Ağ şanı - Mənsur şeir

Ağ şanı - Mənsur şeir

Image

Talvar düzəltdirdi bağında bağ sahibi. Adamboyundan da ucaydı talvar.

Meyvələr talvara qaldırılırdı, əməlindən razı qaldı bağ sahibi. Razı qaldı...

Üzüm vaxtı yetişdi, dost-tanış yığışdı. Ayaq altına kətil qoyub talvardan salxım dərdilər, üzüm yedilər. Kimi qara şanı, kimi ağ şanı, kimi sarıgilə. Yedilər gilə-gilə. Yedilər. Sonra da dedilər:

– Balam, baldan şirin olardı Bakı şanısı, şirinliyinə nə oldu bunun.

– Kəhraba rəngində görmüşük ağ şanını, hara getdi o rəng, necə oldu o rəng...

– Adnandı Abşeron şanısı, Bakının ağ şanısı, deyəsən elə adı qaldı!

Giley-güzara qoşuldu bağ sahibi də:

– Deməyin, deməyin, mən də şanını, ağ şanını heç tanıya bilmədim... Tanıya bilmədim.

Qonaqların sözündən o qədər də incimədi, bağ sahibinin sözü yaxıb-yandırdı ağ şanını. Yaxıb-yandırdır! İçəridən göynədi. Necə göynədi! «Ah, bağ sahibi, bağ sahibi! Nə deyim sənə?! Necə deyim sənə?! Hanı mənim kəhraba qumum, narın qumum, hərarətli qumum?! Bir qarışlığında, nəfəs-nəfəsə nazlı-nazlı uyuyardım, səhər-səhər günəşin zərrin, ilıq şüaları canıma hopardı... Ah, necə hopardı!.. Talvara məni niyə çıxartdın, ay bağ sahibi?! Niyə çıxartdın axı?! İndi narın, kəhraba, doğma qum aşağıda qalıb, mən yuxarıda. Həsrətik bir-birimizə. Həsrəti! O deyilmi rəngimi ədyişən, dadımı qaçıran?!»

Heyf ki, dili yoxdu, olsaydı qonaqların elə hüzurundaca ürəyindəkiləri bağ sahibinə deyərdi, hələ çox şeylər deyərdi, çox şeylər, Bakının şöhrəti-şanı, ağ şanı!.. Deyərdi!


25 avqust, 1978