Ana və torpaq - Mənsur şeir
- Ana Səhifə
- Ana və torpaq - Mənsur şeir
Ana və torpaq - Mənsur şeir
Körpə ananın südünü əmdi, yuxusunu yedi. Ana yanmadı, gözlərinin nuruna,
ürəyinin qanına, qollarının qüvvəsinə, hamısını, hamısını verdi körpəsinə,
nəfəsinə, həyat səsinə. Bir tikəsinə də yanmadı. Bir tikəsinə də. Böyütdü
körpəsini, ömür səyyarəsini. Ayaq üstə qoydu. Torpaq üstə qoydu.
Torpaq sinəsində gəzdirdi onu. Yedirtdi, geydirdi. Ana nəvazişiylə, ana
zövqüylə. Heç nəyini əsirgəmədi torpaq, heç nəyini. Əsirgəmədi ondan!
Oğul böyüdü, böyüdü... Əli çörəyə çatdı. Səsi-sədası el obanı aşdı, şəhərləri
dolaşdı. Oğul məşhurlaşdı... Və birdən-birə o qədər qohum-əqrəbası tapıldı
ki... Çoxunun heç səsini eşitmədiyi, üzünü görmədiyi, gördüklərinin də
soyuqluğundan həmişə üşüdüyü qohum-əqrəbası. Özü də mat qaldı.
Çıraq yansın, pərvanələr öz-özünə yığışacaq. Yığışırdı qohumlar da.
Yığışırdı. Söz-söhbət də qızışırdı. Biri daha yaxın qohum olduğunu, biri
adı-sayınla göylərə sığmadığını söyləyir, kimi haçansa əlindən tutduğunu, kimi
qayğı bəslədiyini sözarası deyir... Hərə bir cür yerini şirin salmağa çalışırdı.
Hamı, hamı danışırdı.
Danışmayan yalnız ana idi, torpaq idi. Ana torpaq, torpaq ana! Onların
təbiəti belədir. Təbiəti!
22 sentyabr,
1966