G.Hüseynoğlu ədəbiyyatşünas-Müşfiqşünasdır...

  • Ana Səhifə
  • G.Hüseynoğlu ədəbiyyatşünas-Müşfiqşünasdır...

G.Hüseynoğlu ədəbiyyatşünas-Müşfiqşünasdır...

Image
  • 17 Mart 2023

G.Hüseynoğlu ədəbiyyatşünas-müşfiqşünasdır. Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə dair onlarla maraqlı məqalənin müəllifi olsa da, elmi-ədəbi ictimaiyyət onu daha çox görkəmli müşfiqşünas kimi tanıyır. O, böyük şairin indiyə qədər iyirmidən artıq kitabını tərtib, redaktə edib nəşr etdirmişdir. G.Hüseynoğlu M.Müşfiq haqqında ilk monoqrafiyanı yazmış, ilk disseratsiyanı müdafiə etmiş, ali məktəb tələbələri üçün ilk dərs vəsaitini hazırlayıb çap etdirmişdir. «Müşfiq» monoqrafiyası (Bakı, 1968) şair haqqında bu günə qədər əsas elmi mənbə olaraq qalmaqdadır. Həcmcə kiçik, ancaq məzmun-mündərəcə etibarilə böyük «Müşfiq» monoqrafiyası belə başlanır: «Böyük fitri istedad, coşqun ilham, böyük səmimiyyət, poeziyaya bütün varlığı ilə vurğun bir şəxsiyyət... Bəli, Müşfiq haqqında düşünməyə, yaxud yazmağa başlar-başlamaz öncə xəyalda bu keyfiyyətlər, bu sifətlər canlanır»... G.Hüseynoğlu həmin monoqrafiyada müasir Azərbaycan poeziyasının banilərindən biri olan Müşfiqin həyatı, yaradıcılığının əsas mərhələləri, lirikası, epik poeziyası, uşaqlar üçün yazdığı əsərlər barəsində yığcam bir şəkildə bəhs etmiş, kitabını metaforik olduğu qədər də real olan aşağıdakı sözlərlə bitirmişdir: «Müşfiqin şeiri də, özü də ürəklərdədir! Ürəklərdə!».

«Müşfiq» monoqrafiyasından sonra G.Hüseynoğlu böyük şairin yaradıcılığı üzərindəki tədqiqatını daha da genişləndirdi, onlarla məqalələr yazdı. Və nəhayət, «M.Müşfiqin yaradıcılıq yolu» dərs vəsaitini nəşr etdirdi. On ildən artıq ali məktəb tələbələrinin faydalandığı həmin əsər sadəcə dərs vəsaiti deyil, eyni zamanda dəyərli elmi tədqiqat əsəridir. Burada müşfiqşünaslığın problemləri, böyük şairin ədəbi-estetik görüşləri, əsərlərinin mətnşünaslığı və s. məsələlər ilk dəfə araşdırılmış, müəllif kifayət qədər əsaslı qənaətlərə gəlmişdir.

M.Müşfiqin əvəzolunmaz tədqiqatçısının M.Müşfiqlə əlaqədar apardığı araşdırmaların miqyasını (və mükəmməliyini) müəyyən etmək üçün onun yalnız bir cümləsinin məna tutumuna, siqlətinə diqqət yetirmək kifayətdir: «Şairi ürəklərdə yaşadan, zəngin ədəbi irsini xalqa sevdirən, şeirlərini oxucuların dilinin əzbəri edən poeziyasının xəlqiliyi, vətənpərvərliyi, müasirliyi, humanizmidir, yüksək sənətkarlığıdır, orijinallığı, novatorluğudur». Burada Müşfiqin yaradıcılığı barədə işlədilmiş hər bir təyinin arxasında böyük tədqiqatçı zəhməti, ətraflı araşdırmalar, elmi-ictimai məsuliyyət dayanır. Xüsusilə buradakı məsuliyyət anlayışı üzərində dayanmaq istərdik... G.Hüseynoğlu ümumiyyətlə məsuliyyətli tədqiqatçıdır, lakin M.Müşfiqə, onun yaradıcılığına münasibətdə o daha böyük məsuliyyət hiss edir, şairin hər sözü üzərində zərgər dəqiqliyi ilə işləyir.

Müasir Azərbaycan ədəbiyyatınının müxtəlif problemlərinə, ayrı-ayrı görkəmli sənətkarların (S.M.Qənizadənin, M.Hüseynin, N.Rəfibəylinin, Mir Cəlalın və b.) yaradıcılığına həsr olunmuş məqalələri G.Hüseynoğlunun tədqiqatçı-ədəbiyyatşünas üslubunu müəyyən edir. Bu üslub sərtdir, güzəştsizdir, boğazdan yuxarı mühakimələrdən, saxta təriflərdən uzaqdır, eyni zamanda səmimidir.

G.Hüseynoğlu, artıq qeyd etdiyimiz kimi, M.Müşfiqi sadəcə tədqiq etmir, ruhən onunla yaşayır, onunla nəfəs alır... Və hər il şairin doğma kəndində, yurdunda onun xatirə günlərinin keçirilməsinə rəhbərlik edir. G.Hüseynoğlu müşfiqləşir, ölkə ictimaiyyətinə də «Müşfiqli günlər» bəxş edir.

Müşfiqi xatırlamaq, heç olmasa ildə iki dəfə «Müşfiqli günlər» yaşamaq yalnız həyatdan vaxtsız getmiş böyük bir sənətkara hörmət, ehtiram deyil, həm də (və bəlkə də, daha çox!) Azərbaycan ədəbi-ictimai mühitinin, ümumən cəmiyyətinin mənən sağlamlaşması, ruhən güclü olması üçün lazımdır. Çünki Müşfiq Azərbaycan xalqının yaddaşında saf, qaynar (və gənc!) bir enerji kimi formalaşıb qalmışdır. Bu enerji eyni zamanda azərbaycanlıların şərə, irticaya, düşmənə müqavimət qabiliyyətini təcəssüm etdirir. Və sübut edir ki, Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi naminə qurban verməyə həmişə hazır olmuş, «bir gün azad yaşamağı, yüz il əsirlikdə qalmaqdan» üstün tutmuşdur.