"Balaca dostlarım üçün" silsiləsindən

"Balaca dostlarım üçün" silsiləsindən

Image

BALACA ADAM

Ceyhun nağılı çox sevir. Şəkilli kitabları da. Özü hələ kitab oxuya bilməsə də böyüklər köməyinə çatır. Ən çox da anası və üçüncü sinifdə oxuyan bacısı. Təkdənbir atası da bu işə qoşulur. Ancaq təkdənbir. Axı o, Neft daşlarında işləyir. On gün orada, beş gün evdə olur.

Bu gün Ceyhunun kefi kök idi. Atası Neft daşlarından təzəcə gəlmişdi. Gələrkən yolda ona şəkilli kitablar alıb gətirmişdi.

Atası çörəyini yeyib qurtaranacan Ceyhun kitabları varaqlayıb şəkillərinə baxdı. Sonra əlində Abdulla Şaiqin «Tıq-tıq xanım» kitabı atasının yanını kəsdirdi:

– Ata, ata, bu kitabı oxuyarsan?

– Oxuyaram, oğul. Ancaq qoy bir stəkan çay içim, sonra, yaxşı?

– Yaxşı. Atası, heç bilirsən nə olacam?!

– Yox.

Ceyhun özündən razı halda:

– Dəmirçi! – dedi

Atası başa düşdü ki, bu hardan gəlir. Axı keçən dəfə gələndə o, Mikayıl Müşfiqin «Şəngül, Şüngül, Məngül» kitabını alıb gətirmişdi. Nağılların, kitabların, multfilmlərin, sirk tamaşalarının təsirilə tez-tez sənət dəyişmək son vaxtlar Ceyhunda adət şəklinə düşmüşdü. İndiyəcən o, tankçı, çoban, təyyarəçi, gülməli adam (Ceyhun sirk tamaşalarındakı klonu belə adlandırır), sürucü olmuşdu. İndi də dəmirçi olmaq istəyirdi. Atası bunun nə ilə əlaqədar olduğunu bilsə də yenə soruşdu:

– Niyə dəmirçi olmaq istəyirsən, oğul?

– Ona görə ki, keçinin buynuzlarını yaxşıyaxşı itiləyərəm. O da canavarın qarnını yırtar, ondan intiqam alar. Atası, düzdü, dəmirçi yaxşıdı?

– Pis sənət yoxdur, oğul.

– Mən dəmirçi olacam. Qurtardı getdi.

Atası bir istədi desin: «Bəs on gün bundan qabaq sürücü olmaq istəyən sən deyildin, ay Ceyhun?!» Ancaq demədi. Ona belə cavab verdi:

– Nə olursan ol, oğul, təki adam olub bir yana çıxasan, adam.

Ceyhunun iri, qara gözlərində təəccüb göründü:

– Bəyəm, mən indi adam deyiləm?!.

Atası beş yaşında uşaqla dərinə getmək istəmədi:

– Yox, adamsan, oğul, adamsan. Ancaq indi balaca adamsan, böyüyəndə isə böyük adam olacaqsan.


11 may, 1970

BƏHRAM


O, anadan olanda babası təzəcə vəfat eləmişdi. Atasının ürəyincə ona babasının adını qoymuşdular.

Ancaq evdə heç kim onu bu adı ilə çağırmırdı. Çağırmağa ürək eləmirdi. Nənəsi də, atası da, anası da.

Körpəni hərəsi bir cür əzizləyirdi.

Nənə onu dizi üstə oturdub əlini başına çəkəndə:

– Əvəz bala! – deyirdi.

Ata onu götürüb başı üstünə qaldıranda:

– Ataşım, qardaşım! – söyləyirdi.

Ana onu qoynuna alıb süd verəndə:

– Balacığım, dovşancığım! – pıçıldayırdı.

Uşaq bu sözləri eşidə-eşidə böyüyürdü. İki yaş yarımına çatanda nənəsinə dedi:

– Nənə, mən dovşanam, dovşan.

Evdə hamı başa düşdü ki, onun «Doşvan» sözündən daha çox xoşu gəlir.

O  gündən «Əvəz bala», «Ataşım, qardaşım», «Balacığım, dovşancığım» sözləri təkcə «Dovşan» kəlməsi ilə əvəz olundu. Evdə onu belə çağırırdılar:

– Dovşan.

Bu söz qonşular arasına da, həyətə də yayıldı.

*** 

Vaxt gəldi, o, bağçaya gedəsi oldu...

Tərbiyəçi məşğələ zamanı eşitdi ki, uşaqlardan biri yanında oturan qaraşın oğlanı «Dovşan» deyə çağırır. Onlara yaxınlaşdı. Qaraşın oğlandan soruşdu:

– Oğlum, sənin adın nədir?

– Dovşan.

Uşaqlar gülüşdü. Tərbiyəçinin də dodaqları qaçdı. Özünü gülməkdən güclə saxladı. Qaraşın oğlana dedi:

– Yox, oğlum, sənin adın Dovşan deyil. – Sonra o, üzünü uşaqlara tutdu. – Bu oğlanın çox qəşəng adı var: Bəhram. Bundan sonra ona «Dovşan» deməyin. Kim desə küncə qoyacağam.

*** 

Bəhram yolda nənəsinə təzə xəbər verirmiş kimi dedi:

– Nənə, bağçada mənə təzə ad qoydular: Bəhram.

Nənə barmağını dişlədi. Bəhram əlavə etdi:

– Müəllim dedi ki, kim mənə Dovşan desə onu küncə qoyacaq. Nənə, düzdür müəllim mənə yaxşı ad qoyub?

– Düzdür, bala, düzdür. Bəhram yaxşı addır.

– Nənə, sən də mənə Bəhram de, yaxşı?!

– Yaxşı, oğul, deyərəm.

– Atam da desin, anam da desin.

– Onlar da deyərlər quzum, deyərlər.

*** 

İndi Bəhrama ya evdə, ya da qonşular arasında biri çaşıb «Dovşan» deyəndə acığı gəlir, o saat dodaqları sallanır, qorxudurmuş kimi deyir:

– Bax, müəllimə deyərəm a!.. Gəlib səni küncə qoyar!..


24 mart, 1971

QAYIŞ

Adama cəza verəndə də analar verəydilər. Uzaqbaşı küncə qoyacaqlar: on beş dəqiqə, yarım saat, bir saat. Yoxsa atalar kimi... Bir balaca ayağını düz qoymadın tez qayışa əl atırlar.

Ataların bircə bu qayışı olmaya. Sizi bilmirəm, mən üç-dörd dəfə qayışın ağrısını dadmışam. Yaman olur qayış ağrısı. Elə göynədir, elə göynədir ki...

Bunlar çoxdan olub. Məktəbə getməyən vaxtlarımda. İndi üçüncü sinifdə oxuyuram. Evə tez-tez «5» gətirirəm. Atamın yaman xoşu gəlir. «5» görəndə əlini kürəyimə vurur, «mənim ağıllı oğlum» deyir.

Amma atamın qayışı evimizdə yenə öz işini görür. Bu qayışı indi işə saldıran qardaşım Bəşirdir. Bəşir qəribə uşaqdır. İstəyirəm onun haqqında sizə bir az danışım.

Bəşir məndən beş yaş balacadır. Ancaq hərdən özünü elə aparır ki, guya mənimlə bir yaşdadır. Atam, anam məni əzizləyəndə tez özünü çatdırır ki, mən də varam, mən də.

Bəşir bir gün həyətə düşəndə neçə cür söyüş öyrənir. Bunları evdə təkrar eləyəndə cəza alır. Anam eşidəndə küncə qoyur, atam eşidəndə qayışı işə düşür. Belə vaxtlarla tez-tez məni ona nümunə göstərirlər:

– Bir bax, qardaşın Mirağaya, heç gör söyüş söyür.

İstəyirəm deyəm ki, Bəşir boyda olanda mən də söyürdüm. Elə indi də birisi məni söyəndə mən də onu söyürəm. Bunsuz olmur. Ancaq deyə bilmirəm. Atamın qayışı gəlib durur gözümün qabağında.

Bir dəfə anam Bəşirə cəza verib küncə qoymuşdu. Onda Bəşir üç yaş dörd aylığında idi. Yadımda yaxşı qalıb. Bəşir hələ cəza vaxtı qurtarmamış anamdan su istəyir. Anam da su vermir. Acıqla ona:

– Bəşir, sənin hələ bir dilin də var mənimlə danışmağa?! – deyir.

Bəşir də yazıq-yazıq:

– Var, anası, var! – deyib dilini çıxarır, ona göstərir.

Bəşirin sözlərinə atam ürəkdən qəhqəhə çəkib gülür və anamdan xahiş eləyir ki, onun xatirinə Bəşiri bağışlasın. Anam da bağışlayır...

Bir gün Bəşir – onda dörd yaş üç aylığında idi – radioqəbuledici qoyulmuş tumboçkanın qapısını açır, qapının üstündə oturub özü üçün yellənməyə başlayır. Bəşirin ağırlığından tumboçka əyilir, radioqəbuledici gurumbultu ilə yerə düşür. Bəşir qorxusundan qışqırır. Yaxşıdır, özü radioqəbuledicinin altında qalmayıb. Ancaq bir bala ayağı cızılıb. Bu zaman mən məktəbdə olmuşam. Evə gələndə gördüm Bəşir öz «küncündə» dayanıb. Səbəbini soruşanda anam mənə əhvalatı danışdı.

Atam bunun üstündə Bəşiri iki dəfə qayışa qona elədi. Bir dəfə əhvalatı eşidəndə, bir dəfə də radioqəbuledicini çyninə alıb təmirdən gətirəndə. O, radioqəbuledicini tumboçkanın üstünə qoyub üz-gözünün tərini sildi, sonra Bəşiri yanına çağırdı:

– Sənin ucbatından bu yekəlikdə şeyi beşinci mərtəbədən düşürüb çıxarmışam. Artıq zəhmətə salmısan məni. Utanmırsan?! – deyib qayışını əlinə aldı.

Bəşir qorxsa da səsini çıxarmadı. Günahının ağır olduğunu özü də daşa düşürdü. Qayış işə düşdü. Hiss elədim ki, atam birinci dəfədə olduğu kimi vurmadı. Görünür, Bəşirin büzüşüb qalması və səsini çıxarmaması atamın ürəyini yumşaltmışdı.

*** 

Radioqəbuledici əhvalatından iki ay keçmişdi. Sahil bağına gəzməyə getmişdik: atam, anam, Bəşir və mən. Gəzə-gəzə gəlib «Bahar» yaya kino-teatrının olduğu yerə çıxdıq. Sahil bağında bura bizim ən çox xoşumuza gələn yerdir. Yay kino-teatrının qabağında balaca hovuz var. Hovuzun ortasında göbələk şəkilli balaca fontan. Hovuzun yan-yörəsi həmişə uşaqla dolu olur.

Biz buraya gələn kimi atam, anam bir tərəfə çəkilib skamyada otururlar. Bəşirlə mən isə tez özümüzü hovuzun yanına veririk. Onun ətrafında oynayırıq. Bir də görürsən bir uşaq hovuza qayıq buraxdı, hamı tamaşasına yığıldı. Bir başqasının şarı suya düşdü, onu tutmaq üçün hamı əl-ayağa düşdü. Xülasə, hovuzun yön-yörəsi həmişə maraqlı olur.

Hovuz hərdən ata-anaları narahat da eləyir. Bir də görürsən Bəşir boyda ya ondan balaca bir uşaq əyilib su ilə oynadığı vaxt gurumbultu ilə hovuza düşür. Hovuz da yaman dərindir a!.. Uşağı vaxtında çıxarmasalar o saat boğular.

Bir dəfə, onda üç yaşım olardı, hovuza mən də baş vurmuşam. Atam suda batıb-çıxdığımı görər-görməz şalvarlı özünü dalımca suya atmış, məni xilas eləmişdir.

Bu əhvalatı atam, anam indiyəcən o qədər danışıblar ki. Mənimsə bu batmaq əhvalatından heç xoşum gəlmir. Ancaq neyləyim, böyüklər danışanda kiçiklərdən icazə almırlar.

Biz indi də gəlib boş bir skamyada əyləşdik. Mən maraqlı kitab gətirmişdim. Oturan kimi oxumağa başladım. Bəşir hovuzun yanına qaçdı. Bir azdan yanımızda yaşlı bir kişi arvadı ilə gəlib oturdu. Kişi oturmamışdan əvvəl atamla salamlaşdı.

Bəşir su ilə oynayırdı. Anam ona acıqlandı:

– Bəşir, əlini sudan çək, hovuza düşərsən.

Bəşir əlini çəkdi hovuzdan bir-iki addım geri çəkildi.

Atam fikirli-fikirli mənə baxdı. Mənə elə gəldi ki, vaxtı ilə məni hovuzdan çıxardığı səhnəni xatırladı.

Başımı kitaba əydim. Anamın səsi yenə qulaqlarımda cingildədi:

– Bəşir, əlini sudan çək!

Mən atama baxdım. Gördüm o da mənə baxır. Qorxdum ki, indi yəqin deyəcək: «Sənin dalınca suya atıldığım kimi, deyəsən, Bəşirin dalınca da suya atılmalı olacağam!» Ancaq demədi. Demədiyi üçün ondan razı qaldım.

Kitab oxumaq həvəsim daha qaçdı. Fikrim Bəşirin yanına uçdu. Bəşir əlini üçüncü dəfə suya salanda atamın səsi ətrafa yayıldı:

– Bəşir!

Bəşir tez əlini sudan çəkib atama sarı çevrildi. Atam hirslənmişdi. Onu çağırdı:

– Bu saat bura gəl!

Bəşir gəldi. Atamın qarşısında dayandı. Atam dedi:

– Əlini suya salma, qayışı açaram sənin üçün a!..

– Açarsan şalvarın düşər, hamı sənə gülər.

Bəşirin bu gözlənilməz sözünə yaşlı kişini gülmək tutdu. Atam da ona qoşuldu. Yaşlı kişi Bəşirə dedi:

– Bala, sən nə hazırcavab oğlansan, hə?! – Üzünü atama tutdu: - Xoşuma gəldi hazırcavablığı. – Sonra üzünü yenə Bəşirə çevirdi: - Cavabın xoşuma gəldi. Ancaq ata-ananın da gərk sözünə baxasan. Onda qiyamət oğlan olarsan.

Yaşlı kişi Bəşirin adını soruşdu. Atam dedi. Sonra mənim adımı dedi. Haqqımızda danışmağa başlayanda Bəşirlə «gizlənpaç» oynamağa getdik.

*** 

O gündən indi xeyli keçib. Nə sirsə bilmirəm, atamın qayışı bu müddət əzrində bir dəfə də işə düşməyib. Buna Bəşirin hazırcavablığı səbəb olub, ya nə? Bilmirəm. Atamdan soruşmağa da ürək eləmirəm. Qorxuram yadına salam. Elə yadından çıxsa yaxşıdır.


23 iyul, 1971

SÜBH ÇAĞI

Baba birinci dəfə idi nəvəsini görürdü. Nəvəsinə baxırdı oğlunun uşaqlığı gözünün qabağına gəlirdi. Həmin çatma qara qaşlar, qara gözlər. Qara gözlərin ağı süd kimi ağappaq, qarası kömür kimi qapqara.

Oğlu bu yaşda olanda sevincək əlindən tutub məktəbə aparmışdı. Ancaq oğlu bir az ətli-qanlı idi. Nəvəsi gözünə arıq göründü. Oğluna gileylənir kimi soruşdu:

– Bu uşaq niyə belə arıqdır? Çörək-zad vermirsiz buna?

– Niyə vermirik, ay dədə. Yemir. İştahı olmur.

– Burda olar. Yaxşı eləyib gətirmisən nəvəmi. Məktəbə gedənəcən burda qalar. Bir az ətə-qana gələr. Sübh çağı ki, onunla yuxudan durub bağ-bağatı, çöl-çəməni gəzib dolandıq ha, iştahı öz-özünə açılacaq.

– Sübh çağı nədi, ay dədə, sən onu heç saat doqquzda oyada bilməzsən.

– Bax, bu olmadı, oğul. Uşağı korlamısan. Adam ki, tezdən durmadı, heç nə. Ancaq qorxusu yoxdur. Hələ körpədir mənim Rəşidim, hələ ömrünün sübh çağındadır mənim nəvəm. Biz elə sübh çağında da onu oyadarıq. Bəs necə?! Kənd yerində yuxuya qalmaq olmaz, adama gülərlər.

– Dədə, onu da deyim ki, nəvən yaman sualbazdır a? Gördükləri barəsində o qədər soruşacaq ki?.. Qorxuram bu xasiyyətiynən səni bezikdirə.

– Qorxma. Məni özün kimi kəmhövsələ bilmə. Sən özün uşaqlıqda az soruşmusan? Soruşar cavabın alar. Qorxma. Məktəb vaxtı çatanda da özüm götürüb Bakıya gətirərəm.

*** 

– Baba, baba, gör nə balaca yoldur!

– Bala can, buna cığır deyirlər, cığır.

Baba nəvəsinin baxışlarında sual gördü. Düşündü ki, yəqin oğlunun bir neçə gün əvvəl «nəvən yaman süalbazdır a!» sözlərini təsiri ilə Rəşid sorğu-sualdan çəkinir. Cavab verdi:

– Cığır yola tez çatmaq üçündür, bala! Siftə kimsə buradan getmiş, kəsə yol salmışdır. Dalısınca başqaları gedib-gəlməyə başlamışlar.

– «Kəsə» nədir, baba?

Qəfil ağzından çıxan sual üçün uşaq qorxdu ki, indicə babası hirslənəcək, atamı kimi «işə düşmədik!» deyəcək. Ancaq baba hirslənmədi. «İşə düşmədik!» də demədi. Cavab verdi:

– Kəsə, yəni birbaşa... Dayan, dayan, səni necə başa salım. Hə, bura bax, bir var sən elə bu yol ilə o təpənin ətrafını dolanıb gedəsən. Bu, bir az uzun olar. Bir də var elə buradan özünə cığır açasan, təpənin bu üzündən o üzünə adlayasan. Bax, bu olar kəsə yol. Başa düşdün, bala?!

– Bəli, baba.

– Meşə, dağ-daş, çöl-çəmən cığırsız olmaz, balacan. Harda cığır gördün, bil ki, gediş-gəliş var. Gediş-gəliş varsa demək həyat var.

Onlar təpənin dövrəsinə dolanmış yolla gəlib gözəl bir meşəyə çıxdılar.

– Baba, gör nə sakitlikdir eee?!.

– Meşə də insan kimi nəfəs alır, dincəlir, bala. Bir azdan o yuxudan oyanacaq, hər şey dilə gələcək, oxuyacaqdır.

Meşəni keçib ətrafa səs sala-sala, köpüklənə-köpüklənə, gurultuyla axan çaya çatdılar.

– Necə də iti axır, baba?

– Bağ çayıdır, bala, gərək elə belə də axsın. Onda dağların gücü var.

Çay ensizdi. Üstündən körpü yerinə budaqları qırılmış qarağac salınmışdı. Qarağacın üstü ilə çayın o biri sahilinə keçdilər. Bura tala idi. 

– Baba, babacan, damcıya bax, damcıya! Şüşə kimi necə də parıldayır?!

– Şehdir o, balacan. Sübhdən ki çöl-çəmənə, meşəyə, kol-kosa beləcə baxırsan, hər şeyi şeh içində yuyunan görürsən. Günəşin intizarını çəkirlər. Günəş çıxan kimi qurunmağa başlayacaqlar. Sübhün şəffaf şehi, səhərin xəfif mehi babanın da, nəvənin də ürəyini açır, ruhunu oxşayır. Onlar danışa-danışa, gözəl, ürəkaçan mənzərələri süzə-süzə gedirlər.

Nə baba yoruldum deyir, nə nəvə. Nəvə birinci dəfə gördüklərinə heyran olur, baba ömrü boyu gördüklərindən ağızdolusu, ləzzətlə danışır.

«Sualbaz»ın sualları qurtarmaq bilmir, cavabı hazır babanın sinəsi boşalmaq.

*** 

O, gözünü açanda babası hələ yatırdı. Görünür, dünənki qatar onu çox yormuşdu.

Cəld ayağa durdu. Bir ayda o,, necə də qaralmış və kökəlmişdi...

Rəşid, babası oyanmasın deyə pəncəsi üstə yeriyərək o biri otağa keçdi. Anası da, atası da yatırdılar. Səssizcə mətbəxə keçdi. Kranı açıb əl-üzünü yudu...

Suyun səsinə anası oyandı. Saata baxdı. Yeddiyə beş dəqiqə işləmişdi. Tez ayağa durdu. Axı bu gün oğlu məktəbə getməliydi. Onu oyatmaq üçün o biri otağa keçdi. Rəşid yerində yoxdu. Baba şirin-şirin yatırdı.

Ana mətbəxə gəldi. Rəşid-əl-üzünü silirdi. Anası gülə-gülə dedi:

– Səndən nə əcəb, ay bala?!

– Öyrəşmişəm, ana, baba öyrədib.

Ana-balanın şirin danışığına ata da, baba da oyandılar. 

Süfrəyə yığışanda gəlin qayınatasına dedi:

– Gözümün qabağında dağ kimi durmuşdu ki, Rəşid məktəbə gedəndə onu yuxudan necə oyadacağam. Bu gün özü hamımızı qabaqlayıb.

Baba xəfifcə qımışıb oğluna baxdı. Oğlu gülümsədi:

– Sənin yanında yuxuya qalmaq olar, ay dədə?!

Baba çayını içə-içə dedi:

– Birinci gün nəvəmi gərək məktəbə özüm aparam. Atasını da mən aparmışam. Nə bilim, deyirlər, guya əlim yüngüldür.

Bu fikri hamı bəyəndi. Səkkizə on dəqiqə işləmiş baba ilə nəvə evdən çıxdılar...

*** 

Məktəbin qabağında şagirdlər sinif-sinif sıraya düzülmüşdülər. Yanlarında da sinif rəhbərləri. Lap başda birincilər dayanmışdılar. Rəşid I «b» sinfinə düşmüşdü. İkinci cərgədə birinci durmuşdu.

Dərs ilini başlanmasına həsr edilmiş yığıncağı açmazdan əvvəl direktor ata-analar dayanan tərəfə nəzər salıb dərs hissə müdirinə nəsə dedi. O da başı ilə razı olduğunu bildirib Rəşidin sinif müəllimini çağırdı. Bu, gənc bir müəllimdi. Dərs hissə müdiri direktorun və özünün fikrini ona dedi. O da düz Rəşidin babasının yanına gəldi:

– Direktor da, dərs hissə müdiri də belə məsləhət görürlər ki, yığıncaqda six çıxış edəsiniz, şagirdləri, müəllimləri, ata-anaları təbrik edəsiniz.

Baba etiraz elədi:

– YOx, qızım nə danışırsız? Cavan ata-analar var, qoy onlar danışsınlar, - deyib yan-yörəsində durmuş gənc valideynləri göstərdi.

Rəşidin müəllimi dediyinin üstündə durdu, gənc ata-analar da ona tərəfdar oldular. Baba razılıq verdi...

Baba həyəcan keçirirdi. Nə danışacaqdı? Nədən başlayacaqdı? «Bu qədər adamın qabağına çıxırsan, gərək ağıllı bir söz deyəsən... İndi mən onlara nə deyim?!»

Baba belə fikirləşərkən direktor onun, hamıdan yaşlı valideynin adını çəkdi. Baba irəli yeridi, gəlib direktorun yanında durdu, üzünü ona zilləmiş şagirdlərə, müəllimlərə, ata-analara tutdu, nəzərləri ilə Rəşidini axtardı, bir anlığa baba-nəvə üz-üzə dayandılar. Baba nəvənin baxışlarında elə bil oxudu: «Danış, baba, danış, həmişə mənə danışdıqlarından danış. Hamının xoşu gələcək. Gələcək, baba!»

Baxışları nəvəsinin baxışlarına zillənmiş halda baba sözə başladı:

– Burda görürəm, çox adam var. Çoxlu da ata, ana var. Bir belə adamın içində mənə söz veriblər. Şəksiz qoca olduğum üçün. Direktor demişkən, hamıdan yaşlı olduğum üçün. Bu hörmətin əvəzində mən də istəyirəm elə qocayana bir neçə kəlmə söz deyəm.

Bu gün məktəblər öz qapılarını uşaqlarımızın üzünə açıblar. Görürsüz, hamı şadyanalıq, sevinc içindədir. Ancaq deyə billəm məktəbə siftə ayaq açanların sevinci lap çoxdur. Odur iki cərgə lap başda durublar. Onların içində mənim nəvəm də var. Onlar ömürlərinin sübh çağındadır hələ. Onlar üstü şehli, tazə-tər otlar, çiçəklər timsalındadır hələ. Belə tazə-tər otların da, çiçəklərin də, bilirsiz, günə, qızıl şüalara ehtiyacı olur. Bax, bu balaların da elm, bilik şüalarına ehtiyacları var. Bunu da onlara siz verəcəksiz, müəllimlər! Məktəb verəcək. Məktəb onları həyata hazırlayacaq.

Arzum nədir mənim? Rəşidim və onun həmyaşları məktəbi üzüağ qurtarsınlar. Həyata atılanda tapdanmış yolla getməsinlər. Özlərinin cığırı olsun. Sürətləri dağ çaylarının sürətinə oxşasın. Çaylar güclərini dağlardan alır, onlar eldən alsınlar. Elə arxalanan oğulun hələm-hələm dizi bükülməz...

İlk zəng çalındı. Şagirdlər dalğalandılar. Sinif-sinif içəri keçdilər. Valideynlər üzlərində fərəh əl eləyə-eləyə qaldılar.


Avqust, 1971

BALAMİRZƏNİN NƏVƏLƏRİ


Balamirzənin üç nəvəsi var. Üçü də qızdır. Üçünün də adını Balamirzə özü qoyub: Rəna, Nigar, Lalə.

İri, qaragözlü böyük bacı Rənanın doqquz yaşı var. Üçüncü sinfə keçib. Rəna deyib-gülən, zarafatcıl qızdır. Məzəli, gülməli söz-söhbətilə babasının ürəyini açır, onu darıxmağa qoymur. Babası da onu «məzəli nəvə»si hesab edir.

Qonurgözlü, itibaxışlı ortancıl bacı Nigar yeddi yaşındadır. Bu il məktəbə gedəcək. Nigar bir az qaraqabaq, azdanışandır, elə həmişə istədiyi də budur ki, ona nağıl, maraqlı əhvalatlar danışsınlar, o da oturub əli çənəsində heyran-heyran dinləsin. Balamirzə Nigara «dinləyici nəvəm» deyir.

Qaragözlü, şirindilli kiçik bacı Lalə beş yaşın içindədir. Lalənin bir az dəcəlliyi, bir az ərköyünlüyü, bir az da küsməyi var. Oynamağına söz ola bilməz. Oyun havalarımızdan «Tərəkəmə»ni, «Uzundərə»ni elə oynayır ki, babasının sevincindən gözləri yaşayır. Onu yarızarafat, yarıciddi «rəqqasə nəvəm» adlandırır.

Balamirzə mətbəə işçisidir. Yaşı altmışı keçsə də təqaüdə çıxmır, «nə qədər canımda su var işləyəcəyəm» deyir. İşləyir də. Özü deyən nəvələrinin ruzusuna ortaq olmaq istəmir. Balamirzənin arvadı, üç bacının bir istəkli nənəsi Kübra isə təqaüdə çıxıb, özü deyən nəvələrinə canla-başla qulluq etmək üçün. Edir də.

Bu axşam Balamirzənin bir köhnə dostu onlara qonaq gəlmişdi. Ağır illərin dostları idilər. Bir-birlərini heç unutmaz, fürsət ələ keçincə görüşər, bir-birlərindən hal-əhval tutardılar.

Balamirzə ədib dostunun gəlişinə çox sevinirdi. Bilmirdi heç necə onun qulluğunda dursun. Onun belə əl-ayağa düşməsini görən dostu dedi:

– Balamirzə, Kübra xanıma da de, mən indicə yeyib gəlmişəm. Bir stəkan pürrəng çaya sözüm yoxdu. Başqa heç nə lazım deyil. Gəlmişəm nəvələrinlə tanış olam, həmişə danışırsan onlardan. İndi mənimlə tanış elə, yaxından tanıyıram onları.

Balamirzənin gözləri güldü, elə bil qarabuğdayı sifətinə işıq gəldi.

– Baş üstə, Miryəhya, o da mənim gözüm üstə, - dedi.

Nəvələrini çağırdı. Gəldilər.

– Əminiz Miryəhyaynan tanış olun.

Qızlar növbə ilə yaxına gəlib Miryəhya ilə görüşdülər, görüşə-görüşə adlarını da pıçıldadılar.

– Rəna.

– Nigar.

– Lalə.

Miryəhya dodaqlarında təbəssüm Balamirzəyə baxdı:

– Balamirzə, indi istəyirsən mən bunların ikinci adlarını da deyim. Gör səhv eləmirəm ki?!

Balamirzənin sifətində gülüş göründü, süfrəni salıb çay gətirməyə gedən Kübra bir anlıq ayaq saxladı, qızlar sorğulu nəzərlərlə bir-birinə baxdılar. Miryəhya onları çox maraqlandırdığını görüb dedi:

– Balamirzə, bu qız – o, Rənanı göstərdi, - sənin məzəli nəvəndir. Bu qız Nigarı göstərdi, - sənin dinləyici nəvəndir, bu isə – barmağını Laləyə tərəf uzatdı, - sənin rəqqasə nəvəndir, düzdür?!

– Düzdür, Miryəhya, düzdür.

– İndi ki, düzdür, Balamirzə, bunlar da gərək öz ikinci adlarını sübut eləsinlər. Məzəli nəvən bizə bir məzəli əhvalat danışsın, rəqqasə nəvən rəqs eləsin, dinləyici nəvən, söz yox, bizi dinləyəcək, öz yerində, bs o bizimçün neyləyə bilər, Balamirzə?!

– O da bizimçün şeir deyər, əmisi, şeir. Heç bilirsən nə şeirlər bilir?

– Yaxşı, sən deyən olsun, Balamirzə. Mən buna razı. Birinci kimdən başlayaq indi, hə, kimdən?

Qızlar bir-biriylə baxışdılar. Balamirzə dedi:

– Əmisi, deyirəm, bir əvvəlcə rəqqasə nəvəmin oynamasına tamaş eləyək. Mən bu saat radiolanı yandırım. «Tərəkəmə»ni çaldırım, nəvəm də oynasın.

Musiqi çalınanda Lalə ortalığa düşdü, süzdü, süzdü.

Oynayıb qurtaranda nənəsinə doğru qaçdı, başını onun qolları arasında gizlətməyə çalışdı. Babası başına əl çəkdi. Miryəhya dedi:

– Afərin, Lalə, dostum. Balamirzənin rəqqasə nəvəsisən ki, nəvəsi. İndi də, Balamirzə, deyirəm böyük bacını dinləyək. Sənin məzəli nəvəni. Bir məzəli əhvalat danışsın, biz də dinləyək.

Rəna babasına baxdı, babası baxışları ilə danışmasını bildirdi:

Rəna babasına üzünü yaxın tutub bu dəfə astadan soruşdu:

– Molla Nəsrəddin lətifələrindən olsun?!

– Olsun, lap yaxşı, - Balamirzə onu ürəkləndirdi.

Rəna dedi:

– Bir şəhərdə xalqın pıçıltısı da hakimin qulağına gəlib çatırdı. Bir gün hakim azarlayır. Bunu eşidən Molla ağacdan bir neçə dənə alma dərib hakimi yoluxmağa gedir. Hakim deyir:

– Molla, birdən-birə dişim də başladı ağrımağa, qulağım da... Mənə bir əzab verdilər ki, gəl görəsən. Bu gün bir yaxşı dəllək tapıb dişimi çəkdirdim. Daha ağrısı qurtarıb. Amma bu zəhrimar qulağım elə ağrıyır ki, ağrıyır. Bir həkim də tapılsaydı...

Molla tez onun sözünü kəsib deyir:

– Hə, hə... Bircə halal süd əmmim adam da tapılıb sənin o qulağını çəksəydi sən də rahatlanardın, camaat da.

Lətifəyə hamı güldü. Bircə Rənada başqaö miryəhya onun əlini sıxıb:

– Afərin! – dedi. Sonra üzünü Balamirzəyə tutdu. – Balamirzə, məzəli nəvən də sınaqdan yaxşı çıxdı. İndi görək ortancıl nəvən neyləyəcək?!

Ortancıl nəvə şeir deyəcəkdi. Babasına baxdı, sonra lap yaxına gəldi, babası fikrini başa düşdüyündən ona tərəf əyildi, Nigar pıçıldadı:

– «Yazgünləyi»ni deyim?

Babası razılıqla:

– Hə, hə, onu de.

Nigar «r» hərfini deyə bilmirdi, əvəzində «y» deyirdi. O, şeiri aramla, ifadəli deməyə başladı:

Gəl, gəl ay yaz günləyi!

İlin əziz günləyi!

Dağda ərit qaylayı,

Bağda əyit qaylayı!

Çaylay daşıb sel olsun,

Taxıllay tel-tel olsun,

Ağaclay açsın çiçək,

Yaypağı ləçək-ləçək.


Nigar şeiri oxuyuğ qurtaranda Miryəhya soruşdu:

– Babasının dinləyici nəvəsi deyə bilərmi ki, bu şeiri kim yazıb?

– Sabiy baba, - deyərək Nigar əlüstü cavab verdi.

– Nigar da sınaqdan yaxşı çıxdı. Balamirzə, nəvələrinə söz ola bilməz, allah başacan eləsin.

– Çox sağ ol, Miryəhya, o gün olsun sənin də nəvələrin olsun.

Miryəhya Nigarı yanına çağırdı:

– Sən necə qızsan, Nigar?

– Mən nə bilim, siz biləysiz?!

– Ay sağ ol, sən nə ağıllı qızsan, Nigar!..

İstədi soruşsun bu cür cavab verməyi sənə kim öyrədib. Soruşmadı. Bildi ki, bunlar hamısı Balamirzənin işləridir. Əslən təvazökar, təmkinli olan baba nəvələrini də o ruhda tərbiyə edir, böyüdür.

ŞOKALADLI KONFET

Bakı darülmüəlliminində uşaqlara yalnız istirahət günlərində şəhərə çıxmağa icazə verilirdi. O vaxt istirahət günü cümə günlərində olurdu.

1923-cü ilin payızı. Cümədir. Əkrəm şəhərə çıxmağa o qədər də meyl göstərmədi. Əlində yarıda qalmış maraqlı kitabı vardı. Onu oxuyub başa çıxmağı üstün tutdu. Bir də fikirləşdi ki, şəhərə gəzməyə çıxanların çoxusunun burada ata-anası, qohum-əqrabası var. Onunsa... «Yaxşısı budur ki, oturub kitabı qurtarım...»

O bir saat olardı ki, şirin mütailə edirdi, çiyninə yüngülcə toxunurdu. Başını qaldıranda özündən bir sinif aşağıda oxuyan dostu Fuadı gördü. Fuad dedi:

– Əkrəm, anam deyir, gəl bizə, Cavid əfəndi də bizdədir.

Fuadın anası Şəfiqə Əfəndizadə darülmüəllimatın müəllimi idi. Cavid isə darülmüəlliminində işləyirdi. Cavidgilin ailəsi Şəfiqəgilin ailəsi ilə yaxın idilər. Cavidgil darülmüəlliminin olan binanın üçüncü mərtəbəsində, Şəfiqəgil həmin binanın həyətindəki birmərtəbəli evdə yaşayırdılar.

Şəfiqənin əri 1918-ci ildə rəhmətə getmişdi. O, üç oğlunu: Fazili, Adili, Fuadı sonsuz qayğı ilə böyüdür, onların təhsil almaları üçün var qüvvəsi ilə çalışırdı.

Əkrəm Lahıcdan gəlmişdi. Üç ildi ki, darülmüəlliminində oxuyurdu. Çalışqan olduğundan az vaxtda müəllimlərin hörmətini qazanmışdı. Bir şagird kimi onun xətrini Hüseyn Cavid də çox istəyirdi. Şəfiqə xanım Əkrəmə dərs deməsə də, onu öz uşaqlarından, demək olar ki, ayırmazdı...

Əkrəm sıxıla-sıxıla içəri girəndə müəllimi, sevimli şair və dramaturq Hüseyn Cavid stol arxasında tək oturmuşdu.

– Salam, Cavid əfəndi!

– Əleykəssalam, Əkrəm, gəl, gəl, çəkinib eləmə. Gəl otur, konfet yeyək.

Əkrəm müəllimi ilə qabaq-qabağa oturdu. Stol üstündəki konfetqabında şokaladlı konfet vardı. Hüseyn Cavid bir konfet götürdü. Əkrəmə də təklif elədi ki, o da götürsün. Əkrəmin ürəyindən keçsə də, cəsarət eləmədi.

Hüseyn Cavid konfeti ləzzətlə yedi, kağızını Əkrəmin qabağına qoyub dedi:

– Şəfiqə xanım mətbəxdə bizim üçün kakao hazırlayır, içəndə ləzzət alacaqsan.

O, yenə konfet götürdü, yedi, kağızını Əkrəmin qabağına qoydu. Yenə...

Ev sahibəsi kakao gətirəndə Əkrəmin qabağında xeyli konfet kağızı vardı. Hüseyn Cavid dedi:

– Şəfiqə xanım, sizin bu oğlunuz Əkrəm qarınqulu imiş, görün nə qədər konfet yeyib.

Əkrəmin yumru sifəti qıpqırmızı qızardı, özünü itirdi. Nə etsin?! Desin ki, o yeməyib?! Necə desin?! Sevimli şairini, əziz müəllimini yalançı eləsin. Dili quruyar belə sözü dilinə gətirsə. Bəs ona necə olsun?! «Qarınqulu» sözünü boynuna götürsün?! Razılaşsın bu sözlə?! Necə razılaşsın?!

Əkrəmin bərk tutulduğunu görən Şəfiqə məsələni açıb-ağartmaq istədisə də, Hüseyn Cavidin işarəsi, him-cimi buna mane oldu. Ancaq o, Əkrəmin də qanqaralığına, pərtliyinə dözə bilmirdi. Bircə bunu eləyə bildi ki, Əkrəmi dilə tuta-tuta kakaonu zorla ona içirtdi.

Kakao Əkrəmin yaman xoşuna gəlmişdi. O, ömründə birinci dəfə idi ki, kakao içirdi...

*** 

Qonaqlar xeyli vaxtdı getmişdilər. Ancaq ev sahibəsi sakit ola bilmirdi, Əkrəmin pərtliyi, qızarıb pörtməsi gözləri önündən çəkilmirdi. Özünü danlayırdı ki, gərək Cavidin sözünə qarışaydı. Onun dediyinə inanmadığını Əkrəmə bildirəydi. «Cavid əfəndi qoydu ki... Kişilərin də keçmə bu zarafatlarından...»

Çox düşünəndən sonra o bu qərara gəldi ki, gec də olsa Əkrəmə desin ki, şirin zarafatları çox sevən Cavid əfəndinin növbəti zarafatlarından biri idi bu konfet əhvalatı...

*** 

Ertəsi gün Hüseyn Cavidin Əkrəmgilə dərsi vardı. Sinfin qabağında Əkrəmi saxladı:

– Əkrəm, birdən dünənki sözümə Şəfiqə ananın inandığını zənn edib məndən inciyərsən a!

Əkrəm arxayın-arxayın dedi:

– Cavid əfəndi, zarafat elədiyinizi, özünün də inanmadığını Şəfiqə xanım dünən mənə bildirdi.

Cavid də təəssüflənirmiş kimi dedi:

– Görürsən, bir sutka gözləyə bilməyib. Ana ki, ana!..

O, görkəmli alim, tanınmış ədəbiyyatşünas Əkrəm Cəfər ömrünün bu əziz anını indi qəlbi kövrələ-kövrələ, hörmətli müəllimlərinə minnətdarlıq hissilə xatırlayır.