə təşəkkür edir, minnətdarlıq əlaməti olaraq xəfif-xəfif gülümsəyir, gülümsəyir...

Dünyada bir qadın yaşayır.

 

Oktyabr, 1968