Bal arısı - Mənsur şeir

Bal arısı - Mənsur şeir

Image

Hara baxırsan çiçəkdir. Çiçək.

Sol yan çiçək. Sağ yan çiçək. Hər yan çiçək.

Hər birinin də öz ətri, öz rəngi, öz görünüşü, öz gözəlliyi.

Boyu-buxunu, qaməti. Baxışı. Axışı.

Arılar, kəpənəklər, çəyirtkələr, saysız-hesabsız böcəklər ruhoxşayıcı, məstedici rəngarəng çiçəklər arasında belədən eləyə, elədən beləyə uçuşurlar. Çiçəkdən çiçəyə qonub şirə sorur, qidalanırlar. Nəşəylə. Doyunca. Zövq ala-ala. Ana torpağın səxavətlə, bəzəkli xonça kimi açdığı süfrədən hamısı pay alır. Hamısı. Arılar da, kəpənəklər də, çəyirtkələr də...

Bayaqdan fikrimdə bir sual dolaşır. Bəs sonra, sonra bütün bu kəpənəklər, çəytirkələr, bu müxtəlif böcəklər aldıqlarının əvəzində nə verəcəklər, bal arısı nə?!

Və birdən-birə bal arısı nəzərimdə o qədər böyüyür, o qədər böyüyür ki, heç bir ölçüyə sığmır.

Dahilər də belədir. Eynilə.


13 iyul 1966