Çətin yol - Mənsur şeir
- Ana Səhifə
- Çətin yol - Mənsur şeir
Çətin yol - Mənsur şeir
– Su atacaqsan?!
– Atacağam!
– Atma, yalvarıram, ana! QOnşulardan ayıbdır!
– Adətimizdir, bala, səfərə çıxanın dalınca su atarlar. Su aydınlıqdır.
Necə olsa çətin yola gedirsən.
– O yollar mənim üçün çətin deyil, o yollara alışmışam, ana! Elə unudursan
ki, mən alpinistəm, dağa-daşa dırmanmaq, qayadan qayaya tullanmaq işimdir,
sənətimdir. Çətin yola gedəndə atarsan, indi atma, yaxşı?!
Əlacı kəsilən ana:
– Atmaram, yaxşı! – desə də oğlu pillələri düşər-düşməz yenə öz
bildiyini eləyirdi...
Suyun səsinə oğul çevrilib baxır, ərpkyana gileylə baxırdı: «Ana ki
ana!..»
Ananın qəlbində səksəkə, nigarançılıq, həyəcan bir az da artır, artırdı:
«Sağ-salamat qayıdarsan, bala!..»
***
Oğul həyəcan içində özünü səliqə-sahmana salır, saata baxdıqca həyəcanı
daha da artırdı...
Ananın gözü onda idi. Oğlunun həyəcanlarına zahirən laqeyd qalsa da
daxilən sevinir, düşünürdü: «Hər şey vaxtında, oğul!.. Atan rəhmətlik «hə»
almağa gələndə heç iyirmi yaşı yox idi, sən iyirmi üçün içindəsən...»
Üz-üzə dayandılar. Oğul çəkinə-çəkinə soruşdu:
– Atacaqsan?!
Oğlunun səsində ana bir titrəyiş duydu. Ötkəm-ötkəm cavab verdi.
– Atacağam!..
Oğlunun səsi çıxmadı, oğul birinci dəfə idi ki, anasına «atma» demədi.
Demək istəmədi. Sonsuz razılıqla hər şeyi başa düşən anasına baxdı. Ana
baxışlarından oxudu: «Qurban olum ana, suyu yaxşı-yaxşı at, çoxlu at. Çətin
yola gedirəm, ana, çətin!»
Oğul gözucu saata baxdı, ananın ürəyi kövrəldi: «Gör necə də
həyəcanlanır!.. Bəs deyirlər sevgi yoxdur, yoxdursa, bu uşağı belə titrədən
nədir?! Tanımadığım qız, eşq olsun sənə! Eşq olsun!.. Halalın olsun! Alpinist
belə titrəyirsə demək ciddidir... Ürəkdən sevir. Kaş bu cür də seviləydi!..»
Oğul pillələri düşər-düşməz ana arxasınca su atdı.
Suyun səsinə oğul çevrilib baxdı, minnətdarlıqla baxdı: «Sağ ol, ana,
sağ ol!»
Ananın qəlbində fərəh, sevinc bir az da artdı: «Hə» ilə qayıdasan,
bala!.. Çətin yola gedəndə atarsan... Demək çətin yolun ürəyə gedən yol imiş,
bala, ürəyə!..»
18 mart, 1973