Anın hökmü - Mənsur şeir

Anın hökmü - Mənsur şeir

Image

Onun musiqiylə ünsiyyəti dörd yaşından başlamışdı. Atasının istəyi, ətkidiylə başlamışdı. Sonra özündə yaranan həvəs, vurğunluq... Beləcə getdikcə onun üçün hava olmuşdu, çörək, su olmuşdu musiqi. Varlığına hakim olmuşdu musiqi. Ömrünün qanadları olmuşdu musiqi.

Elə o qanadlardı ki, iyirmi iki yaşında onu Bonndan Vyanaya uçurmuşdu. Az vaxtda pianoçu-improvizator kimi tanıtmışdı. Kübar salonları, dəvətlər, çağırışlar... Şöhrət qapıları yavaş-yavaş üzünə açılırdı. Daha nə lazımdı ki?! İndi hər şey özündən asılı deyildimi?! O birilirdi ki?! İndi hər şey özündən asılı deyildimi?! O bilirdi bunu: yazırdı, yaradırdı. Qəlbi də doluydu. Səslərlə dilləndirməliydi qəlbinin istəklərini, həyəcanlarını, insanlara deyəcəyi sözləri. Səslərlə! İşləyirdi, gecə-gündüz işləyirdi. Bəs necə? Şöhrət qabağında özünü itirən oğullarından deyildi o. var qüvvəsi ilə çalışacaqdı, zamana öz sözünü deyəcəkdi.

Ancaq di gəl ki... Qulaqları əvvəllər də ağrıyırdı... Amma indi, iyirmi altı yaşında kar oldu o. kar!

*** 

Bir gün çay sahilinə gəldi. Çox düşüncəli, kədərliydi. Axar suya baxdı, baxdı. Qəlbi inildədi, gizildədi, təlatümə gəldi qəlbi. «Yazıçı sözlərlə, rəssam rənglərlə, bəstəkar səslərlə... möcüzə yaradır!.. Səslərlə! Bəs bu səsləri, təbiətin səslərini eşitməkdən məni məhrum eləməkdən qəsdin nədir ay tale, taleyim mənim?! Mən axı səslərlə möcüzə yaratmaq istəyirəm. Musiqimlə insanların ruhuna od salmaq istəyirdim. Od! Təbiətin səslərindən qidalanmalı deyildimi?! Çox düşündüm mən, çox götür-qoy elədim. Yox, yaşamağın heç bir mənası yoxdur, yoxdur, yoxdur!..»

O özünə əl qaldıracaqdı... Elə bu ancada birdən yadına Senekanın «Medeya» faciəsindən əzbər bildiyi bir kəlam düşdü: «Tale cəsarətlilərdən qorxur, qorxaqları məhv edir...» Yuxudaymış kimi ayıldı. Və birdən-birə dəhşət içində özü özündən utandı. «Nə? Qorxaq?! Mənmi qorcağam?! Yox, heç vaxt, heç vaxt. Mən bu miskin, bu rəzil adı həndəvərimə qoymaram!.. Heç vaxt qoymaram!.. Heç vaxt!.. Əziz, müqəddəs Seneka, görün bir hansı anda yadıma düşdünüz, hansı vaxtda köməyimə gəldiniz, qərarımı puç elədiniz...»

O var diqqətiylə axar suya baxdı. Suyun səsini axarından almağa çalışdı. Ətrafa boylandı, ağacların yarpaqları titrəşirdi. O, heç bir şey eşitmədi. Ancaq sıxılmadı da, yarpaqların tərpənişindən küləyin gücünü, yarpaqların xışıltısını, suyun pıçıltısını hissləriylə, duyğusuyla, varlığıyla təsəvvür etməyə, edə-edə də eşitməyə çalışdı. «Yox, mən eşidəcəyəm... Eşidəcəyəm... Eşidirsinizmi, təbiblər! Mənə bir köməyiniz dəymir. Qulaqlarımı sağalda bilmirsiniz... Acizlərsiniz!.. Ancaq mən eşidəcəyəm!.. Eşidirəm!.. Mənim köməyim var. Köməkçim tapıldı... İradə, iradə, iradə! Tale ilə ancaq sən vuruşa bilərsən! Sən! Meydan sənindir!»

O, qollarını geniş açdı, bütün kainatı qucaqlayırmış kimi dedi:

– Ana təbiət, özün mənə kömək ol. Kömək ol. Kömək ol! Əl-ələ ver mənimlə, arzularım ürəyimdə qalmasın! Ürəyimdə biləsən nələr yatır, nələr? Özün görəcəksən!.. Əl-ələ ver mənimlə, mənim anam!

Ömrünün ən ağır anında özünü itirmədi o. itirmədi!..

İtirsəydi... bəşəriyyət Bethoveni itirəcəkdi. Bethoveni!..


18 avqust, 1984