Ay nur çiləyəndə...  - Mənsur şeir

Ay nur çiləyəndə...  - Mənsur şeir

Image

Təbiət gümüşü rəngə boyanır, yarpaqlar pıçıldaşır, ulduz ulduzu çağırır, sevgililər görüşə çıxır, ay nur çiləyəndə...

Qapılara elçilər gəlir, qızların ürəyi səksəkədə olur, qoşa zurnadan «Vağzalı» süzülür, nişanlı qızlar gəlin gedir, ay qur çiləyəndə...

*** 

Qonşu idik. Uşaq vaxtı səhərdən axşamacan atılıb düşərdik, deyib-gülərdik, ağacdan ağaca, budaqdan budağa qonardıq, nə vaxt qaş qaraldığını bilməzdik. Bir də onu görərdi ki, anan həyətdə ora-bura boylanıb səni çağırır, sən də onun səsinə hay verər, götürülüb evə qaçardın, qaça-qaça dönüb də tez-tez mənə əl eləyərdin, ay nur çiləyəndə...

*** 

İllər keçdi. Yaşa dolduq. Arzular qəlbimizdə yuva saldı. Arzular – sənin də, mənim də qəlbimi coşduran, bizi yaşamağa, yaşatmağa çağıran arzular!

Böyüdükcə bir şeyi başa düşə bilmirdim, ay qonşumuzun qızı, niyə məndən qaçırdın, özün də istəmədən qaçırdın, ananı, qardaşlarını görən kimi qaçırdın. Niyə qaçırdın axı? Canım, böyüdük də, daha bir-birimizə düşmən ki kəsilmədik?

Axşamlar pəncərənizin qabağından keçəndə bəzən ayaq saxlar, sənin o incə, gözəl, məlahətli səsini dinlərdim. Sən də çox güman ki, mənim qulaq asdığımı bilməyib ahəstə-ahəstə oxuyardın, ay nur çiləyəndə:

Qızılgülü dərərlər,

Məxmər üstə sərərlər,

Xoş o qızın halına

Sevdiyinə verərlər.

Orta məktəbi bitirmişdik. Sən işləmək, ata-anana kömək eləmək istəyirdin, kənddə qalacaqdın; mən oxumaq istəyirdim, şəhərə gedəcəkdim...

Bir yay axşamında artıq yol üstə idim. Bütün qonşular yığılmışdı. Hamı ilə əl tuturdum. Növbə sənə çatdı... Əlini əlimə alanda mənə elə gəldi ki, sən ürəyimin döyüntülərini eşidirsən. Gözlərimiz biri-birinə sataşanda sən, ildırım çaxacağından qorxurmuş kimi, tez başını aşağı dikdin...

Mən yola düşdüm. Hamı mənə əl eləyirdi, sən də. Lakin mən uzaqdan ancaq səni, bir də yellədiyin ağ ipək dəsmalı götürdüm, ay nur çiləyəndə...

*** 

İndi, əziz qonşu mən qayıtmışam. Mən gələnəcən sən də gözəl sağıcı olmusan...

İndi biz kəndimizin işıqlı, firavan, mədəni gələcəyi üçün inadla çalışırıq. Bəzən elə olur ki, evə bir yerdə qayıdırıq, ay nur çiləyəndə...

*** 

Yadındamıdır, bir səhər sevdiyimiz tut ağacının kölgəsində xeyli mübahisə elədik. Sən hardasa oxumuşdun... «Sevgi bir xəstəlikdir...» Bununla heç cür razılaşmaq istəmirdin. Gözəl, incə bir hiss xəstəlik adlandırmaq sənə qəribə görünürdü.

İndi, qonşu can, bu «qəribə xəstəliyə» mən də tutulmuşam, nə vaxt, özüm də bilmirəm, ancaq onu bilirəm ki, rahatlığımı, asudəliyimi itirmişəm. Bu, nə qədər əziyyətli, cəfalı olsa da, mən şikayətlənmirəm. Mən ancaq bunun sənə də sirayət etməsini istəyirəm. İstəyirəm ki, qəlbimin tellərini həyəcana gətirən mizrad sənin də qəlbinin tellərini titrətsin, həyəcana gətirsin, ay nur çiləyəndə...

*** 

Təbəitə gümüşü rəngə boyanır, yarpaq pıçıldaşır, ulduz ulduzu çağırır, sevgililər görüşə çıxır, ay nur çiləyəndə...

Qapılara elçilər gəlir, qızların ürəyi səksəkədə olur, qoşa zurnadan «Vağzalı» süzülür, nişanlı qızlar gəlin gedir, ay nur çiləyəndə...

Nə olaydı, ay mənim qonşum, sən də bir axşam beləcə qapımızdan girəydin... Ağ gəlin duvağını başından götürüb pəncərəni açaydıq, otağımıza ay nur çiləyəydi, yarpaqların pıçıltısı xoş musiqi kimi qulaqlarımızda səslənəydi, bizi dünyanın gözəlliklərindən zövq almağa çağıraydı.

Sən utana-utana olsa da deyəydin:

– Görürsənmi, əzizim, sevgi qarşılıqlı olduqda xəstəlik deyil, şəfa olur!

Mən deyəydim:

– Təkcə şəfa deyil, səadət olur!..

Xəifi axşam mehi də bizim sözlərimizi hər tərəfə aparaydı, hamının qulağına pıçıldayaydı, ay nur çiləyəndə...

 

11 yanvar, 1960