Bir söz - Mənsur şeir
- Ana Səhifə
- Bir söz - Mənsur şeir
Bir söz - Mənsur şeir
Gözlərini daha çox sevəcəyəm. Daha çox! Niyəsini soruşma, heç olmasa sən
soruşma niyəsini. Sən soruşma!
***
Bir sözüm vardı. Sənə deyiləsi, yalnız sənə deyiləsi, çoxdan deyiləsi
bir sözüm. Deyə bilmirdim. Deməyə cəsarət eləmirdim.
Bir gün sənə yanaşdım, özüm də bilmirəm necə yanaşdım:
– Bir sözüm var... Sənə deyiləsi....
Qaşların çatıldı. Yaman çatıldı:
– Nə söz?!
Dedim. O bir sözümü dedim. Sənə düçar olduğum gündən ürəyimə qonan, məni
gah ruhlandıraraq ənginliklərə uçuran, gah qol-qanadımı qıraraq daşa-qayaya
çırpan, yuxusuz gecələrimin yeganə həmdəmi, dadlı ümidi, şirin xəyalı, nəcib
arzusu o bir kəlmə sözümü dedim. Dedim və birdən-birə mənə elə gəldi ki, dünya
ağırlıqda yükü çiynimdən götürdülər.
Susdum. Cavab üçün. O bir sözümün cavabı üçün susdum. Bir an keçdi... Yalnız bir an! Bir il, bir qərinə, bir əsr qədər uzun olan, sevincimi, kədərimi hazırlayan bir an!.. Başını qaldırdın, ürəyim əsdi. Baxıb getdin. Bir söz demədən getdin. Bir söz!
***
Bir söz var. Mənə deyiləsi, yalnız mənə deyiləsi bir söz. Deyilmir.
Deyiləcəkmi? O bir söz, o bir sözümün cavabı. Deyiləcəkmi?..
Gözlərin, səndən xəbərsiz mənimlə ünsiyyət bağlamış, iri qara gözlərin, mehriban gözlərin «hə» deyir, dilin susur.
***
Bözlərini daha çox sevəcəyəm. Daha çox! Niyəsini soruşma, heç olmasa sən
soruşma niyəsin. Sən soruşma!
11 sentyabr,
1966