Abdulla Şaiqin xatirəsinə - Mənsur şeir

Abdulla Şaiqin xatirəsinə - Mənsur şeir

Image

– Böyük bir yazıçının, sənətkarın qələmi əlindən düşdü! – dedilər.

– Nəcib, gözəl, xeyirxah bir insanın ürəyi dayandı! – dedilər.

El yığıldı, dostlar gəldi, qohum-qardaş, oğul-uşaq töküldü: - «Gəlin çiynimizə alaq, son mənzilə aparaq» - dedilər.

Apardılar. Ədəblə, hörmətlə, adına-sanına layiq bir şərəflə ədfn elədilər, son torpağı töküb, «Gəlin, vidalaşaq» - dedilər.

Onu torpağa tapşırıb, məzarını tərk etdilər; kimi bir az tez, kimi bir az gec... Hamı getdi!.. Düşünə-düşünə, mükəddər, başlarını aşağı dikə-dikə getdilər... Gedə-gedə iki nəfər biri-birinə baxıb həkimanə: - «Bəli, bu gündən bu da qarışdı min ilin ölülərinə», - dedilər.

Yox!.. Sonuncunu düz demədilər, mirzə, düz demədilər! Axı sən min ilin ölülərinə yox, min ilin dirilərinə qarışdın! Sən Nizamilərə, Füzulilərə, Vaqiflərə, Sabirlərə, Mirzə Cəlillərə, Cavidlərə, Cəfərlərə, Üzeyirlərə qarışdın!


26 iyun, 1959