Bir mahnı var - Mənsur şeir
- Ana Səhifə
- Bir mahnı var - Mənsur şeir
Bir mahnı var - Mənsur şeir
Aylı-ulduzlu, sevdalı gecə. Gəncə gecəsi...
Ruh oxşayan, könülaçan bağça. Çinarlı bağça.
Əlləri qoynunda bağça sahibi.
Narahatdı. Yaman narahatdı bağça sahibi.
Düşüncəli, kədərli, nigaran baxışları çinara dikiləndə köz kimi oldu
onun qəlbi. Xəfif küləkdəncə alışan köz kimi. Çırtıldadı: «Ömrünün yaraşığı,
ruhumun işığı hardadır harda, hey?!. Gülüşüm, sevincim hardadır, harda, hey?!,
Cavab ver, çinarım, yaşıdım, həmsirrim, həmdərdim çinarım, cavab ver hardadır,
dildarım, harda, hey?!»
Susur çinar. Neyləsin çinar?! Nə desin, bilməyir çinar?! Xəcalətmi
çəkir, dinməyir çinar?!
Onun varlığında təlatüm. Könül tellərində ehtizaz!
Yana-yana yandıran qəlbin səssiz harayı lələk qələmə güc verir:
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz...
«Sənsiz!..» «Sənsiz» kiçik bir bağçada yarandı. Gəncəyə, Azərbaycana yayıldı. Ölkələr dolaşdı. Əsrlər aşdı.
***
Pianonun dilləri tüğyana gəldi. Şirmayı dilləri könül tellərinin
ehtizazı ilə hərəkət edən barmaqlar tüğyana gətirdi.
Səslər gün batar-batmaz ulu dağlara çökən sissizliyin fonunda həmişəvar dərələrdən həzin-həzin axan sular kimi çağladı, çağladı:
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz...
Ecazkar barmaqları şirmayı dillər üzərində gəzən insanın qəlbi dalğalandı, dalğalandı: «Yandım hicrində sənin, yanğımı söndürmədilər, söndürmədilər, söndürə bilmədilər, hey!..»
***
Səhəri müğənni dostu dinlədikcə, «Sənsiz»i dinlədikcə yerində otura
bilmədi, öz-özünə pıçıldadı: «Nə vaxtsa, haçansa sevdiyinə bir anlıq da olsa
qovuşmaq arzusunu, ümidini yaşadan «Sənsiz!..» Bir anlıq da olsa, hey!..»
Ev sahibinin də, dostunun da sifətində iki zolaq yaranmışdı. «Sənsiz»
yaratmışdı bu zolaqları. «Sənsiz!»
– «Sənsiz»i oxuyursan?
– Yox, oxumuram... Yaşayıram... «Sənsiz»i yaşayıram. Yaşaya-yaşaya oxuyuram. Yaşaya-yaşaya!
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz...
Bir mahnı var. Mahnılar içində bir mahnı. Üç dühanın nəfəsi var bu
mahnıda. Üç dühanın. Əbədiyyət fonduna daxil bu mahnı, əbədiyyət, hey!..
30 iyul, 1973