Yaşıl təpə döşündə - Povest
- Ana Səhifə
- Yaşıl təpə döşündə - Povest
Yaşıl təpə döşündə - Povest
Kənddə çətin adam tapılardı ki, təpə döşündəki qoşa məzara baş çəkməsin, orada əbədi yuxuya gedənlərin xatirəsini yad eləməsin. Ancaq o hamıdan fərqli buraya tez-tez gəlir, qəbirlərin yanında əyləşib düşünürdü...
Kəndin yaxınlığında idi təpə. Yaz gələndə yaşıl məxmərdən don geyər, bir də yerə ilk qar düşəndə onu əynindən çıxarırdı. Yəqin buna görə də ona yaşıl təpə deyirdilər. Yaşıl təpənin yan-yörəsi səfalıydı. Burada bir-birindən otuz-qırx metr aralı basdırılmış dirəklərdə axşamlar elektrik lampaları yanırdı. Ağır işdən sonra kəndin cavanları buralara gəzməyə çıxırdılar. Təpənin üstündə çiçəklərin xoş rayihəsini duya-duya neçə oğlan neçə qıza öz məhəbbətini açmış, ürək sözlərini bir-birinə demişdi. Yaşıl təpə sevişən gənclərin sanki xeyir-dua verəni olmuşdu.
Qoşa məzar səliqə ilə hasara alınmışdı. Qəbirlərin dörd tərəfində ağ, qırmızı, bənövşəyi rəngli güllər əkilmişdi.
Kənddən qoşa məzaracan yol ağarırdı. Gecələr uzaqdan baxanda, adama elə gəlirdi ki, yaşıl təpədən kəndə bulaq axır.
O bu gün də adəti üzrə qoşa məzarı dövrəyə almış hasara yaxınlaşıb, onun kiçicik qapısını açdı, içəri girib qəbirlərin önündə diz çökdü; məhzun baxışları qəbirlərə dikilib qaldı, gözlərindən ixtiyarsız yaş damlaları axdı, axdı, yanaqlarında zolaqlar buraxdı... Xəfif meh əsdi, onun dümağ saçlarını oynatdı.
O, ayağa durdu, xaç çevirdi, dərindən-dərinə köksünü ötürdü, kiçik yaylığı ilə gözlərinin yaşını sildi.
Kimdir bu ixtiyar qadın? Qoşa məzardakılar onun nəyidir?
Siz soruşmasanız da mən bu sualları baxışlarınızdan oxuyuram. Səbr edin, səbr edin, hər şeyi biləcəksiniz...
Hər iki tərəfdən xırda söyüd ağacları ilə əhatə olunmuş geniş yolla gəlin gətirilirdi. Təxminən qırx beş yaşında görünən güər üzlü yengə qoşa zurnadan süzülən təranə altında sındıra-sındıra oynayırdı. Onun arxasınca sağında və solunda qız yengələri olduğu halda duvağa tutulmuş gəlin yavaş-yavaş irəliləyirdi. Gəlinin sağ qolundan tutmuş iyirmi yaşlarında, mütənasib bədənli qız tez-tez gəlinin qulağına pıçıldayırdı:
«Bu gecə muraduva çatırsan eee, bəxtəvər!..»
«Hər şey ürəyincə, istəyincə olsun, yarıyasan!..»
«Qədəmin sayalı olsun, getdiyin evi bərəkətlə doldursun!..»
«Arvuza qovuşursan eee, bəxtəvər, belə sənə qurban olum!..»
Dəstə evə yaxınlaşanda yengə yaşına uyğun olmayan bir cəldliklə eyvana qalxdı, üzünü camaata tutub gülə-gülə sevdiyi bayatını oxudu:
Mən aşıq, qız aranda,
Yanağın qızaranda.
Oğlan murada çatar
Toy tutub qız alanda.
– Sağ ol səni, Gülsüm bacı, səni mən heç bu cür bilmirdim, görək oğlun Bəxtiyarın toyunda necə oynayıb sındıracaqsan?! – ortaboylu, enlisifətli, yoğun bığlı toy ağası Həsən yengə ilə zarafatından qalmadı.
– Təki toy olsun, Həsən qardaş, oynamağa nə var ki?.. – yengə əlüstü cavab verdi.
Gəlin eyvana çıxarıldı. Qoşa zurna daha da coşdu.
Gəlini eyvanda təxminən qırx beş-qırx səkkiz yaşlarında gümrah bir arvad gözləyirdi. Saçlarına tək-tək dən düşmüşdü onun, enli, uzun tumanının ətəkləri yerlə sürünürdü. Bu gün oğlunun toyunda geyinib-kecinmişdi. Gəlinlik dövründən əzizləyə-əzizləyə sağladığı baftalı arxalığı onu yaraşığa mindirmişdi. Bu günü o, ömrünün ən əziz günlərindən sayırdı. İllərdən bəri bəslədiyi arzusuna çatmışdı.
Həsən ona da söz atmaqdan özünü saxlaya bilmədi:
– Gör indi səni nə qədər oynadacağam Xanım bacı, Azərin toyudur, boyun qaçıra bilməyəcəksən.
Özlüyündə düşündü: «Ölmüşün hələ canı suludur, adamın tamahı düşür...»
Azər Xanımın ilki və sonbeşiyi idi. O, ərini çox erkən, Azər iki yaşında olanda itirmişdi. Əri Hidayət ali təhsilli ruhani idi. Nəcəfdə oxumuşdu. Kəndin axundu idi. Bolşeviklər gələndə onu axtarırlar. O, bu vaxt hamamda olur. Tutmaq üçün arsacınca hamama gedirlər, müqavimət göstərdiyindən onu elə oradaca güllələyirlər.
O irəli yeriyib başı üstündən nabat səpələdi. Sonra elə duvağın üstündəcə onun alnından öpdü.
***
Toy davam edirdi. Gecə yarısı Bəxtiyar fürsət tapıb gəlini müşayiət edən mütənasib bədənli qızı bir təhər bayıra çıxara bildi.
Həyətə endilər. Tut ağacının altına gəldilər. Azərgilin həyətində gövdəli, qollu-budaqlı bu ağacın yan-yörəsi Bəxtiyarın ən çox xoşladığı yerdi. Azər deyirdi ki, ağac atasından yadigardır.
Aydın gecəydi, on dörd günlük ay başları üstündəydi. Yüngül meh əsir, ağacın yarpaqlarını xışıldadırdı. Toyun şən, oynaq musiqisi gecənin sakitliyi içərisində ayrı cür səslənirdi.
Bəxtiyar Aynanın girdə sifətini, çənəsindəki kiçik qara xalları diqqətlə süzüb onun barmaqlarını iri ovucu içərisinə aldı:
– Darıxma Ayna, bu vaxtacan gözləmisən, bir az da...
Ayna giley-gileyli onun sözünü kəsərək:
– Elə hey «gözlə», «gözlə» deyirsən, - dilləndi. – Səbəbi də nəymiş gözləməyin: nə var, nə var Azər bundan bir yaş böyükmüş! İndi doğmaca qardaşlar, bu adəti gözləmirlər. Sənsə...
Bəxtiyar əlüstü onun sözünü kəsdi:
– Biz doğmaca qardaşdan da yaxınıq, Ayna can!.. Özü də Azərin əli yüngüldür, bu gün səhər ertə ona dedim ki, qardaş, sağ əlini çək başıma. O da ürəklə, dostyana çəkdi...
Azər, Bəxtiyar, Məmməd. Çox yaxın və mehriban olan bu üç yoldaşı kənddə həmişə bir yerdə görməyə alışmışdılar. Azər yaşca dostların ən böyüyü idi. Onun iyirmi bir, Məmmədlə Bəxtiyarın isə iyirmi yaşı vardı. Azər çayçılıq təsərrüfatına başçılıq edirdi. Bəxtiyar sıravi kolxozçu idi. Məmməd bir ildi ki, hesabdardı. Bir neçə il bundan qabaq dostlar sözü bir yerə qoymuşdular ki, eyni ildə evlənsinlər, ev-eşik sahibi olsunlar. Hamıdan qabağa Azər düşmüşdü. Bəxtiyar nişanlanmışdı. Azərin ardınca o da toy eləmək fikrindəydi. Məmmədinsə gözaltısı olsa da hələ bu barədə qərara gəlməmişdi.
Həsən toy keçirilən otağın eyvanında göründü, o tərəf-bu tərəf boylanıb:
– Bəxtiyar, ay Bəxtiyar! – çağırdı. – Bu haramzadəni lazım olanda tapmaq olmur ki?.. İndi nə bilim nişanlısıyla hara əkildi?..
Bəxtiyar pıçıltı ilə Aynaya dedi:
– Gör ha, zalım oğlu hər şeyə fikir verir, səni aradan çıxartdığımı necə də başa düşüb?! Ayna da narazı-narazı:
– Mənim ondan heç xoşum gəlmir, - dedi. Qız-gəlinlər danışırlar ki, şorgözün biridir...
– Vallahı onun başına bir oyun açaram sənə əyri gözlə baxsa o da adamını tanıyır.
– Bəxtiyar!.. – Həsən bu dəfə qışqırdı.
Ayna pıçıldadı:
– Sən allah Bəxtiyar, səsinə səs vermə, qoy qışqıra-qışqıra qalsın!..
– O da, bax, mənim bu gözlərim üstə! – Bəxtiyar Aynanın qulağına pıçıldadı və onu öpdü.
Ayna Bəxtiyarın əlindən qurtarmağa cəhd elədisə faydası olmadı. Bəxtiyar bir də, bir də öpdü.
Axır ki, Ayna onun qolları arasından çıxa bildi, yaman hirslənmişdi, di gəl ki, Bəxtiyardan çox uzaqlaşa bilmədi. Həsən hələ də eyvanda idi.
Bəxtiyar sevdiyinin hirsi soyusun deyə günahkar-günahkar pıçıldadı:
– Ayna can, bir öpüşü də adama çox görürsən. Belə də zülm olar?!
Ayna da acıqlı-acıqlı:
– Olar, - dedi, - sənə bu da azdı.
Bəxtiyar yazıq-yazıq:
– Niyə ki, ayna can?! – soruşdu.
Ayna bir az da acıqlı:
– Niyə ki, niyə ki?! Ona görə ki... başladın dayanmaq bilmirsən. Dalı gedəcək ha!..
– Bəs eşitməmisən xalq bayatımızda deyiləni?! Bir qulaq as:
Mən aşıq yalqız alma,
Ağacda yalqız alma.
Yardan öpüş alanda
Cüt-cüt al, yalqız alma!
Həsən o ki var qışqırdı, səsinə səs verən olmadığını görüb içəri keçdi.
Bəxtiyar dedi:
– Qışqıra-qışqıra qaldı fağır.
Ayna özünü saxlaya bilmədi:
– Ay onun fağır başı batsın. Mənə düzü bir pisliyi keçməyib, amma görməyə gözüm yoxdur onu.
Bəxtiyar Aynanın sözlərinə sevindi.
– Ayna, zalım oğlu, Aşıq Vəlinin həcvini heç unuda bilmir ha! Hərçənd, Vəlinin oxuduğu:
Yük üstə güllü xalça,
Kim qaldıra, kim aça
O yara qurban olum,
Dindirə, könlüm aça.
bayatısından sonra zarafata salıb dedi ki, bu kəlamdan sonra keçdim sənin bütün günahlarından, Vəli. Amma yox, keçməyib.
Bəxtiyar zənnində yanılmırdı ki?..
Briqadir işləyən Vəli həmişə yox, yer düşəndə, aşıqlıq edirdi. Məlahətli səsi vardı. Saz çalmağı da yerindəydi. Ancaq özünün yaradıcılığı yoxdu. Çox nadir hallarda, təsadüfdən-təsadüfə özündən söz deyərdi. Belə təsadüflərdən biri də toy ağasının payına düşmüşdü. Bir neçə il bundan əvvəl hələ toy ağası Həsən Dünyamalıyev kolxoz sədri olmamışdan qabaq Vəli zarafatyana onun enli sifətinə görə çox byöük görünən burnunu «vəsf» eləmişdi. Qoşma bu bəndlə başlayırdı:
Bu necə burunlu, necə, ay Həsən?
Tapılmaz heç yerdə ona tay, Həsən!
Kiloluq badımcan kiçikdi ondan,
Görən qorxub deyər: - «Dədəm vay!» - Həsən.
Həsən onda sahə briqadiri işləyirdi. Vəli də onun briqadasındaydı. Bir dəfə o, istirahət vaxtında Həsənə yazdığı həcvi briqada üzvlərinə oxumuş, elə o gündən də qoşma camaat arasında yayılmışdı. Həsən sədr olandan qoşmanı açıqda yada salan yox idi. Xəlvətdə isə deyib-gülüşən tapılırdı. Bunu Həsən də bilməmiş deyildi. İndi də toyda zarafata salıb bunu özü ağartmaqla göstərmək istəyirdi ki, bu, heç onun vecinə deyildir. Əslində isə Həsən bunu unuda bilmirdi. Özünü Vəliyə borclu hesab eləyirdi. Fürsət axtarırdı Vəlini sancsın. Vəli də buna imkan vermirdi: işini yaxşı tuturdu, aşıq Ələsgər demişkən, el içində pak oturub, pak dururdu.
– Bəxtiyar, Vəlinin oxuduğu ikinci bayatıdan heç olmaz:
Ağaclar xəzəl olsa
Sünbüllər gözəl olsa,
Ürəkdə dərdim qalmaz
Adaxlım gözəl olsa! –
– Əlbəttə düz deyirsən. Məsələn, mənim bu sarıdan heç bir dərdim yoxdur. – Bəxtiyar istədi Aynanı yenə özünə tərəf çəkib öpsün.
– Yaxşı, yaxşı, bəsdi, zarafata salma, - Ayna mane oldu.
– Ayna, heç bilirsən bu bayatıyla Vəli sədri necə yaxıb-yandırdı. O çalıb oxuyanda mənim fikrim Həsəndəydi. Qapqara qaralmışdı yazıq. Arvadı axı çox kifirdi onun.
– Özü dünya gözəlidi ki?!
Bəxtiyar:
– Necə olsa da, o yenə kişi xeylağıdı, arvad qəşəng olsa yaxşıdı da. Elə deyil?!
– Siz kişilər yaxşı bilərsiz.
Əlli beş-altmış yaşlarında görünən, qonur çöhrəli Bilal kişini öz həyətində böht aparmışdı.
Arvadı Gülsüm xurcuna oğlu üçün yol azuqəsi, yun corab və s. qoyur, hərdənbir dəsmalını gözünə aparırdı.
Bəxtiyarla Ayna onlardan bir az aralı dayanmışdılar. Ayrılıq saatı yaxınlaşırdı. Hər birisinin ürəyindən nələr, nələr keçmirdi bu anlar. Onlar ancaq indi, həyatlarında birinci dəfə olaraq ayrılığın acılığını, onun böyük, ağır bir daş kimi yumruq boyda ürəyin üzərinə çöküb onu necə amansızcasına sıxdığını hiss edirdilər. Elin ayrılığa aid qoşuduğu bayatı bu an hər ikisinin qulağında cingildəyirdi:
Əzizim olmayadı,
Saralıb solmayaydı.
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı!..
Bəli, ayrılıq, ölümlə yanaşı qoyulan ayrılıq! İnsafsızlıqdır, bir-birinə bağlı ürəkləri ayıran ürəksizdir, ayrılıq! Ürəksizdir!
Bir az gec gəlsəydin nə olardı, hə? Axı biz toyumuzu eləməyə hazırlaşırdıq, başa düşürsən, toyumuzu! Eh, sənin nə vecinə! Sən ki, başqalarının arzu-kamını ürəklərində qoymağa alışmısan, adətkərdə olmusan!..
Bu hisslər, ayrılıqdan doğan giley-güzar onların hər ikisinin düşüncəsinə hakim kəsilmişdi idi. Lakin bu haqda heç biri dilinə bir söz gətirmirdi, gətirməyə qorxurdu. Sözsüz də hər şey məlumdu. Onlar bir-birinin ürəyindən keçənləri aydınca başa düşürdülər.
Nəhayət aralığa çökmüş dərin sükutu Bəxtiyar pozdu:
– Ayna!..
Aynanın iri, ala gözləri Bəxtiyarın iti baxışlarına zilləndi.
– İndi sən gözləməli, çox gözləməli olacaqsan, Ayna!..
– Əzizim, gözlərəm, indi nə qədər desən, gözlərəm, ömrüm boyu gözlərəm!
– Sağ ol, Ayna, sağ ol!
Bəxtiyar Aynadan ayrılıb ata-anasının yanına gəldi, atası ilə görüşdü, anasını qucaqladı, öpdü.
– Sağlıqla qal, ana!..
– Sağlıqla qayıdasan, ay bala!..
– Darıxma, ana, darıxmayın, bildiz!
– Allah köməyin olsun, ay bala! – ər-arvad bir ağızdan dilləndilər.
Bəxtiyar anasının bayaqdan doldurduğu xurcunu götürüb yola çıxdı və:
– Azərrr! – çağırdı.
Azər anasının boynuna sarılmışdı. Bəxtiyarın səsini eşidən kimi anasından ayrıldı. Peyhana doğru getdi. Reyhan qollarını onun boynuna doladı.
Xanımın gözləri yaşarmışdır. Bunu gənclərə hiss etdirməmək üçün üzünü o yana çevirib köksünü dərindən ötürdü. «Bir az sevinmişdim, gözümdə qaldı, ilahi!» Əllərini yuxarı qaldırıb:
– Allah, sən özün zamin ol! – dedi.
Azər Reyhanın gözlərindən təkrar-təkrar öpüb onları ilkin görürmüş kimi diqqətlə seyr elədi və astaca pıçıldadı:
– Ər-arvadlığımız iki ay da çəkmədi, gülüm, - dedi.
Reyhan qüssəli və düşüncəli gözlərini ərinin gözlərinə zillədi:
– Eh, Azər can! Biz iki ürək bir canda yerləşirdik. İndi bunlardan birisi gedir. Ancaq əminəm ki, ürəelərimiz həmişə olduğu kimi yenə də bir yerdə olucuq. Həm sənin yanında, həm mənim yanımda, həmişə bir yerdə!
– Doğrudur, gülüm, sevən ürəklər ayrı cür ola da bilməzlər – Azər Reyhanın sözlərinə qüvvət verdi.
– Bir də Azər can, bilirsən? – Axı mən... – Reyhan sıxıldı, yaqanlarında xəfif qızartılar zahir oldu, utandığından sözlərinin gerisini deyə bilməyib başını aşağı saldı.
– Əzizim, mənim canım-ciyərim, adını Hidayət qoyarsan. İşdir bəlkə səfər ağır oldu, qayıtmadım...
– Elə demə əzizim, yoxsa ürəyim partlar! Azər can, bilirsən, mən onu necə oxşayacağam, sənin iyini ondan alacağam.
Onlar qucaqlaşıb öpüşdülər...
Azər rayon mərkəzinə aparan geniş yola çıxanda Bəxtiyarın onu gözlədiyini gördü. Birlikdə dəstəyə yaxınlaşdılar.
Hamının üzündən kədər yağırdı, kədər!..
Dəstə yola düşəndə Gülsümün gözlərindən iki damla yaş yanaqlarına yuvarlandı, dodaqlarından ixtiyarsız bu sözlər çıxdı:
– Allah amanında!..
Hamı bu sözü təkrar elədi:
– Allah amanında!..
Günün qızmar vaxtı idi. Bilal kişi xırmanda döyülmüş taxılı samandan təmizləmək üçün havaya sovururdu. O, cəld işləyir, istinin fərqinə varmırdı. Ancaq hərdən bir dayanıb boynundan salladığı dəsmalla üz-gözünün tərini silirdi.
Taxıl dərzləri yüklənmiş araba xırmanın yanındakı dərz tayalarına yaxınlaşdı. Altmış yaşında ağsaqqal arabaçı arabadan düşüb gətirdiyi dərzləri boşaltdı. Sonra arabanı xırmanın beş addımlığındakı söyüd ağaclarına tərəf sürüb öküzlərin boyunduruğunu açdı, onları meşəyə tərəf hayladı. Öküzlər baş alıb getdilər. Özü isə gəlib söyüd ağaclarının kölgəsində oturdu, cibindən uzun çubuğunu çıxarıb tütünlə doldurdu, tütün kisəsindən kiçik daşı və çaxmağı axtarıb tapdı, onları qüvvətlə bir neçə dəfə bir-birinə vurub əmələ gələn qığılcımdan pambığı alışdırdı və pambıqla çubuğunu yandırdı. Bir-iki qullab vurandan sonra diqqətlə ətrafı müşahidə etməyə başladı. Bağlamanın yanındaca su ilə dolu sənək dururdu. Aclıq ağsaqqal kişiyə yamanca yer eləmişdi. O, üzünü taxıl sovuran Bilala tutub ucadan dedi:
– Ay Bilal, deyəsən axı sən bu gün nahar-zad eləmək xəyalında deyilsən! Ay kişi, işləməyin də bir təhri var ya yox?!
Bilal bir anlıq əlini saxlayıb:
– Əhməd, qoy bu əlimdəkini qurtarım, - dedi, sora gəlim nahara da. Nahar qaçmır ha!..
– Belə məsələ ondadı ki, mən qaçıram.
– De onda qurbandı sənə, ƏHməd, sən başla, mənsiz başla.
– Heç elə şey olar a kişi, sənsiz mən heç o dünyaya getmərəm, o ki, qaldı nahar aşırmaq olsun. Gəl bir yerdə nuşi-can eliyək, fatihəsini oxuyaq.
– Gəl deyirsən gəlim də, sən məni evləndirsən də sözündən çıxmaram.
– Bax, burda mənə üz vurma, Bilal, amanın günüdü, Gülsüm bacının cənginə salarsan məni, sora heç yaxamı əlindən qurtara bilmərəm.
Bilal xırmandan çıxıb Əhmədin yanına gəldi. Dəsmalı boynundan açıb alnının tərini sildi. Sənəkdəki su ilə əl-üzünü yuyub Əhmədlə qarşı-qarşıya oturdu. Bağlamanı açıb ortalığa qoydu.
– Bilal, lap məəttəl qalmışam axı? – Əhməd kişi pendir tikəsini çörəyin arasına qoya-qoya dilləndi.
Bilal kişi təəccüblə onun üzünə baxıb:
– Nəyə, balam? – soruşdu.
– Bu arvad-uşağın işinə! A kişi, keçən il biz kişilər həmin təpə döşündəki böyük tarlanı düz altıca günə biçmişdik. İndisə a başına dönüm, bunlarnan üçcə günə qurtardıq.
– Sədrin zoruna desənə. Çomaq kimi dayanmışdı başlarının üstündə, nəfəs dərməyə macal vermirdi. Hünərləri vardı işi bir balaca zəiflədə idilər...
– Orası sən deyəndi, Əhməd, sədri mən heç belə sərt rəftarlı görməmişdim.
– Yəqin onnan da tələb eliyən var.
– Əlbəttə var? Davadı da. Sədr də dava qayda-qanunuynan işləməyi tələb eliyir. – Bilal sənəyi ağzına alıb nurthaqurtla içməyə başladı. Doyandan sonra yerə qoyub dedi: - Ancaq di gəl ki, ağzı yavadı şorgöz köpəkoğlunun... Nə qız-gəlin bilir, nə arvad-uşaq...
– Yava dedin qoydun, Bilal. Müharibədi deyən əlinə fürsət düşüb adamları söyməyə... Neyləyəsən?!
– Heç nə. Dava salanların görüm beli qırılsın, dərdlərinə dərman diləsinlər, tapa bilməsinlər!.. İsti aşımıza soyuq su qatdılar... Yamanca işə saldılar bizi!..
– Məxləs, Biləl, uzun zırıltıdı düşmüşük. Bu müharibə bizi var-yoxdan da, abır-həyadan da eliyəcək deyəsən... Oğul istəyirəm bu zırıltının qabağında duruş gətirsin, abır-həyasını, namusunu qorusun!..
Sədr meşə tərəfdən qara kəhərini onlara tərəf sürürdü. Qabaqca Bilal gördü bunu:
– Adını tutdun, qulağın çək, odu gəlir. Əhməd, ancaq qorx ki, bizim qulağımız onun əlinə keçməsin.
Həsən atdan düşüb, kəhərin cilovunu arabaya bağladı, onların lap yaxınına gəldi, salam-kəlamdan sonra soruşdu:
– Dincəlirsiz?
Bilal dilləndi:
– Günortadı da. Allah verəndən yedik. Elə ayağa dururduq...
Sədr axıracan onu dinləmədi:
– Güvəndiyim sizsiz. Əhməd, dərz üçün sən yenə gedəcəksən də?
– Gedəcəyəm, əl-əlbət gedəcəyəm, - Əhməd fəövrən cavab verdi.
Sədr arxayınlaşdı:
– Sizə sözüm yoxdu mənim, axıracan belə olsun. Mənə bir sözüz yoxdu ki sizin?
– Xeyir yoxumuzdu, - Bilalla Əhməd bir ağızdan dedilər.
– Elədə mən getdim, - Həsən bunu deyib atının yanınan gəldi, minib kəndə çapdı. «Daha dözə bilmirəm... Bu gün... necə olsa bu gün... Əl-əlbət... bugün...»
At onun həyət qapısına çatmışdı, içəri sürdü, tez düşüb atı tövləyə saldı; sürətli addımlarla kitabxanaya tələsdi.kitabxana xolxoz idarəsi olan ikimərtəbəli binanın birinci mərtəbəsindəydi. İdarənin həyətində sədrin gözünə heç kəs dəymədi. Hesabına görə dəyməməliy də. Bunu o yaxşı bilirdi. Axı bucün səhər tezdən özü şəxsən nəzarət eləmişdi ki, hamı işə çıxsın. «Məmə yeyəndən pəpə yeyənə kimi». Bu sözləri o çox xoşlayırdı işlətsin. Göstərişinə hamı da əməl eləmişdi. Başqalarına görk olsun deyə öz arvadını da işə göndərmişdi. İdarəsində də bir adam qoymamışdı qalsın. Gün batanacan hamı iş başında olacaqdı. «Əsl vaxtıdı, Həsən... Dərə xəlvət, tülkü bəy...»
O, kitabxananın qapısını açıb içəri girdi. Qapını örtəndə cəftəsini də keçirtdi. Bunu elə cəldliklə elədi ki, özünün də xoşu gəldi. «Hələ ki, hər şey istədiyim kimi gedir...»
Sədrin çoxdan ələ gətirmək üçün tələ qurduğu, gecələr arvadı ilə yatanda da gözlərinin qabağında dayandığı, həsrətiylə yandığı Şəfa içəridə təkdi. Qapı açılanda içəri otaqda olduğundan sədrin cəftəni keçirməsini görmədi. Qapının səsinə bu biri otağa keçəndə sədrlə qabaq-qabağa gəldi. Salamlaşdılar. Sədr ərkyana, həm də arxayınlıqla soruşdu:
– Adamsız, oxucusuz darıxmırsan ki?! Hamı işdədi. İdarədə də heç kəs yoxdu. Bircə sənə qıya bilmirəm, Şəfa can.
Şəfa sıxıldı, utandı, qızardı, oddan çəkinirmiş kimi dedi:
– Xahiş eləyirəm, Həsən dayı, mənə «can» deməyin. İstəyirəm məni də kolxoz işinə göndərəsiz. Burda oturub neyləyirəm ki?!
– Mən ölmüşəm ki, sənin kimi xanım gəlini ağır işə göndərim. Sənin əvəzinə arvadımı göndərirəm. Canı bərkdir o kifircənin. Səni isə qorumaq lazımdı, ölməmişəm ki...
– Siz allah, Həsən dayı, elə sözlər deməyin, xəcalət çəkirəm, - Şəfanın səsi titrədi.
– Xəcalətli səni gözü götürməyənlər olsun. Sən fəxr elə ki, kəndimizin birinci gözəlisən. Bilirsən, nə qədər paxıllığını çəkən arvadlar var.
– Onların da işi-gücü qurtarıb, nəyim gözəldi ki, mənim?!
– Hər şeyin, göyçəkcə! – Həsən Şəfanın əlindən tutdu, - hər şeyin!
Şəfa əlini onun iri barmaqları arasından çıxarmağa cəhd elədi, çox gücəndi, Həsən tutduğunu buraxmadı.
– Devin canı şüşədə olduğu kimi Həsənin də canı sənin əlindədi, ay mənim göyçəyim, - deyən sədr onu alıcı quş kimi çəkə-çəkə ikinci otağa apardı, qolları arasına aldı, sıxdı.
Şəfa nə qədər çalışdısa qarmaq kimi onu sarımış qolların arasından çıxa bilmədi. Get-gedə qarmaq daha da bərkiyir, Şəfa süstəlirdi. Bunu hiss eləyən sədr ounun üzündən, qulağının dibindən öpürdü. Şəfa artıq müqavimət göstərə bilmirdi. Həsən onu bir həftə bundan qabaq məxsusi kitabxana üçün aldığı təzə divanın üstünə yıxdı.
– Kifircənin, başı batmış arvadımı deyirəm, kifir üzündən cana doymuşam, heç olmasa sən məni cana gətir, göyçəyim! Cana gətir məni, gözümün işığı. Allahım ol, qulun olum, quluna rəhm eələməyə çalış, başına dönüm.
Şəfa yalvarmağa başladı:
– Sən allahın, Həsən dayı, sən mənə rəhm elə, el-oba içində məni biabr eləmə.
– Bir sən biləcəksən, bir mən, ay səfeh...
Həsən onun paltarını qaldıranda Şəfanın səsi ucaldı:
– YOx, nə edirsən, Həsən dayı, yox, qoymaram, qoymaram, şikayətə...
Həsən dodaqlarını onun dodaqlarına elə kip yapışdırdı ki, Şəfanın daha səsi çıxmadı...
***
Kəhər asta-asta gedirdi. Sədr yırğalana-yırğalana onun belində oturub fikirləşirdi. «Köpəyin qızı göyçəkdi, doğrudan da indiyəcən belə can əlimə keçməmişdi. Bildim indi Vəli köpəkoğlu nə kef çəkirmiş...»
At xırmanın yanından keçdi. Xırmandakılar işləyirdilər. «Vəlidən də hayıfımı beə aldım... Amma arvadı şikayətə getməsə yaxşıdı. Gedərmi?! Çətin. Elə billəm abrına qısılıb qalacaq. Allahın verib, Həsən, kefinə bax, kifircənin əvəzində gör qabağına nə çıxıb! Çoxdan gözüm vardı ölmüşdə. Ölürdüm dərdindən... Şikayət eləməsə yaxşıdı!... Eliyəndə nə olacaq ki?!. Qabaqcıl kolxoz sədriyəm, Lenin ordeni də döşümdə. Planı xvaxtında verirəm. Cəbhəyə bu saat taxıl lazımdı. Mən də onu nəyin bahasına olursa-olsun artıqlamasıyla verirəm. Veərəyəcəm də. Camaatı ac qoyub verəcəyəm. Bundan sonra kim mənə bir söz deyəcək?! Əsgər arvadıdı axı, Həsən, əsgər arvadı... Olsun da...
Mən də bu frontun ağır vaxtında əlimdə qamçı gün çıxandan gün batanacan camaatı yarıac, yarıtox işlədirəm qul kimi. Mənim sayəmdə rayon da planını doldurur. Bir əsgər arvadına görə mənim kefimə soğan doğrayacaqlar?..
Amma yox, şikayətə getməsə yaxşıdı, Həsən özü əlində çıxa bilər. Nə çoxdu rayonda sənin kimilər. Get-gələ salıb saqqızını oğurlayarlar... Biri elə raykomun birinci katibi, görən kimi əlimdən alacaq... Acgözün biridi şorgöz köpəkoğlu... İtə də tamah salır. Gördü əlimdən alacaq. Bircə qorxum ondandı...»
Həsən fikirli-fiikrli arvadı işləyən yerə gəlib çıxmışdı. İstər-istəməz arvadını, özü demişkən, kifircəni Şəfayla, Göyçəkcəylə müqayisə elədi, gözündən lap düşdü arvadı. Heç baxa bilmirdi üzünə.
Sədr arvadının yanından tez ötüb keçdi.
Qızların arasında biri nəzərini yamanca cəlb elədi. Atdan düşdü, atın yüyəni əlində qıza yaxınlaşdı. «Bu ki, Nübardı, hə, özüdü ki, var. Məmmədin gözaltısı. Ölmüş nə yaman gözəlləşib. Az qalmışdı tanımayam!..»
– Qızım, Nübar necəsən?!
– Sağ olun, Həsən daya, görürsüz də, tər tökə-tökə işləyirik.
Həsənin ağzı sulansa da özünü o yerə qoymadı:
– Görürəm, Nübar yaxşısan.
Ürəyində pıçıldadı: «Xoş nübarını dadanın halına!..»
Reyhan əlində məktub fikrə getmişdi...
Ayna gəldi, Reyhanın əlində məktubu görcək:
– Gözün aydın, nə yazır? – soruşdu.
– Sağ ol, ay qız! Yazır ki, Bəxtiyardan məktub almır. Onun ünvanını istəyir.
– Hərbi məktəbdə işləri necədir?
– Yazır ki, yaxşıdır. Bu yaxınlarda məktəbi bitirəcək. Yaxşı, ay qız, bu neçə gündə niyə görünmürdün?
– Rayonda idim. Təzəcə təşkil olunmuş şəfqət bacıları kursunda oxumaq üçün çağırmışdılar.
– Necə oldu?
– Necə olacaq?!. Sabahdan dərsimiz başlanır. Bura bax, lap yadımdan çıxmışdı: təbrik edirəm səni, briqadir olmusan.
– Sağ ol, zor ilə boynuma qoydular. Sədrimizi tanımırsan?! Etiraz etməyim özümə qaldı.
– Bura bax, Reyhan, özünü ondan gözlə ha!
– Məni tanımırsan?!
– Tanıdığım üçün də belə arxayın-arxayın danışıram da.
M Uşaq olma, o da adamın tanıyır. Amma çox bic kişidi, özünü belə saya aparmasına baxma. Bir də unutma ki, onu da yuxarıdan sıxırlar, iş tələb eləyirlər, planı doldurmağı tələb eləyirlər. O da buna görə məndən bərk yapışıb. Bilir ki, mən özüm də işləyənəm, başqalarını da işlədəcəyəm. Bildin?!
– Bildim, bildim, ürəyinə heç nə gətirmə, sənə özümdən də çox inanıram.
Reyhan gülümsündü:
– Çox sağ ol, inamın artıq olsun. Mən də sənə elə o cür baxıram. Möhkəm... Əsl azərbaycanlı qız kimi. Nişanlısının yolunda hər cəfaya dözən, sədaqətli, dəyanətli bir qız kimi.
– Bilirsən də, o, Şəfada əvvəl kitabxananı mənə tapşırmaq istəyirdi. Nə qədər səy elədi, toruna düşmədim. Dediyi də elə bu idi ki, sən Bəxtiyarın nişanlısısan, istəyirəm gözümün qabağında olasan, sənə hörmətim olsun. Amma mənimlə danışanda gözlərindəki ehtirası üz-gözümü qarsıyırdı. Qəti surətdə yox eləmək üçün. Sözündən çıxan adamı, bilirsən də, görməyə gözü yoxdu şorgözün. O da belə həşaratdı. Müharibə əlinə çox böyük imkanlar verib.
Reyhan qan qaraldan söhbətin gərginliyini azaltmaq üçün zarafata keçdi:
– Sən də yazığı ağzının suyu axa-axa qoymusan ki.
M Allah vurmuşdu onu. Bəxtiyarın çölə atılan dırnağını onun bütün vücuduna dəyişmərəm.
– Səni bütün kənd belə tanıyır, Ayna.
Ayna təəssüflənirmiş kimi dedi:
– Ancaq, Reyhan, Şəfanı, deyəsən, tora salacaq köpəkoğlu. Yaman qırsaqqızdı.
Reyhan fikirli-fikirli:
– İradəsi var düşməsin, - dedi.
İradə! Həsən və onun kimilərinin qarşısında dayana biləcək iradə Şəfada vardımı?!.
Həsənin qorxusu doğrultmadı özünü. Şəfa şikayətə getmədi... Həsən onun gözünə görünməməyə çalışsa da gizlində güdürdü onu. Şəfa iki gün işə gəlmədi. Üçüncü gün gəlib elə öz otağında oldu... Sonrakı günlər də belə... Bir həftə belə keçdi. İkinci həftədə Həsən fikirləşdi: «Bir səs-soraq çıxmadı. Şəfa şikayətə-zada getmədi. Getməyəcəkdi də, Həsən. Ürəyini yemək elə sənə qaldı. Əşşi, ürəyimi ona görə yeyirdim ki, əntiqədi, yeməlidi, əlimdən çıxa bilərdi, birincinin – acgöz Müzəffər Müzzəffərovun qulağı bil balaca bu söhbəti alsaydı Şəfa üzünə həsrət qalacaqdım... Qorxum mənim ondandı ancaq. Yaxşı ki, getmədi şikayətə. Bugün istəyirəm ona bir baş çəkim. Yaxşı padarka da hazırlamışam. Kifirgənin gözündən iraq... Həsən, sən çox da narahat olma, onun şikayətə getmməyinin bir səbəbi də, bilirsən, nədi? Nədi?!. Görünür özünün də canında varmış... YOx, onu deyə bilmərəm mən... Deyə bilmərəm... Abır-həyasına qısılıb getməyib desəydin yenə dərd yarıydı. Yoxsa ki?! YOx, mən ona qol qoya bilmərəm. Adama şər atmaq yaxşı deyil. Bəs, elədə niyə onun... Hə, dinlənsənə, niyə susdun?!. Özün bilirsən!.. Mən onu dəlicəsinə istəyirəm, onu arvad kimi saxlayacağam. Qulluğunda duracağam. İkinci arvadım olacaq Şəfa... Əri var axı?! Əri, əri... Hanı əri?!. Allah bilir indi harda, hansı güllənin qabağındadı...»
Bu fikirlərlə Həsən əlində balaca bağlama aşağı düşdü, kitabxananın qapısını açdı. Şəfanın üzünə baxmağa çalışaraq salam verdi. Cavab gözləmədən:
– Necəsən, Şəfa, - deyib bağlamanı stolun üstünə qoydu, tez də çıxdı. Ürəyində: «Belə yaxşıdır!» düşündü. Birdən gözləri alacalandı, böyüdü, böyüdü: «Allah, sən saxla, gözümə qara görünür, ya nədi. Birincinin maşınıdı, bəs özü hanı?!
Tez pilləkənə doğu gəldi ki, yuxarı çıxsın. Gördü ki, Birinci pilləkəni düşür. Görüşdülər.
Birinci katib Müzəffər Müzəffərov Həsənin qolundan tutub kitabxanaya tərəf apardı. Həsənin dalağı sancdı: «Alacaq əlimdən, alacaq itə tamal salan köpəkoğlu. Əlimlə güllələsəf uf demərəm...»
Müzəffər dedi:
– Kitabxanaya yaxış baxırsan, eşitmişəm, gəldim gözlərimlə görüm.
Həsən ürəyində düşündü: «Gözlərin kor olaydı içəri girəndə, görməyəydin onu, görməyəydin...» Müzəffərəsə dedi:
– Əlimdən gələni eliyirəm də, yoldaş katib, mədəniyyətdi də...
İçəri keçdilər. Şəfa ayağa durdu. Müzəffər onun əlini sıxdı, gözləri gözlərində ilişib qaldı. «İlahi bu nədir, buçağacan niyə xəbərim olmayıb?!»
Həsən özünü güclə saxlayırdı. «Bir ölən günümü bilmirəm. Bilirdim ki, görsə hayıl-mayıl olacaq!.. Oldu da, köpəkoğlu, oldu da!..»
Müzəffər tez çıxdı, sədrə üzünü tutub dedi:
– Gedək, sahəyə də baxmaq istəyirəm.
Maşına oturdular. Müzəffər sahə yox, Həfa haqqında düşünür, həsənin qəlbindən qara qanlar axırdı. Dinib danışmırdılar. Nəhayət Müzəffər dilləndi:
– Cəbhələrdə vəziyyət ağırdır, göstəriş gəlib, bronu olanların da çoxunu göndərməli olacayıq. Amma səni saxlamağa cəhd eləcəyəm..»
Həsənin Bakıda yuxarıda adamı, arxası vardı. Həsən hətta onun evinə gedib gəlirdi də. Bütünlükdə kolxozun gəliri, demək olar ki, onun evinə daşınırdı. Bunu Müzəffər bilirdi. O dura-dura Həsənə toxuna bilməyəcəkdi, odur ki, «səni saxlamağa cəhd edəcəyəm» dedi. Eyni zamanda fikirləşirdi ki, Həsən dura-dura Şəfaya girişə bilməyəcəkdi. Həsənin «dayısı»na onun gücü çatmayacaqdı.
Müzəffər sahəni gəzməyə də çox vaxt sərf eləmədi, Həsənə bəzi tapşırıqlar verib rayona qayıtdı. Kabinetinə keçib Bakı ilə danışdı. Öyrəndi ki, Həsənin «dayısı» dünən məzuniyyətə çıxıb kurorta getmişdir. Sevincindən az qaldı otağında durub oynasın. Sonra öz-özünə acıqlandı: «Özünü ələ al, Müzəffər, ələ al!..»
Müzəffər hərbi komissar Səlimxanovu yanına çağırda, səfərbərliyin necə getməsilə maraqlandı.
Səlimxanov dedi:
– Belə getsə rayonda kişi qalmayacaq.
Müzəffər:
– Qadınlarımızın canı sağ olsun, allah onları bizə çox görməsin.
Müzəffər bu sözləri deyəndə «Şəfanı gözlərinin qabağına gətirdi, fikrində sarıldı ona, öpdü, öpdü...
Sonra başını qaldırıb hərbi komissara dedi:
– Siyahına Həsən Dünyamalıyevi də əlavə elə. Ayrı əlacımız yoxdu.
Telefon dəstəyini qaldırdı, RİK-in sədri Ümidvar Ömərovla danışdı.
– Ümidvar, salam, gözün aydın, Həsən Dünyamalıyevi də orduya çağırırlar. Mən də razılıq verdim. Ayrı əlacım yoxdur. Yerinə yaxşı bir adam fikirləş. Qadın olsun. Seçkini şəxsən özün gedib keçirərsən. Çalış yaxşı, işgüzar qadın olsun, Həsəni əvəz eləyə bilsin. Neyləyək, ayrı əlacımız yoxdu, müharibə adamlarımızı bir-bir dənləyir. Kadrsız qoyur bizi.
Müzəffər dəstəyi yerinə qoyub fikirləşdi: «Həsənin «arxası», «dayısı» məzuniyyətdən qayıdandan sonra bir ay keçəcək, görəcək ki, lələ öçüb yurdu qalıb. Kim bilir onda Həsən hansı faşistin gülləsinə tuş olacaq... Əgər bu barədə himayədarı mənə giley-güzar eləsə deyərəm məsləkim haqqı bilməmişəm sizin adamdı... Yoxsa bu boyda rayonda bir adamı saxlamağa nə vardı ki?!.»
Müzəffər sonra hərbi komissara dedi:
– Səlimxanov, sən də gecikmə. Əvvəlcə bronunu al, sonra deynən hazırlaşsın getməyə. Oldu?
– Oldu yoldaş Müzəffərov.
Hərbi komissar çıxan kimi Müzəffər kreslosuna yayxandı, Şəfanı gözlərinin önünə gətirdi, onun iri, ona azca kədərli görünmüş gözlərini süzdü, süzdü, öz-özünə pıçıldadı: «Müzəffər, işin yaxşı gedir!..»
Vıyıltı ilə gələn bir neçə mina lap yaxınlarda partladı, torpaq-kəsəyi dənizçi paltarında olan döyüşçülərin üstünə səpələdi. Bir neçə mina atəşindən sonra səngərə sıxılmış iri, mavi gözlü, enli kürəkli, ucaboy, sarışın bir döyüşçü üstünü çırpa-çırpa dedi:
– Köpək uşaqları, deyəsən axırımıza çıxmaq istəyirlər.
Həmin döyüşçü ilə yanaşı dayanmış Bəxtiyar da papağını çırpıb başına keçirtdi:
– Vasya, sağ-salamatsan?
– Hələ ki, sağ-salamatam, Bəxti, hələ ki...
Bəxtiyar və Vasya eyni vaxtda başlarını ehtiyatla çıxarıb qabağa baxdılar. Qarşıdakı düzənlikdə uzaqdan bir neçə yerdən dağıdılmış məftil çəpər görünürdü. Çəpərdən o tərəfə iki tank tüstülənirdi.
Vasya papiros kötüyünü Bəxtiyara uzatdı. Bəxtiyar kötüyü alıb iki dəfə sümürdü, tüstünü içərisinə çəkdi. Sonra kötüyü yanındakı yoldaşına ötürdü. Elə bu anda Vasyanın yanında uzanmış döyüşçü həyəcanla üzünü yoldaşlarına tutub:
– Tanklar göründü, odur, tanklar, - dedi.
Vasya arxayınlıqla və istehza edirmiş kimi:
– Qorxursan? – soruşdu.
– YOx, xəbərdarlıq üçün deyirəm də, - döyüşçü yenidən yerinə uzanıb diqqətlə tanklar gələn tərəfə baxdı.
Tanklar doğrudan da yaxınlaşmaq üzrə idi.
– Tank vuran tüfəngləri hazırlayın! – onlardan bir az aralı taqım komandiri Azərin səsi eşidildi. Onun verdiyi əmr təkrar edilərək səngər boyu yayıldı.
Üç tank sürətlə irəliləyirdi... Nəhayət məftil çəpərə çatdılar. Azər Vasyanın yanında özünə yer düzəldib atəş açmağı əmr etdi. İlk atəşdən bir tank alışıb yanmağa başladı. Onun üstündən yerə atılan faşist əsgərləri özlərini itirdiklərindən nə etdiklərini bilməyirdilər.
Bəxtiyar ikinci tankı alıb atdı. Tank tüstüyə büründü. O biri tank dönüb geri getdi. Bəxtiyar dedi:
– Hə, aldın payını, çağır Qulamhüseyn dayıvu, Vasya, sağ-salamatsan?
– Uşaqsan, səninlə mənə. Demişəm, zaval yoxdu.
Döyüşçülərin əhvali-ruhiyyəsi Azəri qanadlandırmışdı. O, hərbi məktəbi qurtarandan sonra komandir təyin olunduğu taqım ilə bir neçə ağır döyüşlərdən çıxmış, az vaxtda əsgərləri yaxşı tanımışdı. Xüsusən dostu Bəxtiyarın və ukraynalı Vasyanın döyüş qabiliyyətləri onu heyran edirdi.
– Sən lap ustalaşmısan Bəxtiyar, atdığın boşa çıxmır, - Azər Bəxtiyara yaxınlaşdı, əlini onun çiyninə qoydu.
Vıyıltı ilə gələn minalar yaxında pratladı, torpağbı havaya sovurdu. Döyüşçülər səngərə sıxıldılar.
– Yəqin əvvəl yaxşıca bir mina atəşinə tutacaqlar, necə bilirsən, Vasya?
– Eh, hamısı birdir, istər mina, istər top, öyrəşmişik, Bəxti.
– Hə, düz deyirsən, - Bəxtiyar ayağa qalxdı, əyilə-əyilə gəlib Vasyanın yanındaca oturdu, nə fikirləşdiə birdən papağını gözünün üstünə aşırdı, zümzümə ilə pəstdən oxudu:
Mən aşıq yalqız alma,
Ağacda yalqız alma.
Yardan öpüş alanda
Cüt-cüt al. Yalqız alma!..
Vasya dilləndi:
– Bu dəfə yaman qəmli oxudun, Bəxti. Yaman.
– Xəyalım məni çəkib el-obamıza apardı...
Vasya onun ətəyindən çəkib:
– Qəm eləmə, bir az tütün ver görüm, nədənsə bu gün elə hey çəkmək istəyirəm!.. – dedi.
Bəxtiyar tütün kisəsini çıxarıb ona verdi. Bu zaman arası kəsilməyən mina atəşi başlandı. Torpaq göyə sovrulurdu, havadan tökülən bombalar dəhşətlə partlayırdı...
Bir az keçmiş atəş kəsildi. Azər sıxıldığı yerdən durub üstünü çırpdı. Səngər boyu gəzməyə, döyüşçüləri və silahları yoxlamağa başladı. İki döyüşçü tankvuran tüfəngin yerini düzəldirdi. Azər onlara çatanda dayandı:
– Afərin, uşaqlar, yaxşı düzəldin, bu saat onlara layiqli cavab verəcəyik, - dedi və ötüb keçəndə gözləri yerdə bir-birinin yanına uzanmış iki meyitə sataşdı. Onların gözləri səmaya zillənmişdi. Azərin qaşları çatıldı, əyilib onların gözlərini qapadı. Ayağa qalxdı, dərindən köksünü ötürdü.
Qarşıda yeni faşist tankları görünəndə Azər tez yüyürüb öz yerini tutdu və səngər boyu əmr etdi:
– Döyüşə hazırlaşın, mənim əmrim olmadan heç kəs bir güllə belə atmamışdır. Bəxtiyar, pulemyotu gətir. Orada, - əli ilə sol tərəfə işarə etdi, - qurarsan, tez!..
– Bu saat! – Bəxtiyar pulemyotu gətirmək üçün getdi.
– Vasya, sən sol cinaha keç, oradan atəşi bir an da kəsməzsən, bildin?
– Bildim, - deyərək Vasya yerdən bir neçə avtomat diski götürdü.
Yolda o çiynində əl pulemyotu olan Bəxtiyarla qarşılaşdı:
– Sən hara, Vasya!
– Sol cinaha.
Bəxtiyar əl pulemyotunu qurmaqla məşğuldu. Vasya sol cinahda yerini rahatladı, avtomatı döşünə götürdü, qaşları çatıldı. Döyüşçülər əlləri çaxmaqlarda, sifətlərində ciddiyyət gözləyirdilər. Bəxtiyarın baş barmağı pulemyotun düyməsi üzərində idi.
Qarşı tərəfdə tanklar irəliləyirdi. Onların üstündə və böyürlərində gizlənə-gizlənə gələn faşistlər görünürdü. Atəş açılmadığı üçün onlar bir qədər cürətlə gəzirdilər. Tanklar lap yaxınlaşanda Azər əmr verdi:
– Atəş!
Arası kəsilməyən atəş səsi ətrafı bürüdü. Bir tank od tutub alovlandı.
Bəxtiyarın pulemyotu durmadan gurlayanda Vasya avtomatla faşistlərə atəş açırdı. Faşistlər də avtomatlardan atəş aça-aça tankların dalınca gəlirdilər. Tanklardan şiddətli pulemyot təşi açılırdı. Dal tərəfdən yenə bir neçə tankın gəldiyi görünürdü.
Azərin sağ tərəfində iki döyüşçü vurulmuşdu. Azər tankvuran tüfəngin arxasına keçib atəş açmağa başladı.
Lap yaxınlığında bir döyüşçünün keçindiyini görən Bəxtiyar bir an atəşi kəsib səsləndi:
– Sənə nə oldu, ə, Yunus!
Yunus bir əli sinəsində, o biri əli ilə torpaqdan tutub dayanmaq istədi, bacarmadı, səngərin içinə yıxıldı.
– Bəxtiyar, su... su... Bir az su!.. – deyərək bir əlində avtomat, köynəyi al qan içində olan başqa bir döyüşçü üzü üstə yerə sərildi.
Bəxtiyar su qabını götürüb:
– Bondaryov, Bondaryov, - bərkdən qışqırdı və döyüşçünün keçindiyini görüb su qabını yerə qoydu. Atəşi davam etdirdi.
Azər bir tankı nişan aldı, çaxmağı çəkdi. Tank alışdı.
Faşistlər artıq otuz metrliyə çatmaq üzrə idilər. Bir tank sürətlə Vasyanın üstünə gəlirdi. Vasya özünü itirmədi. Əlindəki qumbaranı onun qarşısına tulladı. Partlayışdan tank zədələnməyib Vasyanın olduğu səngərin üstünə çıxdıqda, Vasya lap səngərin dibinə yatdı. Tank keçmədi və Vasyanın üstündə durub onu əzmək məqsədilə torpağı dağıtmağa başladı. Bunu görən Vasya uzandığı yerdə cəld sağa sürünüb tankın altından çıxdı, ayağa qalxdı və:
– Görək kim-kimi! – deyib əlindəki bir-birinə bağlı olan iki qumbaranı tanka çırpdı. Bərk partlayışdan tank yanmağa başladı. Bu dəhşətli mənzərəni seyr edən Bəxtiyar cəld Vasyanın yanına atıldı.
– Vasya, Vasya, - deyərək onun başını astaca yerdən qaldırıb dizləri üstünə aldı.
Vasyanın alnındakı yaradan axan qan qaşı üstündə sağ tərəfə axıb gedirdi. Siması tanınmaz şəklə düşmüşdü.
– Bəxtiyar! – Azər gülləsi qurtarmış pulemyotun arxasından durub Bəxtiyara tərəf yüyürmək istəyirdi ki, üstünü faşistlər aldı. Azər özünü itirmədən üzərinə atılan faşistə avtomatın qundağı ilə möhkəm bir zərbə endirdi. Lakin faşistlər onun başının üstünü yaman almışdılar. Birdən-birə üçü üstünə tullandı. Əlbəyaxa oldular.
Yuxarıdan faşist zabitinin səsi eşidildi:
– Diri tutun, diri tutun!
Bəxtiyar artıq keçinmiş Vasyanı buraxıb ayağa qalxdı. Avtomatı döşünə basıb Azərin üstünə yüyürən faşistləri atəşə tutdu. Onlardan ikisi yıxıldı, qalanları dərhal yerə yatdılar.
Azər üç faşistin altında çapalayırdı. Nəhayət onlardan birinin qarnına qüvvətli bir təpik ilişdirdi. Faşist qarnını tutub küncə qısıldı. Bu zaman yuxarıdan bir faşist əsgəri səngərə atıldı, tüfənginin qundağını qaldırıb Azərə vurmaq istəyəndə birdən-birə özünü çatdırmış Bəxtiyar onun qolundan qüvvətlə vurub tüfəngi yerə saldı və sonra avtomatın qundağını onun başına zərbə ilə elə endirdi ki, faşsit əsgəri yerə sərildi. Bəxtiyar fürsəti əldən verməyib avtomatını ikinci dəfə Azərin üstündəki faşistlərdən birinin başına endirdi. Faşist yumbalandı. Üçüncü faşisti isə Azər altına alıb boğazından yapışdığı vaxt iki faşist Bəxtiyarın üstünə atıldı, əlbəyaxa oldular. Bu zaman faşist əsgərləri bir-birinin arxasınca səngərə doluşmağa başladılar. Bəxtiyarla Azərin uzun müqavimətindən sonra onları yerə yıxdılar, əl-qollarını möhkəm bağladılar, səngərdən çıxartdılar. İkisinin də köynəyi cırıq-cırıqdı. Bədənlərində demək olar ki, sağ yer yoxdu. Sifətləri qorxunc şəklə düşmüşdü. Bəxtiyarın üzü bir neçə yerdən çapılmışdı, saçları alnına tökülmüşdü.
Faşist zabiti diqqətlə onlara baxdı və hirslə:
– Sizi asmaq da azdır, vəhşilər, sizə mənə çox əziyyət verdiniz, - sonra o, üzünü əsgərlərə tutub əmr etdi: - Aparın!..
***
Azər qolları bağlı zabitin qarşısında dayanmışdı. Sifəti bir neçə yerdən göyərmiş və şişmişdi. Bunlar sarıbəniz, orta yaşlarında olan zabitin ona göstərdiyi «yüksək iltifatın» bəhrəsi idi.
Masa arxasında oturmuş zabitin gözlərindən hiyləgərlik yağırdı. O, Azərə çox vaxt eynəyinin üstündən baxırdı. Deyirdi:
– Yaxşı düşünün, unutmayın ki, sizin başqa əsirlər kimi öldürülməyiniz əbəs deyil. Nə üçün bunu başa düşmək istəymirsiniz? Niyə tərslik edirsiniz? Niyə xoşbəxtliyinizə mane olursunuz?
– Mən belə «boşbəxtliyi» istəmirəm, cənab zabit!.. Bir də bilirsinizmi, başınızı nə ağrıdım, sözün düzünü bilmək istəyirsinizmi? – Azər soruşdu.
– Bəs necə, əlbəttə, doğru sözün dünyada qiyməti yoxdur.
– Sözün düzü budur ki, sizin heç bir niyyətiniz baş tutmayacaq, - Azər qətiyyətlə söylədi.
– Canım, niyə axı, baş tutmasın? – zabit tülküvarı bir sifət aldı. – Bunda nə var ki, radioda çıxış edib könüllü bizim tərəfimizə keçdiyinizi deyəcəksiniz, sovetlərin hərbi qüvvə və ehtiyatlarının tükəndiyini, adamlarınızın fürerə olan məhəbbətini sadəcə etiraf edəcəksiniz, vəssalam. Bunun harası çətindir?
Bərk əsəbiləşmiş Azər əzab çəkə-çəkə zabiti güclə dinləyirdi. Zabit isə bunun fərqinə varmadan sözünə davam edirdi:
– Sonra da böyük hörmətlə imperiyamızın paytaxtına gedəcəksiniz, ooo!.. Orada sizi məmnuniyyətlə qəbul edəcəklər. Siz Sovet zülmündən canını qurtarmış alman təbəəsi olacaqsınız. Hələ sizi bəlkə Gebbels cənabları özü qəbul etdi... Ooo! Onda yəqin bizi heç bəyənməyəcəksiniz.
– Bəsdirin, yetər, cənab zabit, - səbr kasası dolan Azər qəzəblə cavab verdi.
– Hə, nə deyirsən, razısan? – Zabit Azəri başa düşmürmüş kimi bir də soruşdu.
– Dedim ki, bu barədə artıq yetər! Sizə lazım olan «hə» cavabını bizim yalnız meyitimizdən ala bilərsiniz, - Azər qəti fikrini bildirdi, - ancaq meyitimizdən. Əgər düzünü bilmək istəsəniz, cənab zabit, mənim buna da şübhəm vardır. Sizi inandırıram ki, meytimiz belə sizə nifrətlə baxacaqdır.
– Aparın! Aparın yaramazı, - zabit qapıda dayanmış iki silahlı əsgərə əmr etdi. Əsgərlər Azəri aparmaq istəyəndə zabit:
– Yox, durun! – qışqırdı. Azərə yaxınlaşdı. – Bax, budur, sənə son dəfə olaraq bir saat... Başa düşürsən, bir saat vaxt verirəm, yaxşı düşün, qəti bir söz deməsən hər ikinizi güllələyəcəm, eşidirsənmi? – Sonra o, üzünü əsgərlərə tutub, - aparın! – deyərək hirslə bağırdı.
Azəri kiçik, alçaq bir daxmanın qarşısına gətirdilər. Burada iki əsgər keşik çəkirdi. Əsgərlər daxmanın qapısını açıb Azəri içəri itələdilər. Bəxtiyar ona tərəf dönəndə daxmanın qapısı bağlandı.
– İndi nə deyirsən? – Bəxtiyar dostundan tələsik xəbər aldı.
Azər yerə otura-otura:
– Eyni sözləri... Satın almaq istəyirlər, - cavab verdi.
Bəxtiyar dişlərini bir-birinə sıxıb qəfəsə salınmış aslan kimi çırpınırdı:
– Əclaflar!..
– Son dəfə fikirləşməyə bir saat vaxt verdi. – Azər dərindən köksünü ötürdü. – Eh!.. dostum, artıq əcəl bizi yaxalamışdır. Onu dəfə eləmək mümkün deyil.
Bəxtiyar onun qabağında əyləşdi. İki cüt göz bir-birinə zilləndi. Qrıpınmadan baxdılar. Bəxtiyarın da qolları bağlı idi. Sinəsinin tez-tez qalxıb enməsi həddindən artıq həyəcan keçirdiyini göstərirdi, gözləri məşəl kimi yanır, hirsindən dodaqlarını çeynəyirdi. Sifəti üç yerdən cızılmış, bir gözünün altı qaralmış və şişmişdi. Əynindəki köynəyin sağ yeri yox idi. Dərin bir sükutdan sonra nəhayət Bəxtiyar dilləndi:
– Eh, Azər, məni bu ölüm qorxutmur, onu mən gülə-gülə qarşılamağa hazıram. Ancaq bilirsən faşistlərin əlində ölməyimiz, özü də qərib ölməyimiz mənə çox yer eləyir.
Azər köks ötürdü:
– Yəqin bəxtimiz belə imiş... Eh!
Bəxtiyar daxmanın divarına söykənib, dərin düşüncəyə daldı və sonra üzünü Azərə tutub:
– Azər!.. Bilirsən indi yadıma nə düşdü? – dedi.
– Nə? – Azər fikirli-fikirli soruşdu.
– Bizim aşıq Vəlinin həmişə sevə-sevə oxuduğu bir bayatı, - deyib qəlblərə çox təsir edən, qəmli bir səslə oxudu
Əzizim kətan yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı!
Bəxtiyar oxuduqca Azər mənalı-mənalı başını tərpədirdi. Bəxtiyar oxuyub qurtaranda Azər ayağa durdu. Daxmanı var-gəl etməyə başladı. Daxma mal tövləsinə oxşayırdı. Kiçik pəncərəsi elə bil yalnız nəfəs almaq üçündü. Bu pəncərədən içəri süzülən on dörd günlük ayın ziyaları daxmanı işıqlandırdı. Azər pəncərə önünə gəldi. Ayın ziyaları onun kədərli sifətinə düşdü. Ətraf sakit olduğundan Azər daxmanın keşiyini çəkən əsgərlərin danışığını aydınca eşidirdi. Ancaq sözlərini başa düşə bilmirdi. Onlar rumın dilində danışırdılar. Faşistlər Rumıniyanı işğal edəndən sonra rumın gənclərini də səfərbərliyə almışdılar. Onlardan hər yerdə istifadə edirdilər.
Azərgilin keşikçiləri də rumındı. Bir ilə yaxın idi ki, ordu sıralarına çağırılmışdılar. Onlar mühüm bir məsələ haqqında söhbət edirdilər:
– Petru, görünür sən çox ürəyi yumşaq adamsan, ha!.. Heç saldata oxşamırsan, doğrudan da jurnalist ki, jurnalist.
– Saldat, yəni deyirsən insan olmamalıdır, Karl?
– Ay dedin ha!.. Bura bax, aşna, gözlə bu sözlər üçün səni bir təhər eləməsinlər. Yadındadır, əlimizə bu zəhrimarı verəndə, - Karl çiynindəki avtomata əli ilə işarə elədi, - təlimatçı faşist zabiti deyirdi: saldat amansız olmalıdır. Saldat düşmənə güzəştə gedə bilməz! Saldat saldatdır, rəhm deyilən şey ondan uzaqdır. Bunu kim bacarsa o birinci saldatdır.
– Yadımdadır, Karl, özü də bu sözləri deyəndə mən düz onun gözlərinin içinə baxırdım. Bu sözləri ürəkdən deyib demədiyini bilmək istəyirdim. Bəli Hitlerin bu sadiq köpəyi bunları lap ürəkdən deyirdi. Dedikcə də vəcdə gəlir, coşurdu. İnsan qanına susamış canavardan ayrı nə gözləmək olardı! Həmin günün axşamı mən onun dediklərinin çoxusunu öz qeyd dəftərçəmə də yazdım, əlbəttə, unutmamaq üçün!
– Bura bax, özünü işə salarsan, ha!.. Deyirəm axırı bu jurnalistliyin başına bir oyun açacaq. Ay qardaş qoysana bir, biz saldat babayıq öz işimizi görək. Qorxuram axırda sənin ucbatından mən də əngələ düşüm. Deyəcəklər ki, sən də rumınsan, elə onun tayısan. Di gəl cavab ver görüm necə verirsən.
– Onsuz da faşitslər bizə şübhə ilə baxırlar.
– Sənə elə mən də olsam şübhə ilə baxaram, məgər dinc durursan, ağzına gələni danışırsan. Saldat babasan, buyuruq qulusan! Sənə deyirlər düşünmək yasaqdır, sənsə qulaq ardına verib hər şey üstündə baş sındırırsan. Belə olanda, əlbəttə, mən də səndən şübhələnərəm, bildin ya yox?
– Yox, Karl, yox, bilmədim! Bircə mənə de görüm indi keşiklərini çəkdiyimiz adamların nəyi bizə düşməndir və nə üçün biz onlarla amansız olmalıyıq, hə? De görüm? Burada adam fikirləşməyib neyləsin?
– Sənin ağzından qan iyisi gəlir, Petru!
– Bir özün fikirləş, Karl, onların nə günahı var?! İndi bizim Vətənimiz, sənin və mənim doğma yurdum həmin bu xidmət etdiyimiz faşistlərin tapdağı altındadır, onlar isə öz vətənlərinin tapdaq altına düşməməsi üçün inad edirlər. Onlar bunda çox haqlıdırlar. Mən bu cürə qorxmaz, iradəli adamları çox sevirəm.
Karl hövsələsiz halda:
– Bir mənə açıq de görüm, sən nə eləmək fikrindəsən? – soruşdu.
Petru qətiyyətlə dedi:
– Mən istəyirəm... Belə bilirsən nə var, mən onlara kömək eləmək istəyirəm, ancaq, sözün düzü, səndən çəkinirəm.
Karlın gözləri alacalandı:
– Mən demişəm, axırı sən məni bir işə salacaqsan! Axı əzizim bu çox qorxuludur. Bilsələr o dünyalığıq. Özümüz cəhənnəm, arvad-uşağımızı, yetim-yesirimizi güdaza verə bilərik.
Petru inamla:
– Qorxma, Karl, qorxma, qorxan gözə çöp düşər, - dedi.
– Çöp düşsə yaxşıdır. Bundan kəndir iyisi gəlir, əzizim, kəndir!
– Kəndirdən yaman qorxursan.
– Yaman!..
– Əvvəl-axır öləcəyik!
– Canım daha kəndirlə yox da... Yaxşı, Petru, bir məni başa sal görüm, sən indi nə etmək istəyirsən? Vallah qorxudan bədənim tir-tir əsir, sən həmişə danışanda mənim bədənimə titrətmə düşür.
– Qulaq as, Karl, bilirsən ki, inadlarından dönməsələr onları güllələyəcəklər. Onu da bilirsən ki, axırıncı dəfə fikirləşmək üçün onlara bir saat vaxt vermişlər. Ancaq mən bilirəm ki, tikə-tikə doğrasalar da onlar vətənlərinə xain çıxmayacaqlar. Belə adamların ölməyi isə heç insafdan deyil. Axı, onlar, hər şeydən əvvəl, insandırlar. Özü də yaxşı, nəcib, mərd insandırlar. Belə adamlar ancaq hörmətə layiqdirlər. Hə, başını nə ağrıdım, mənim fikrim belədir ki, biz onların sağ qalmasına çalışmalıyıq. Bunun üçün mən hələlik ancaq bir şeyi fikirləşmişəm: onların əl-qolunu açmaq, sonra da yalandan bağlamaq. Əgər bunu bilsələr deyərik xəbərimiz yoxdur, yəqin özləri açmışlar.
– Yaxşı bunun onlara nə xeyri?
– Çox xeyri ola bilər. Adamın əl-qolu açıq olanda çox şey edə bilər. Xüsusən də ki, bu cürə igid Qafqaz balaları. Görürsənmi daxmanın içində qəfəsə salınmış pələng kimi necə də var-gəl edirlər.
Karl həyəcan içində soruşdu:
– Deyirsən yəni güllələnməyə aparanda qaça bilərlər?
Petru arxayın-arxayın dedi:
– Niyə qaçmasınlar, bacarsalar buna ancaq afərin deyərəm. A-fə-rin... Bacarmasalar daha öz bəxtlərindən küssünlər, bildin?
– Bilməyinə bildim, ancaq kəndir yadıma düşəndə bədənimə üşütmə yayılır. Məni qınama, Petru, asılmaqdan yaman qorxuram.
– Qorxma, Karl, möhkəm ol! Mən elə edərəm heç kəs bilməz!.. Bir də əzizim, unutma ki, bizim vətənimiz də faşistlərin pəncəsində inləyir. Onlara qarşı vuruşan isə bizim ancaq dostumuz ola bilər.
Azər və Bəxtiyar rumınların söhbətlərinin məzmunundan və xüsusən Petrunun onlara onlara olan hüsn-rəğbətindən xəbərsiz idilər. Azər düşüncəli halda pəncərə önündə dayanmışdı. Öz-özü ilə danışırmış kimi:
– Vaxta az qalmışdır! – dedi və birdən-birə çevrilib Bəxtiyara sarı gəldi:
– Bəxtiyar, heç olmasa qollarımız açıq olsaydı!..
Azər elə bu sözləri demişdi ki, daxmanın qapısı ağzında ayaq səsləri eşitdi. Bir azdan qapı açıldı. Petru qapı ağzında göründü. O, işarə ilə Azəri yanına çağırıb ona almanca nəsə dedi və Azərə balaca bir bıçaq uzatdı. Azər alman dilini pis bilmirdi. O, hələ orta məktəbdə oxuduğu zaman alman dilindən həmişə beş alırdı. Orta məktəbi bitirən kimi xarici dillər institutunda oxumaq fikrində idi. Lakin o, orta məktəbi qurtaranda Bakıya, oxumağa getmədi. Anası onun çox əziyyətini çəkmişdi. İndi o da istəyirdi ki, kənddə qalıb anasına kömək eləsin. Onun böyük zəhmətini əvəzini verə bilsin. Bunu Azər yaxşı başa düşürdü. Kolxozda işləməyə başladı. İki aya yaxın müxtəlif işlərdə çalışdı. Sonra bacarığını görüb irəli çəkdilər, briqadir qoydular. Azər oxumaqdan da əlini üzmədi. Bir ildən sonra Bakıya gəlib Azərbaycan qiyabi pedaqoji institutuna daxil oldu...
Hərbi məktəbə oxumağa gedəndə alman dilində danışmağı bacarırdı. Hərbi məktəbdə isə bunu bir az da təkmilləşdirmişdi.
Azər rumın əsgərinin fədakarlığı və insanpərvərliyi qarşısında donub qalmışdı. Bıçağı alandı ona böyük minnətdarlığını bildirdi.
– Hələlik əlimizdən bu gəlir, - Petru təvazökarlıqla deyirdi. – Ancaq heç şeydən qorxmayın. Fədakar oğlanları mən çox sevirəm.
Petru daxmanın qapısını bağlayanda eynəkli zabit stol arxasında oturmuşdu. Ciddi məşğul idi. Azər ilə Bəxtiyarı ələ gətirə bilməməsində öz gücsüzlüyünü hiss edirdi. Odur ki, onların əlindən acıqlı idi. Onları diri-diri qəbrə qoysaydı belə hirsi yenə soyumazdı. O, tez-tez saata baxırdı. Azərə fikirləşmək üçün verdiyi vaxt qurtarmaq üzrə idi. Bu zaman bir kiçik zabit içəri girib təzim etdi. Onun əlində teleqram vardı. Eynəkli zabit dərhal teleqramı alıb oxudu. Oxuduqca üzünü təəccüb ifadələri bürüyürdü. Teleqramda deyilirdi ki, bu vaxta qədər tutulmuş və hələ öldürülməmiş olan bütün hərbi əsirlər Almaniyaya göndərilmək məqsədilə dərhal ən yaxın hərbi lagerə verilməlidir!
Zabit əmri oxuyub qurtarandan sonra onu masanın gözünə atdı, ayağa qalxdı. Kiçik zabitlə birlikdə tələsik otaqdan çıxdılar onlar daxmaya yaxınlaşanda Azər ilə Bəxtiyar çoxdan bir-birlərinin əllərini açmış, sonra da bilinməsin deyə yalandan bağlamışdılar.
Qapı açıldı. Eynəkli zabit içəri girib:
– Hə, nə deyirsiniz, fikirləşdiniz? – deyərək hiyləgərliklə soruşdu.
– Biz ölümü seçdik! – Azərlə Bəxtiyar bir ağızdan cavab verdilər.
– Aparın, - zabit iki avtomatlı saldata əmr etdi.
Gülsüm xala evin ortasında nimdər üstə diz çöküb dua edir, dodaqları arasında pıçıldayırdı: «Allah, sən balamı xətalardan qurtar, onun həyanı ol! Nəzərini üstündən əksik eləmə, allah!..»
Qapı səssizcə açıldı. Ayna hiss olunmadan içəri girdi. O, Gülsüm xalanı duasından ayırmamağa çalışıb yerindəcə durdu, ətrafa göz gəzdirməyə başladı. Nəzərləri buxarı başında asılmış Bəxtiyarın iri, təbəssümlü portretinə sataşanda donub qaldı.
Gülsüm xala duasını qurtarıb, çevriləndə Aynanı gördü, lakin onu durduğu vəziyyətindən ayırmamaq üçün səsini çıxarmadı.
Ayna özü də fərqinə varmadan şəkillə danışırmış kimi astaca dodaqları arasında pıçıldadı:
– Bəxtiyar!.. Bəxtiyar!.. İndi sən hardasan, əzizim, harda!
Gülsüm xala özünü saxlaya bilmədi:
– Kim bilir, qızım, kim bilir, allah köməyinə çatsın, - deyib dərindən köksünü ötürdü.
Ayna diksinib tez Gülsüm xalaya tərəf çevrildi. Nəzərləri birləşəndə Ayna utandığından və dediyinə peşman kimi başını aşağı dikdi.
– Qızım, üst-başından səfərə gedənə oxşayırsan, hara belə?
Ayna başını qaldırdı:
– Cəbhəyə göndərirlər, Gülsüm xala, yaralı əsgərlərimizə kömək eləməyə.
– Yaxşı ay bala, gərək elə indi gecəynən gedəsən?
– Bəli, Gülsüm xala, bu gecə on iki qatarı ilə yola düşürük. Hərbi komissardan icazə alıb sizi görmək üçün gəldim.
– Axı, qızım, axşam, tək necə gedəcəksən?
– Tək niyə olur ki, ana, Reyhanın atası Əhməd əmi məni aparacaq arabasıyla. Əsdrdən icazə alıb.
Ayna görüşmək üçün ona yaxınlaşdı. Gülsüm xala qollarını onun boynuna doladı:
– Qızım, əgər işdir, Bəxtiyara rast gəlsən mənim dilimdən ona deyərsən ki... – o dayandı, sözünün gerisini deyə bilmədi. Fikirləşmək üçün başını aşağı saldı.
– Nə deyərəm, gülsüm xala?
– Deyərsən ki, anana niyə kağız yazmırsan. Bildin?!.
– Baş üstə, ana, baş üstə! Təki ona rast gəlim.
Ayna getmək istəyəndə Gülsüm xala onu saxladı:
– Qızım, dayan, mən də səninlə çıxıram. Səni özüm yola salacağam!..
***
Əhməd arabası ilə gözləyirdi. Qəmli-qəmli çubuğunu tüstülədirdi.
Aynanı yola salmağa Xanım, Reyhan da gəlmişdi. Reyhanın qucağında gözəl bir uşaq vardı.
Ayna Gülsüm xala ilə öpüşdü, Xanım xalanı qucaqladı. Sonra Reyhana sarı yeridi. Uşağın yanağından öpdü, totuq əllərini əlində sıxıb:
– Sağ ol, Hidayət, bax, məni unutma ha! – dedi.
Hidayət sanki onu başa düşürmüş kimi gülümsədi.
– Sağlıqla get, Ayna, tez-tez məktub yaz! Eşidirsən?! Gündə birini!
– Baş üstə, Reyhan, baş üstə, - deyərək Ayna anasının yanına gəldi.
Ana-bala sarmaşıq kimi bir-birinə sarıldılar. Ayna anasından ayrılıb cəlb arabaya sarı yeridi:
– Sağ ol, ana, - dedi. – Bax ağlamayasan, ha, ana! Anacan! Eşidirsən? Ağlamayasan! Sənə qurban olum!
– Get qızım, get! Allah sənə yar olsun! – anası gözləri dolmuş halda cavab verdi.
Reyhan Aynaya sarı gəldi, cibindən bir zərf çıxarıb ona uzatdı:
– Aynacan, əgər ona təsadüf eləsən bu məktubu verərsən. Bir də deyərsən ki, oğlun Hidayət səndən cavab gözləyir. Bəxtiyara da rast gəlsən məndən salam deyərsən. Azər axırıncı məktubda yazmışdı ki, Bəxtiyarla bir yerdədir.
– Baş üstə, Reyhan, onları gərək tapam, sağlıq olsun. – Sonra o, üzünü analara tutdu: - Sağ olun, darıxmayın, Reyhan can, bax, analarımı sənə tapşırıram, - deyib Əhmədə işarə elədi ki, arabanı sürsün.
Əhməd işarəni anladı. Araba yola düşdü.
Reyhan onun dalınca:
– Arxayın ol, Ayna, - qışqırdı.
Uzaqdan Aynanın səsi eşidildi:
– Hidayətdən muğayat olun!..
9
Ay işığı altında uzanıb gedən yolla təqribən otuz nəfərlik bir dəstə faşist əsgərlərinin müşayiətilə hərəkət edirdi. Bunlar əsirlər idi. Paltarları cırıq, çoxunun ayağı yalındı. Bəxtiyarla Azər sol tərəfdə bir az da dalda gedirdilər. Diqqətli nəzərlərlə ətrafa baxırdılar. Qarşıda dəniz görünürdü. Yol sanki birbaşa dənizin içərisinə gedirdi. Azər başını qaldırıb göyə baxdı. On dörd gecəlik ay buludlar arasından məlum-məlum baxırdı. Böyük və qara bir bulud parçası dəyirmi ayın yarısını örtürdü. Yol lap dəniz kənarına gəlir, oradan sağa burulur, sahildən tamamilə uzaqlaşırdı. Bu yerdə sahil sıldırım şəklində idi. Aşağıda ləpələr oynaşırdı. Göz işlədikcə orda-burda kiçik qayalar nəzərə çarpırdı.
Dəstə bu yerə yaxınlaşanda Bəxtiyar əvvəlcə dənizə, sonra da mənalı nəzərlərlə Azərə baxdı. Azər onun nə demək istədiyini dərhal anladı və ona eyni işarə ilə cavab verdi və birdən-birə Bəxtiyar gözlənilməz yumruq zərbəsi ilə yanınca gedən faşisti yerə sərdi, bir göz qırpımında hər ikisi yüyürüb sıldırım sahildən dənizə atıldılar. Faşist zabiti və əsgərlər əl-ayağa düşdülər. Zabit sıldırım üzərinə çıxıb qaçanların arxasınca atəş açdı. Əsgərlərdən də ikisi onu təqib etdi.
Əsirlər hay-küy qopartdılar:
– Əl çəkin onlardan!
– Getdilər eee...
– Uşaqlar, bəlkə biz də...
Zabit hay-küyü eşidib əsgərlərə:
– Qoy rədd olsunlar, - dedi, - yəqin ki, güllə hər ikisinə dəydi. Bu birilərini qorumalı. Bunlara etibar yoxdur!..
Dəstə hərəkət etdi... Uzaqlaşdı.
Dəniz ay işığında parıldayırdı. Bəxtiyar əlini Azərin boynuna saldığı halda çox çətinliklə sudan çıxdılar. Sahildə çoxlu qaya görünürdü. Lap yaxında isə bir-birinin yanında iki qaya vardı, üçüncü də onların üzərində yerləşmişdi. Bu qayaların arası yaxşı sığınacaqdı. Azərgil bura çatanda Azər dostunu astaca qumun üzərinə uzatdı:
– Yaran bərkmi incidir? – mehribanlıqla soruşdu.
– Çox... Kürəyim... – Bəxtiyar güclə cavab verdi.
Azər səbrsizliklə səhərin açılmasını gözləyir, lakin onun nə gətirəcəyini özü də bilmirdi. Bəxtiyarın vəziyyəti ağırdı. Onunla birlikdə qaçıb bir yerə çıxmaq uzun bir işdi. Bəs nə etməli? Bu sual Azəri çox düşündürdü. O heç vəchlə yenidən düşmənlərin əlinə düşmək istəmirdi. Bəxtiyarı yaralı halda qoyub getməyi isə o, fikrinə belə gətirə bilmirdi. O, nə olursa-olsun Bəxtiyarla bir yerdə qalmağı qət etdi. Hətta yenidən ölümün pəncəsinə belə keçsələr bu yaxşı idi. Heç olmasa iki dost bir-birinin üzünə baxıb gülümsər, sonra mərdliklə, qürur hissilə canlarından keçərdilər. Bəli bir yerdə yaxşıdır, ancaq bir yerdə! Lakin idi Bəxtiyara müalicə, istirahət, dincəlmək lazımdı. Bu şəraiti Azər ona necə yaradacaqdı? Bu suallarla beynini yora-yora o, səhəri açdı. Qızılı şüalar mavi suları rəngdən-rəngə salanda Azər uzaqdan nəğmə səsi eşitdi. Diqqətlə qulaq asdı. Nəğmə getdikcə yaxınlaşır, ucalırdı.
Birdən o, bir dəstə uşağın oxuya-oxuya sahilə tərəf gəldiyini gördü. Uşaqların hamısının əlində kiçik vedrə və ucuna tilov keçirilmiş uzun qarğı vardı. Onların içərisində birisi öz diribaşlığı, cəld hərəkətləri ilə o birilərindən seçilirdi. Bu, on iki yaşında oynaq gözlü, qıvrım saçlı bir oğlandı. Uşaqlar sahilə yetişəndə dayandılar, sakit, mavi sulara baxmağa başladılar. Qıvrım saçlı oğlan üzünü onlara tutub əmr edirmiş kimi dedi:
– Hə, uşaqlar, indi hərəniz bir qaya üstünə. Görək bu gün kim çox tutacaq?
Uşaqlar dağılışdılar. Qıvrım saçlı oğlan onların arxasınca:
– Bax, sonra hamınız buraya yığışın, çağıran kimi, - qışqırdı və Azərgili gizlənmiş olduğu qayalara sarı oxuya-oxuya addımladı.
Azər iti baxışları ilə onun hərəkətini izləyirdi. O, yarısına qədər suyun içinə girmiş qayanın üzərinə atıldı, əlindəki qarğının ucuna keçirilmiş tilovu nəzərdən keçirib suya tulladı. Bunu görən Azər səssizcə onun oturduğu qayaya yaxınlaşdı.
– Qoçaq, - deyib yavaşcadan onu səslədi.
Qıvrım saçlı oğlan çevriləndə Azəri gördü, təəccübdən böyümüş gözləri ilə ona diqqətlə baxdı. Azər əl edərək onu yanına çatırdı. Oğlan tərəddüdlə ona tərəf gəldi. Onu dənizçi paltarında görəndə ürəklənib yanına atıldı. Birlikdə Bəxtiyara tərəf getdilər.
– Qorxdun? – Azər qayğıkeş və mehriban nəzərlərini oğlana dikdi.
– Yox! Nədən qorxacam, - o, cəsarətlə cavab verdi və tez Bəxtiyara yaxınlaşdı. Bəxtiyarın sifəti olduqca solğun və pərişan görünürdü.
– Xəstədir? Oğlan xəbər aldı.
– Yaralıdır, kürəyindən dəymişdir, - Azər cavab verdi. Soruşdu: - Yaxşı, qoçaq, de görək adın nədir?
– Volodya! Bəs sizinki?
– Azər.
– Yəqin dənizçisiz? – Volodya iti gözlərini Azərə dikdi.
Azər mənalı:
– Onları sevirsənmi? – soruşdu
– Sevirəm. Özü də lap çox, - Volodya cavab verdi. – Mənim qardaşım da dənizçidir.
– Volodya, yubanmaq olmaz, sən bizə kömək etməlisən, başa düşürsən?
– Düşürəm.
– Onda bir qabaqca de görüm kənddə faşist çoxdur?
– Çoxdur. Camaatı təngə gətiriblər, hər gün onun-bunun evindədilər.
– Sizin evə, necə, gəlirlərmi?
– Hələ ki, gəlməyiblər.
– Evdə kiminlə olursan?
– Anamla, - Volodya Azərə yaxınlaşdı, qulağına pıçıldayırmış kimi əlavə etdi. – Babam partizanlığa getdi, evdə ikimiz qalmışıq.
– Volodya, yoldaşımın vəziyyətini görürsən də... Mən bu halda, özümü onunla partizanlara necə çatdıra bilərəm?!
– Çətindir, - Volodya təsdiq etdi.
– Onda Volodya, sən indi çaparaq evə qaç, dostumu müəyyən vaxta qədər evinizdə gizli saxalamaq üçün ananın fikrini öyrən, razılaşsa, gəl mənə de!
– Yaxşı! Evimizin altında zirzəmi var, lap sən deyən, oradaca qalar. Anam da göydə razılaşacaq. Lakin kənd yatana qədər gözləmək lazımdır.
– Ancaq, Volodya, elə et ki, uşaqlar bilməsin.
– Uşaqsan?! Mən hər şeyi başa düşürəm.
***
Kənd çoxdan yatmışdı. Kəndin kənarında faşist əsgəri keşik çəkirdi. O, yan-yörəsinə heç bir şey hiss etmədən var-gəl edirdi.
Yaxındakı ağacların arası ilə Azərgil hərəkət edib, bir böyük gövdəlisinin altında dayandılar. Bəxtiyarı ehmalca ağacın dibində yerə uzatdılar.
– Odur, - Volodya qarşıda ağaran evi Azərə göstərdi.
– Növbətçi faşistin getməsini gözləmək lazımdır, - Azər nəzərləri onun ardınca olduğu halda söyləndi.
– gedənə oxşamır, - Volodya əlüstü cavab verdi.
– Partizanların qorxusundan faşistlər gecələr kəndin dörd bir tərəfinə növbətçilər qoyurlar, - Volodyanın anası Mariya Vasilyevna da söhbətə qarışdı.
Onlar həyəcan və təlaşla bir az da gözlədilər. Növbətçi heç nə aldırmadan var-gəl edirdi.
– Doğrudan da bu faşist heç gedənə oxşamır, - Azər mənalı surətdə Volodyaya baxdı, dodaqları arasında pıçıldadı, - deyəsən axı onu cəhənnəmə vasil etmək bizə qismət olacaq.
– Başqa yol yoxdur! – Volodya Azərin sözünü təsdiq etdi. – Səhərə az qalır, ələ keçə bilərik!..
Azər tez özünü yığışdırdı, siması ciddiləşdi, birdən-birə gözlərindən elə bil od qalxdı. Sürünə-sürünə növbətçinin var-gəl etdiyi çəpərin dibinə gəldi. Yerə qısılıb bir an nəfəsini saxladı. Növbətçi bir şey hiss etmiş kimi dörd yanına baxdı və şübhəli bir şey görməyib yenə yoluna davam etdi.volodya oynaq və iti baxışları ilə Azərin hərəkətlərini izləyirdi. Növbətçi Azərin qarşısından keçəndə Azər pələng kimi onun üstünə atıldı və bir an içərisində qüvvətli qolları ilə onu boğdu, qucağına alıb ağacın altına gəldi. Onu cəld soyundurdular:
– Silah və paltarı bizə lazım olar, - Azər astadan dilləndi. – Ancaq cəmdəyi, deyəsən, bizə yük olacaqdır. Sən nə fikirdəsən, Volodya?
– Fikir çəkmə, onu da yaxındakı quyuya atarıq, - Volodya cavab verdi.
Elə də etdilər. Volodya növbətçinin avtomatını, cibindəki iki bıçağı və paltarlırını götürdü. Azər və Mariya Vasilyevna isə Bəxtiyarın qoluna girib evə tərəf getdilər...
Onlar kiçik pilləkanı qalxanda Volodya artıq qapını açırdı. Otağa girdilər. Sağ tərəfdə içində od qızaran iri, rus peçi diqqəti cəld edirdi. Onun üstündə ağzı açıq bir qazan vardı. Volodya dərhal şam yandırdı. Otaq işıqlandı. Qapıdan sağ tərəfdə pərdə ilə örtülü iki pəncərə, solda həmçinin bir örtülü pəncərə, miz və onun ətrafındakı köhnə kürsülər, yerə salınmış palazlar aydın göründülər. Otağın sağ tərəfində küncə yorğan-döşək yığılmışdı.
Mariya Vasiyevna sol küncdə döşəmədə zirzəminin qapısını qaldırdı. Volodya əlində tutduğu şamla oraya girdi, bir azdan geri dönüb buxarıya tərəf yüyürdü. Mariya Vasiyevna bir-iki pillə düşüb Bəxtiyarın qollarından tutdu. Azər yaralının belindən yapışmışdı.
– Yavaş-yavaş, oğlum, qoy rahat düşsün, çarpayı, yorğan-döşək hazırlamışam, - Mariya Vasilyevnanın qayğılı səsi eşidildi.
Bəxtiyarı çarpayıda uzadıb, üstünə yorğan örtdülər. Bəxtiyar bir dəfə inildəyib gözlərini yumdu.
– Mariya Vasilyevna, - Azər danışmağa başladı, - indi Bəxtiyarın taleyi sizdən asılıdır. Mümkün olduqca... Daha özünüz bilirsiz. Mənim deməyim artıqdır.
– Oğlum, mən ona bir ana kimi qulluq edəcəyəm. Bundan savayı heç bir şey vəd eləmirəm!
Mariya Vasilyevna şamı pilləkanın yanından götürüb çarpayıya tərəf gəldi. Şamın tutqun ziyası Bəxtiyarın solğun sifətini işıqlandırdı.
Zirzəmidə daş pilləkandan, bir-iki köhnə kürsüdən, küncə tullanmış bir sıra qırıq, toz basmış şeylərdən başqa bir şey gözə dəymirdi.
Volodya əlində iri qab tələsə-tələsə zirzəmiyə endi. Qabı kürsünün üstünə qoya-qoya:
– Nənə, yaman ləzzətlidir, sağ ol, deyəcəksiz, - dedi və buğlanan bir yekə kartofu çarpayının qırağında oturmuş Azərə uzatdı:
– Bir gör nə ləzzətlidir!
Azər kartofu duza batırıb yeyə-yeyə dedi:
– Bəli, demək olar ki, işlər yavaş-yavaş düzəlir. Bircə mühüm şey qalır.
Volodya və Mariya Vasilyevna ikisi də birdən təəccüblə soruşdular:
– O nədir elə?
Azər diqqətlə onların təəccüblü baxışlarını gözdən keçirdi, kartofun son tikəsini ağzına qoydu və dedi:
– Hə, məsələ budur ki, mən bu saat qayıtmalıyam. Mütləq qayıtmalıyam!
Volodya əlindəki kartofu dişlədi.
– Qayıtmalısan?.. Hara? – mariya Vasilyevna soruşdu.
– Bizim tərəfə, özümüzünkülərin yanına, sonra yenə də buraya, sizi xilas etməyə!
Volodya başını buladı:
– Gedə bilməzsən. Heç özünü işə salma!
– Çox təəssüf. Axı mən sağ-salamat burada qala bilərəmmi? Bu vicdansızlıq olmazmı?
– Məcbursan, - Volodya oynaq gözlərini Azərə zillədi.
– Heç olmasa dənizə çıxmağa bir qayıq olsaydı... Ehhh. Azər kədərlə dizinə vuranda Volodya birdən yerindən qalxdı və:
– Sən nə dedin? Qayıq? Mən bu saat sənə qayıq taparam, - dedi.
– Hanı, haradan? – Azər həyəcanla soruşdu.
– Bizim Mefodi dayının bir yaxşı qayığı vardı. Həmin qayığı partizanlığa gedəndə gizlədib. Mən onun yerini bilirəm, əgər ələ keçməyibsə orda olar.
Azər əlini onun çiyninə vurub:
– Əhsən Volodya! Əgər qayıq orda qalıbsa bu lap qiyamət olacaq. Daha niyə dayanmısan, yüyür bayaqkı frisin paltarını gətir, hər şey düzəlsin getsin.
Volodya yuxarı çıxıb qucağında paltar və avtomat olduğu halda qayıdtı. Azər növbətçinin paltarını geyindi.
– Vay səni, frisə oxşadın, heç kim şübhələnməz, - Volodya Azəri başdan-ayağa süzdü.
Azər növbətçinin avtomat tüfəngini ehmalca Bəxtiyarın yasdığı altına qoydu:
– Bu da onun silahı, bərk ayaqda lazım olar. – Sonra o, üzünü Mariya Vasilyevnaya tutdu: - hələlik özünüzdən muğayat olun. Daha başqa sözüm yoxdur. Hər şeyi özünüz yaxşı bilirsiz. Mənim köməyim artıqdır.
Volodya qabdan bir neçə kartof götürüb gizlincə Azərin cibinə salmaq istəyəndə Azər mane oldu. Lakin inadcıl Volodya buna baxmayıb kartovları bir-bir onun ciblərinə saldı.
– Bizdən nigaran olma, oğul! Bizi unutma! Tezliklə qayıdın! – Mariya Vasilyevna ümid dolu baxışlarını Azərə zillədi.
Azər pilləkanı qalxa-qalxa:
– qayıdacağıq, ana, mütləq qayıdacağıq, - deyib çıxdı.
Volodya da onun dalınca pillələri qalxdı. Birlikdə bayıra çıxdılar. Hələ işıqlanmamışdı. Qayığın gizlədilmiş olduğu yerə gəldilər. Onu yerində görəndə Azər sevincindən Volodyanı götürüb başının üstünə qədər göyə qaldırdı. Sonra yerə qoyub əlini onun kürəyinə vurdu.
– Sağ ol, Volodya, heç bilmirəm sənin bu yaxşılığının əvəzini necə verəcəyəm, - dedi.
– Mənə heç nə lazım deyil. Təki siz sağ-salamat bizimkilərə qovuşun. – Volodya cavab verdi.
Qayığı köməkləşib suya saldılar. Azər bir göz qırpımında qayığa atılıb əlini Volodyaya uzatdı:
– Volodya, sağ ol! – Azər qayığı sahildən uzaqlaşdırdı.
Volodya qaya üzərinə çıxdı:
– Salamat get, Azər! Bizdən arxayın ol!
Qayıq uzaqlaşınca Volodya papağını çıxarıb havada yellədi. Sonra papağını başına qoydu, əlləri yanına düşdü.
Yenicə sakitləşmiş döyüş meydanında bəzi yerlərdən qara tüstü dumanları qalxırdı. Arabir atəş səsləri eşidilirdi. Qabaq səngərdəki döyüşçülər üstlərini çırpır, sifətlərini silirdilər.
Arxa tərəflərdə şəfqət bacılarının yaralı döyüşçüləri apardıqları görünürdü. Səngərin yaxınlığında bir düşmən əsgəri zarıyırdı. Şəfqət bacısı ona tərəf süründü. Cəld yarasını bağladı. Başını üsulluca yerdən qaldırıb sifətinə baxdı. Yaralı gözlərini açdı, nəzərlərini şəfqət bacısına dikdi. İri, mavi gözlərində hiss olunurdu ki, o, danışmaq, nəsə şəfqət bacısına demək istəyir. Lakin, görünür ağrının gücündən bunu bacarmırdı. O gözlərini yumdu. Bu zaman səngərə gedən baş leytenant Azər bu vəziyyəti görəndə yaxına gəldi. Şəfqət bacısı başını qaldıranda onların baxışları birləşdi. Azər təəccüb və heyrətlə:
– Bıy... ayna... sən... – deyib əlini ona uzadanda gözləri yaralıya sataşdı, həyəcan və talaşla «Petru» deyərək ona doğru əyildi. Bu zaman vıyıltı ilə gələn mina onları yerə atmağa məcbur etdi. Mina onlardan xeyli aralı düşüb partladı.
***
Üstü örtülü qazmada Azər və Ayna qarşı-qarşıya oturmuşdular. Azərin əlində bir yaşında uşağın şəkli vardı. Bu, oğlu Hidayətin şəkli idi. O, şəklə xeyli baxandan sonra onu sol əlində tutduğu zərfin içinə qoydu və dedi:
– Deyirsən salamatlıqdır, şükür... gör bir nə yaxşı oldu, məktub da aldım. Evdən nigaran qalan əsgər ürəyi daha çox çıxılır. Yaxşı Ayna, bəs anam nə edir?
– Canına dua edir. Nəvəsinə də baxır, kolxoz işinə də gedir. Bircə səndən nigarandır, kağız gəlməyəndə...
– Bilirəm, bilirəm! – Azər onun sözünü kəsdi. – Biz də burada beləyik. Eh... Ayna!.. Bilirsən ayrılıq nə yaman dərddir?! Xüsusilə, ana, övlad... hə, heç Gülsüm xaladan danışmırsan?
– Axır vaxtlar yazıq arvad çox düşüb. Oğlunun kağızı gəlməyəndən çox fikir edir...
Azərin qaşları çatıldı, alnındakı qırışlar dərhal özünü büruzə verdi.
– Doğrudan, Azər, - Ayna təlaşla və utancaqlıqla davam etdi. – Sən məktubunda axı Bəxtiyarla bir yerdə olduğunu yazmışdın. Eləmi?
– Bəli, Ayna, - Azər sakit halda cavab verdi. – Mən hərbi məktəbi bitirən kimi ön cəbhəyə göndərildim. Mənim düşdüyüm rolkda sən demə Bəxtiyar da varmış. Lakin bunu mən əvvəlcə bilmədim. Bir gün məni bizim polk komandiri çağırıb bir taqıma komandir təyin etdiyini söylədi. Həmin taqımın komandiri və onun müavini bir neçə saat əvvəl döyüşdə həlak olmuşdular. Mən vaxt itirmədən səngərə gəldim. Burada kimi görsəm yaxşıdır!.. Bir özün təsəvvür elə ki, necə bir-birimizlə qucaqlaşdıq, Ayna! Bir-birimizin üzərinə necə atıldıq, necə bir-birimizi barımıza basdıq?!. Döyüşçülər gəlişimlə çox şad oldular. Xüsusən Bəxtiyar!.. Mən onunla bir neçə ağır vuruşmada olmuşam. Onun cəldliyi, qoxmazlığı, döyüş məharəti məni valeh etmişdi. Onun vuruşmasını gözlə görmək lazım idi. Ayna, bunu sözlə demək çətindir.
– Bəs o necə oldu, Azər? – Ayna həyəcanlı baxışlarını Azərə zillədi, - məndən niyə gizlədirsən?..
– Səndən nəyi gizlədəcəyəm, - Azər ayağa qalxdı. – Sənin təlaşların nahaqdır, Ayna. Bəxtiyar sağ-salamatdır. Onun və mənim sağ qalmağımıza həmin o yaralı rumının, Petrunun böyük köməyi olmuşdur.
– Bəs o haradadır, harada, Azər?
– Harada? – Azər gözlərini irəli zilləyib nəyi isə axtarırmış kimi diqqətlə baxdı, - orada, uzaqlarda, mehriban bir insanın himayəsində, - deyərək əhvalatı müxtəsərxcə Aynaya danışıb qayıqla necə dənizə çıxdığının üzərində bir az çox dayandı:
– Ayna, bir özün fikirləş, dənizə çıxmaq dedikcə qorxulu idi, ancaq necə olsa mən bu addımı atmalıydım. Ürəyimdə «Ya Allah, Ya Məhəmməd, ya Əli!» deyib qayığa atılanda birdən-birə elə bir yüngülləşdim, kürəklərdən möhkəm yapışıb var gücümlə avar çəkməyə başladım. Bəxtimdən hava da yaxşı idi o gün. Suyun üzü heç tərpənmirdi. Gedir, gedirdim. Nə gözləyirdi məni qabaqda, kimə rast gələcəkdim, dostamı, düşmənəni bilmirdim. Elə gedir, gedirdim...
Sular artıq günəşin qızılı şüaları altında parıldamağa başlamışdı, qollarımda yorğunluq hiss eləsəm də, özümü oy yerə qoymur, avar çəkməkdən qalmırdım. Birdən gözlərimə işıq gəldi. Sevinc hissi qəlbimi bürüdü. İrəlidə qaraltı görmüşdüm. Qaraltı getdikcə böyüyürdü. Gəmi idi, hərb gəmisi, mənə doğru gəlirdi. Qəlbimi həm sevinc, həm kədər bürüdü. Düşündüm ki, nə olaydı, bizimkilər olaydı, düşmən əlinə keçməyəydim.
Gəmidəkilər deyəsən məni görmüşdülər... Nəhayət yaxınlaşdılar. Məni gəmiyə götürdülər.
Qaragöz, qaraqaş birisi diqqətlə sir-sifətimə baxıb yanındakına göz vura-vura:
– Heç frisə oxşamır, - dedi.
Mən onların şübhələrini dağıtmaq, ürəklərinə gələnləri doğrultmaq üçün tələm-tələsik əynimdəki pencəyi çıxarıb bir yana tulladım, papağımı da.
Əynimdəki yer-yerdən cırılmış dənizçi köynəyi məni əhatə edənlərin marağını bir az da artırdı. Bu dəmdə, Ayna, elə bil mənim üçün möcüzə baş verdi. Bakıda anadan olmuş, hərbi məktəbdə mənimlə bir yerdə oxumuş Kolya yan-yörəsində bir neçə dənizçi mənə doğru gəlirdi... İndi özün bizim görüşümüzü təsəvvür elə, Ayna.
Bəxtiyar çarpayının üstündə əyləşib qundağına öz adının baş hərflərini cızırdı. O, indi özünü yaxşı hiss edirdi, demək olar ki, sağalmışdı.
Volodya əlində avtomat tüfəng pilləkənlə aşağı enirdi.
Bəxtiyar avtomatı görcək tələsik:
– Volodya, bu nədir? Haradan bunu ələ keçirmisən, hardan?
Volodya qürurlandı:
– Uşaqlarnan qayalıqlara getmişdik. Bir də eşitdik ki, yaxındakı iki qayanın arasından xorultu səsi gəlir. Özümüzü tez ora verdik. Nə görsək yaxşıdı, Bəxtiya dayı? Görürəm ki, bir pota, keçi saqqal fris iki qaya arasında xorhaxorla yatır. Ayaqqabılarını çıxarıb bir tərəfə atmış, ayaq dodaqlarını günə sərmişdi. Avtomatını başının sağ tərəfində kiçik qayanın çuxurunda gizləşmişdi. Bunu gördüyüb oldu, üzümü uşaqlara tutub pıçıldadım:
– Bu köpək oğlunun avtomatında mənim çoxdan gözüm vardı. İndi onu çırpışdıracağam.
Bunu deyib yavaş-yavaş kiçik qayaya sarı gəldim. Yaxınlaşdım. Nəfəsimi dərib gözlədim. Onun xorhaxoru ətraf başına götürmüşdü. Əlimi avtomata uzatdım. Ürəyim bərk döyünürdü. Götürdüm. Bu zaman o tərpəndi. Elə bildim ki, ürəyim ağzımdan çıxdı. Fris bir böyründən o biri böyrü üstə çevrildi. Bir də onu gördüm ki, uşaqların yanındayam. Əlimdə də avtomat. Sonra qayalıqlarda gəzib xeyli cındır əsgi tapdıq. Avtomatı ona sarıdıq və geri döndük. İndi Bəxtiyar dayı, mənim də avtomatım var. Bu gün məni elə axırıncı dəfə bu avtomatda imtahan elə, gör tamam öyrənmişəm, ya yox, məndən döyüşçü olar, ya yox?
– Niyə olmur, ay qoçaq, imtahanı da gərək yaxşı verəsən. Buna heç şübhəm yoxdur. Yaxşı, bir de görüm mənim tapşırdığım şeyləri tapdın?
– Bəs necə, buyur – o, cibindən üzqırxan aləti çıxarıb stolun üstünə qoydu, qürurla gülümsədi.
Bəxtiyar üzqırxan aləti əlinə aldı, diqqətlə baxdı:
– Volodya, sən doğrudan da qoçaqsnmış, bunu hardan tapdın? – soruşdu.
– Qardaşımışındı. Ancaq ülgücü yox idi. Onu da bu gün bir frisdən çırpışdırmışdım. Bu da güzgü, - cibindən balaca bir güzgü çıxartdı.
– Onda deyinən hər işimiz düzəlib ki, - Bəxtiyar güzgünü alıb baxdı.
Güzgüdə özünün saqqal basmış sifətinə, batıq ordlarına diqqət edəndən sonra onu stol üzərinə qoydu və:
–Volodya, di gəl səni bu gətirdiyin avtomatda imtahan edim. Görüm mənim müəllimliyimdən nə çıxıb və sən necə şagirdən?
– Mən hazır, Bəxtiyar dayı! – Volodya avtomatını götürüb Bəxtiyarın qabağında hazır dayandı.
Bu zaman zirzəminin qapısı açıldı. Pilləkəndə Mariya Vasilyevna göründü. Onun əlində çörək vardı.
– Mariya Vasilyevna, indi günüzdür, ya gecə? – Bəxtiyar soruşdu.
– İndi gün batdı, oğlum!
– Eh, ana, altı aydır ki, mən gün üzü görmürəm. Günəşsiz keçinirəm. Amma di gəl ki, həmişə günəşi görmək arzusunda olmuşam!
Bir neçə yerdən uçulmuş səngərdə döyüşçülər ciddi məşğul idilər. Qarşıda kənd görünürdü. Azər əlində durbin irəli baxırdı. Mariya Vasilyevnanın evini tapanda dayandı. Diqqətlə baxdı. Bu zaman bir döyüşçü Azərə yaxınlaşıb:
– Yoldaş komandir! – deyərək ona müraciət etdi.
Azər ona baxmadan:
– Eşidirəm, - cavab verdi.
– Yoldaş komandir, o dediyiniz oğlanı bu gün xilas edəcəyik, deyilmi?
– Mütləq, bir azdan hücuma keçirik. Yaxın gəl, bax, - Azər durbində döyüşçüyə Mariya Vasilyevnanın evini göstərdi, - görürsən?! Mənim sizə haqqında danışdığım igid oğlan orada yatır!
Döyüşçü diqqətlə Azərin göstərdiyi səmtə baxıb:
– Birgə sağ-salamat onları qurtara bilsəydik! – dedi.
Azər qolundakı saata baxdı, döyüşçü pulemyot arxasında uzanmış yoldaşlarının yanına getdi.
Bir saniyə keçmədi bir-birinin ardınca düşmən mövqelərinə atəş açıldı. Atəşə tutulan yerlər tüstüyə bürünəndə Azər əmr etdi:
– Hücum, dostlar, Vətən naminə irəli!
Dəstə «ura-ura» qışqıra-qışqıra hücuma keçdi. İti addımlarla, bəziləri qaça-qaça düşmən üzərinə şığıdılar. Özgə səngərlərdən də döyüşçülər hücuma keçmişdilər. Xüsusən döyüş meydanının sağ tərəfində cəsur dənizçilər dəstəsi irəli atılmışdı. Kolya onların qabağında idi, Azər öz dəstəsi ilə Mariya Vasilyevnanın evinə tərəf gedirdi...
Faşistlər nizamsız, başıpozuq surətdə geri çəkilirdilər. Onların yolu Mariya Vasilyevnanın evinin yaxınlığındandı. Volodya yüyürə-yüyürə nəfəsi tutulmuş halda evə qaçdı. Anasına doğru gedib sevinclə:
– Ana... bizimkilər... gəlirlər. Bizimkilər gəlirlər, - dedi və onu qucaqladı.
Mariya Vasilyevnanın üzündə sevinc əlamətləri zahir oldu, gözləri yaşardı:
– Can bala! – deyib oğlunun alnından öpdü.
Bir neçə faşist əsgəri geri çəkilməkdə olan dəstədən iki puleymyot və bir neçə avtomat tüfənt götürüb Mariya Vasilyevnanın evinə tərəf gəlməyə başladı. Volodya pəngərədən onları görcək:
– Onlar buraya niyə gəlirlər? – təəccüblə anasından soruşdu.
– Yəqin indi də bizim evi sığınacaq etmək istəyirlər. Gəl Bəxtiyarın yanına düşək!
– Uf yarasalar, öz evimizdən özümüzkülərə atəş açacaqlar!
Mariya Vasilyevna zirzəminin qapısını qaldırdı, hər ikisi Bəxtiyarın yanına düşəndə faşistlər evə yaxınlaşdılar. Onlar yeddi nəfərdi. Qabaqlarınca gələn zabit üzünü arıq, uzun birisinə tutub:
– Bura lap münasib yerdir, Müller, elə bax, bu evdəcə yerləşin, - dedi və siması ciddi bir vəziyyət aldı, - bizim hissə çəkilənə qədər... Özünüz hər şeyi bilirsiniz, nəyin bahasına olursa-olsun hücumun qarşısı alınmalıdır, eşidirsizmi, nəyin bahasına olursa-olsun!
– Eşidirik, cənab zabit, əmriniz yerinə yetiriləcəkdir, - Müller cavab verdi.
– Səni bu dəstəyə komandir təyin edirəm, Müller!
– Eşidirəm, cənab zabit! – Müller zabitin qarşısında taxta kimi qurudu.
– De haydı iş başına, ancaq atəş açmaqda ildırımdan geri qalmayın ha!..
Zabit onlardan uzaqlaşdı. Müllerin dəstəsi evə doluşdu. Zabit evdən xeyli uzaqda geri çəkilməkdə olan dəstəyə qarışarkən, Azərgil tərəfdən topçuların yaylım atəşi həmin hissəsini pərən-pərən saldı, zabit və çoxlu faşist əsgəri yerə sərildi. Qalanları isə bağıra-bağıra qaçdılar.
Müllerin dəstəsi pulemyotları pəncərələrdə yerləşdirdi. Hər pulemyotun arxasına iki nəfər uzandı. Müller onları diqqətlə gözdən keçirib dedi:
– Bax belə, çox yaxşı! Atəş açarkən həm də bütün gücünüzlə qışqırın, qoy sayımızın çox olduğunu zənn etsinlər, - sonra o, üzünü arxada dayanmış pota, keçisaqqal əsgərə çevirdi, - sən isə, Şults, çöldə dur, gözlə ki, arxadan bizi güdaza verməyəsən, de haydı!
Şülts cəld çıxdı. Müller pəncərəyə yaxınlaşdı. Durbinlə baxdı. Puleymot arxasında uzananlar puleymyotları hazırlamağa başladılar...
Bəxtiyar, avtomat tüfəngi əlində həyəcanlı halda zirzəminin ortasında dayanmışdı. Mariya Vasilyevna onun yanında idi. Volodya faşistlərin hərəkətlərini pusurdu. Bəxtiyar qətiyyətlə deyirdi:
– Yox, mən onlarla çarpışmalı olacağam.
Mariya Vasilyevna titrək səsiylə soruşdu:
– Axı, sən tək necə?..
– Vuruşacağam, hə? – Bəxtiyar onun sözünü kəsdi.
– Hə, necə vuruşacaqsan, onlar ki, bir deyil, iki deyil, yeddi nəfərdir.
– Qoy olsun, Mariya Vasilyevna, mən onlardan qorxmuram.
– İndi pulemyotları işə salacaqlar! – Volodya pıçıldadı.
Bəxtiyar ciddiləşdi, əsəbi halda dedi:
– De baxın, Mariya Vasilyevna, onlar burada yerlərini möhkəmlədib bizimkiləri qıracaq, mən də durub gözləyəcəyəm ki, nə vaxt bizimkilər gəlib bizi azad edəcəkdir... Yox, mən bunu edə bilmərəm!
– Bəxtiyar, bir də unutma ki, mən sənin səlamətliyin üçün bir ana kimi söz vermişəm.
– Siz mənə bir ananın öz doğma oğluna etdiyi hörmətdən daha çox hörmət etmisiz. Siz mənim anamsız, ikinci anam!.. Ancaq mən onlarla vuruşacağam!..
Azərin dəstəsi sürətlə irəliləyirdi.
Müller atəş açmağı əli ilə əmr etdi. Vdən atəş açıldı. Faşistlər ucadan bağırırdılar...
Hücum edən əsgərlərdən bir neçəsi yıxıldı. Azərin komandası eşidildi:
– Yerə yatın, uşaqlar, yerə, tez-tez!
Döyüşçülər yerə yatdılar...
Faşistlər atəşin arasını kəsmirdilər. Azər üzünü döyüşçülərə tutub dedi:
– Bir az gözləmək pis olmaz. Onlar bizi qabaqlamışlar. Evi mühaisrəyə almaq lazımdır!
– Ay köpək uşağı – döyüşçülərdən kimsə deyindi, - vallah Bəxtiyar, Mariya arvad, Volodya qanınınızın arasına girdilər. Bircə dəfə toplarımızın püskürməsi sizə bəs edərdi!..
Bəxtiyar Mariya Vasilyevnanın və Volodyanın israrına baxmayaraq zirzəminin pillələrini qalxdı, Volodya da əlində avtomat onun dalınca çıxmaq istədikdə Bəxtiyar onu geri qaytarıb zirzəminin qapısını qaldırdı v əhmin dəqiqə pulemyot arxasında uzanmış iki faşistə atəş açdı. Onlar çığıraraq bir anda yerə sərildilər. Bəxtiyar digər iki faşistə atəş açıb şir kimi evin içinə atıldı. Elə bu vaxt müller onu köksündən yaraladı. Bəxtiyar yıxılmadı, Müller ikinci dəfə atarkən Bəxtiyar sərrast atəşlə onu yerə uzatdı. İki yara almasına baxmayaraq, pəncərəyə tərəf getməyə başladı.
Bu zaman Şults içrəi girib əlindəki avtomatı Bəxtiyara tuşlarkən pilləkən üstündə durmuş Volodya bir atəşlə onu yerə sərdi. Bəxtiyar cəld çevrilib bu mənzərəni gördükdə:
– Sağ ol, Volodya, sən imtahanı əla verdin! – dedi.
Bəxtiyar ağır yaraların şiddətindən ayaq üstə dura bilməyib yerə oturdu. Volodya cəld onun yanına qaçdı, qolundan yapışdı. Bəxtiyar qüvvətini toplayıb ayağa qalxdı. O, Volodyanın köməyi ilə səndələyə-səndələyə kandar üstünə gəldi. Yenicə üfüqlərə boylanmış günəş onun gözlərini qamaşdırdı. Bəxtiyar onu süzüb:
– Ah... Nəhayət.... Səni... gördüm!.. – deyib yıxıldı.
Volodya «Ah» deyib ona tərəf əyiləndə Mariya Vasilyevna təlaşla özünü yetirdi. Azər və döyüşçülər də gəldilər. Azər yetişən kimi Bəxtiyarın başını yerdən qaldırdı, həyəcanla:
– Bəxtiyar, Bəxtiyar! – dedi. – Əlini onun köksündə gəzdirdi, - qəlbi hələ vurur, yox dostlar, o, hələ sağdır, Bəxtiyar ölməyəcəkdir!
Bəxtiyar gözlərini açdı. Azəri görcək sifətində sevinc, təəccüb əlamətləri zahir oldu:
– Az... ər... bu... sən... – dedi və yenə gözlərini yumdu.
– Aç gözlərini qardaşım, aç, mənəm, sənin qardaşın, dostun, - Azər onun üzünə tökülmüş saçlarını alnından aşırdı.
Bəxtiyar gözlərini açdı. Qalxmaq üçün qüvvəsini toplamağa çalışdı. Azər ona kömək etdi. Bəxtiyar boylanıb ətrafdakılarla vidalaşırmış kimi bir-bir onları gözdən keçirtdi.
Mariya Vasilyevna gözləri dolmuş halda dayanmışdı. Volodya məhzun-məhzun Bəxtiyarın hərəkətlərini süzürdü. O, Bəxtiyara doğru əyilmişdi. Döyüşçülər qəmgindilər, dalğındılar.
Bəxtiyar qırıq-qırıq dınışırdı:
– Azər... anamı... sənə tapşırıram...
– Sən nə danışırsan əzizim, biz hamımız alnı açıq evə dönəcəyik.
– Yox... Azər... təsəlli... – O bir az dayandı və sonra davam etdi. – Bir xahişim də var... Ona deyərsən ki, günahkar... mən deyiləm... Məni daha... göz... – o, artıq danışa bilməyib can verdi.
Döyüşçülərin papaqlarını çıxarması ilə bir «villis» maşınının yetişməsi bir anda oldu. Petru maşından düşüb cəld Azərin yanına cumdu, məsələdən agah olan zaman pərişan halda Bəxtiyarın meyiti üzərinə əyildi. Bir az sonra ayağa qalxıb Azərin qulağına pıçıltı ilə:
– Ayna ölümcül vəziyyətdədir. Üç yerdən yaralanmışdır. Huşunu itirmək üzrədir. Bəlkə heç... Mən sizinlə Bəxtiyarın dalınca gəldim... Bəxtiyar isə belə... Eh, dünya!..
Azər Petruya sözlərini qurtarmağa imkan vermədi. Tez «villisə» oturdu, Petru maşını işə salıb sürətlə uzaqlaşdı.
Kəndin yaxınlığındakı təpənin döşündə Bəxtiyarı və Aynanı dəfn edirdilər. Döyüşçülər torpağı qəbirlərin üzərinə töküb qurtardılar. Azər, Petru, Kolya, Mariya Vasilyevna, Volodya qəbirlərin önündə diz çökdülər.
Azər əyilib məzar taxtası üzərində sevdiyi şairin misralarını yazmağa başladı.
Mariya Vasilyevna yaşarmış gözlərini qəbirlərə dikmişdi. O, sanki Bəxtiyarı axtarırmış kimi hey qəbirlərə baxır, baxırdı.
Petru qayğılı nəzərləri ilə Mariya Vasilyevnanın yanaqlarından diyirlənən jöz yaşlarını izləyir, köksünü ötürürdü.
Volodya çiynindən asılmış avtomatın üzərində iri hərflərlə yazılmış Bəxtiyar sözünü nəzərdən keçirirdi. Onun yanaqlarında donmuş göz yaşları nəzəri cəlb edirdi.
Kolya Azərin yazdıqlarını oxumaq üçün əyilmişdi.
Azər yazıb qurtardı, ayağa durdu. Qəbirlərlə vidalaşdılar.
Azər Mariya Vasilyevna ilə görüşdü. Mariya Vasilyevna içini çəkə-çəkə:
– Mən oğlumun iyini ondan alırdım... Axı oğlum Vasya onun dizləri üstündə can vermişdi... Eh, onu da... yox, mən artıq ağlamayacağam! – O, gözlərinin yaşını sildi. – Gedin balalarım, qoy intiqam sizin ilk və son borcunuz olsun, gedin!
Dəstə qərbə tərəf yola düşdü. Dəstə ilə yüyürən Volodya birdən anasının yanına qaçıb:
– Ağlama, ana, qardaşımın, Bəxtiyarın, Aynanın intiqamını mən alacağam, - dedi və qaçıb dəstəyə qoşuldu.
Təpə üstündəki ağacın kölgəsində Gülsüm, Xanım, Reyhan və balaca Hidayət nahar edirdilər. Poçtalyon Əmrah ağacın altına gələndə arvadlar onu dövrəyə aldılar. Həsrətli baxışlar Əmrahın əllərinə dikildit. Əmrah nəfəsi tutula-tutula Xanıma:
– Səhərdən səni axtarmaqdan əldən-ayaqdan düşmüşəm, - dedi. – düz üçcə dəfə evə getmişəm. – O, əlini çattasına sala-sala: - Ay rəhmətliyin qızı, bu qədər də işləmək olar, gecə-gündüz zəmidəsiz, - çantasından çıxartdığı kağızı ona uzatdı, - amma bu dəfə qonaqlığı əldən verməyəcəyəm ha!.. Özü də sarı anac kəsilmək şərtiylə!
Xanım sevincək:
– Baş üstə, Əmrah, baş üstə, səni istədiyin kimi sevindirəcəyəm, - zərfi alıb bağrına basdı, sonra dodaqlarına apardı.
Əmrah getdi. Xanım zərfi Reyhana uzatdı. Reyhan zərfi açdı, məktubu bərkdən oxumağa başladı: «Mənim əzizlərim, məktubuzu aldım. Elə bil yenidən qollarıma qüvvət gəldi».
Arvadlar diqqətlə qulaq asmağa başladılar. Reyhan oxuduqca Xanımın gözləri yaşardı. Hidayətin nəzərləri anasının əllərinə zillənmişdi.
«Məktubu tələsik yazdım, bağışlayın! Aynadan arxayın olun, mənim yanımdadır...»
Xatun daha da irəli gəldi.
«Nigaran olmayın, keyfimiz yaxşıdır!»
Xanım əlindəki yaylıqla gözünün yaşını sildi:
– Can bala! – dedi.
«İki gündən sonra qəti hücuma keçirik. Gülsüm xalaya mənim adımdan deyin ki...» - Reyhan Gülsümün yanına gəldi, son cümləni bir də təkrar etdi. – «Gülsüm xalaya mənim adımdan deyin ki, Bəxtiyar sarıdan ürəyini sıxmasın. Bu yaxınlarda ona Bəxtiyardan xəbər yazacağam. Bütün qohum-qardaşa, dostlara məndən salam deyin. Hidayətimin gözlərindən mənim əvəzimə öpün!
Sizin Azər».
Camaat yavaş-yavaş təpənin sağ tərəfindəki taxıl zəmisinə yığışırdı. Xanım, Xatun oraqlarını götürüb təpəni endilər. Reyhanla Hidayət isə təpənin sol tərəfində yerləşmiş çaylağa doğru yönəldilər.
Təpənin üstündə tənha durmuş Gülsüm dərin nəfəs alıb gözlərini vaxtı ilə oğlunu ötürdüyü uzun yollara, uzaqdakı dağlara dikdi. Zəmidən incə nəğmə eşidildi. Kim isə məlahətli səslə oxuyurdu:
Bir gül əkdim ləyəndə,
Gül boynunu əyəndə,
On iki qurban kəsərəm
Əlim-əlinə dəyəndə.
Qoşa məzar önündə durmuş ixtiyar qadın başını yuxarı qaldırıb günəşə baxdı.
Günəş, görünür bugün öz yatağına getməyə tələsmirdi. Onun qızılı şuaları yaşıl təpənin göy otlarını, güllərini rəngdən-rəngə salırdı.
Bir azdan günəş gedəcək, onu ay əvəz edəcəkdi. Ayın çıxması ilə bərabər yaşıl təpəyə cavanlar axışıb gedəcəkdi...
İxtiyar qadın xaç çevirdi. Getmək istərkən kənddən ona sarı xeyli adamın gəldiyini görüb dayandı. Diqqətlə, təccüblə baxdı. Onlardan bəzilərinin əlində çiçək dəstəsi vardı. «Yəqin kəndə qonaqlar gəlib, indi də qoşa məzara baxmaq istəyirlər, axı bu adət olub».
İzdihamın qabağında gələn adamı ixtiyar qadın uzaqdan seçdi. Bu, onların kolxoz sədri Kovalenko idi. Onun yan-yörəsində gələnləri isə o, tanıya bilmədi. Qonaqlar içərisində qadınlar da vardı. Onların qəribə geyimləri çox-çox uzaqlardan gəldiklərini bildirirdi.
İzdiham yavaş-yavaş yaxınlaşırdı. İxtiyar qadın artıq ona doğru gələnləri aydınca seçə bilirdi. Birdən onun nəzərləri sədrin yanınca addımlayan bir gəncə dikildi. Bu ona nə qədər də tanış gəldi. İxtiyar qadının diqqətli nəzərləri həmin gəncdə ikən bir də gördü ki, gənc dəstədən ayrılıb sürətlə ona tərəf gəlir. Elə bu anda o da həmin gənci tanıdı. Hasarın qapısından çıxar-çıxmaz gənc özünü ona yetirdi. Onlar ana-bala kimi bir-birinə sarıldılar:
– Can oğul, mənim əzizim, Azər!..
– Mariya Vasilyevna, ana, yaxşısan?..
Reyhan, Gülsüm, Xatun, Bilal kişi, Kolya, Petru və rnun iki jurnalist yoldaşı, Kovalenko və Volodya ön cərgədə idilər. Mariya Vasilyevna arvadlarla bir-bir tanış oldu, qucaqlaşıb öpüşdülər. Onların həzin hıçqırtıları eşidildi. Bu, məzar başındakıları sarsıtdı. Yanaqlarda səhər şehin xatırladan şəffaf damcılar zahir oldu.
Kovalenko qoşa məzarın yerləşdiyi hasarın kiçik qapısını açıb dedi:
– Burada iki Azərbaycan balası yatır. Lakin onlar təkcə Azərbaycanın balaları deyildilər, onlar biz ukraynalıların da doğma balalarıdırlar. Biz bu igid balaların məzarını, gördüyünüz bu qoşa məzarı göz bəbəyimiz kimi qoruyuruq. Bəxtiyar və Ayna! Kəndimizdə bu adları hörmət və iftixarla çəkirlər. Qızlarımız qoşa məzarın ətrafında həmişə gül-çiçək əkirlər. Axı burada yatanlar bizim azadlığımızın, bizim xoş günlərimizin qurbanlarıdırlar. Mən bu igid balalarımızın əziz xatirəsi üçün onların məzarı qarşısında baş əyməyinizi və bir dəqiqə sükut etmənizi xahiş edirəm...
Dərin bir sükutdan sonra arvadlar bir-bir içəri girdilər. Gülsüm birinci keçdi. Onun əlində qırmızı xonça var idi. O, xonçanı qoşa məzarın yanında açıb hıçqıra-hıçqıra ağı dedi:
Bülbülə qonça gedər,
Bir əldə dolça gedər,
Toysuz ölən cavana
Bəzəkli xonça gedər.
Arvadlar ağlaşdılar. Gülsüm Bəxtiyarın, Xatun Aynanın məzarını qucaqladılar. Gülsüm xala yanıq-yanıqlı ağlayırdı:
– Can balalarım, dünyadan nakam gedən... balalarım, sizə kim qıydı, kim?
Ay nədən güldü, getdi
Gecəni böldü getdi.
Düşmən aman vermədi,
Cavanlar öldü getdi.
Xatun da ağlaya-ağlaya onun səsinə səs verdi:
Dərdi qoşa deyərəm,
Coşa-coşa deyərəm.
İki əzizim ölüb,
Qoşa-qoşa deyərəm.
Kovalenko və Azər arvadları sakit etdilər. Petru onların ağlayarkən nə deyib oxuduqlarını Azərdən soruşdu. Azər başa saldı. Volodya onların yanına gəldi. O, artıq böyük oğlan olmuşdu. Azər qoşa məzar qarşısında diz çökdü. Əvvəlcə Bəxtiyarın, sonra Aynanın məzarını öpdü, ayağa durdu, dedi:
– Burada mənim döyüş yoldaşım, qardaşım və onun aslan ürəkli sevgilisi yatır. Onların nə cür həlak olduqları hamıyıza bəllidir. Müharibə artıq qurtarmışdır... Mənim indi demokratik respublikalarda da çoxlu dostlarım var. Onlarla odlu döyüşlərdə tanış olmuşam. Onlardan biri də rumın dostum Petrudur. O, bugünlərdə rumın jurnalistləri ilə birlikdə bizim respublikaya gəlmişdi. Vəfalı dost kimi axtarıb məni tapdı. Mən bura gəlməyə hazırlaşırdım. Birlikdə gəldik. Qoşa məzarda yatanların xatirəsi mənim üçün, sizin üçün, - o, əlini Mariya Vasilyevnagilin kəndinə uzatdı, - nə qədər əzizdirsə, mənim rumın dostum Petru üçün də, onun xalqı üçün də bir o qədər əzizdir.
Azər geri çəkildi. Petru irəli keçib rumın jurnalistləri və öz xalqı adından gətirdikləri gül dəstələrini qoşa qəbrin üzərinə qoyub dedi:
– Dünyada qiymətli, mənalı, insan üçün əziz sözlər çoxdur. Bunlardan biri də sülhdür! Bəli, sülh!
Ey insanlar! Anaların göz yaşı tökməmələrini, gənclərin arzularına yetmədən həyatı vaxtsız tərk etməmələrini, körpələrin rahat və xoşbəxt böyümələrini, mədəniyyətinizin inkişafını, xalqların dostcasına, qardaşcasına əl-ələ verib yaşamasını istəyirsinizsə sülh uğrunda mübarizə edin! Elə edin ki, mənim indi sizə nəql etdiyim kimi bir-birini böyük məhəbbətlə sevən gənclər dünyadan nakam getməsinlər!..
İki igid azərbaycanlı gəncin həyatını əbədiləşdirən «Yaşıl təpə döşündə» povestimi mən bu sözlərlə başlayacağam!
Hamının nəzərləri qoşa məzara dikilmişdi. Budur, qoşa məzar sanki bunu hiss edirmiş kimi onu əhatə edənlərin gözündə böyüyür, böyüyürdü... Onların üzərindəki yazılar daha aydın nəzərə çarpırdı...
Xalqilə titrəyən, xalqilə gülən,
Vətənçin yaşayan, Vətənçin ölən
Səmimi insanlar nə bəxtiyardır!..
Xəfif-xəfif əsən meh adamların saçlarını oynadırdı. Hamı düşüncəli halda baxırdı. Azər dedi:
– Bəli, dostlar, vaxtı ilə şairimiz yaxşı demişdir:
Sülhün, səlamətin dadı başqadır,
Qardaşca zəhmətin dadı başqadır.
Bir günəş altında bir yer üzündə
Asudə qismətin dadı başqadır!
1947, 1959