Simic ("Balaca dostlarım üçün" silsiləsindən)

  • Ana Səhifə
  • Simic ("Balaca dostlarım üçün" silsiləsindən)

Simic ("Balaca dostlarım üçün" silsiləsindən)

Image
  • 17 Mart 2023

Bilalın iki qızı, bir oğlu var. Böyük qızı Sevinc ikinci sinfə keçib. İki bacının bir qardaşı – Surxay beş yaşındadır. Kiçik bacı Təranənin də iki yaşı təzəcə tamam olub.

Uşaqlarıynan məşğul olmağa Bilal, ancaq istirahət günlərində vaxt tapır. Surxayın əzbər dediyi şeirləri dinləyir. Təranənin başını tumarlayır, məktəbli Sevinclə isə ciddi söhbətlər etməyi xoşlayır.

Növbəti istirahət günündə Bilal nə düşündü, nə düşünmədi, oğlunun hesabdan biliyini yoxlamaq fikrinə düşdü:

– Sənin beş alman var, Surxay, ikisini Sevincə, birini Təranəyə versən sənə neçəsi qalar?

Surxay heç fikirləşmədən, ərköyün-ərköyün:

– Beş, - dedi.

Gözlmədiyi cavabdan ata bir az pərt oldu. Nə üçünsə ona elə gəlirdi ki, Surxay hesabı gərək yaxşı bilsin.

Başa salmağa çalışdı:

– Oğul, bir yaxşı-yaxşı fikirləş, sonra cavab ver. Axı sən düz demədin. Beş qalmaz.

– Qalar.

– Necə yəni qalar?! – Bilal daha hirsini uda bilmədi. Ədə, beş alman var, ikisini götürüb verirsən Sevincə, birini Təranayə, sənə neçəsi qalır?

– Beş.

– Sən nə danışırsan?! Korafəhimin biri, korafəhim!

Bilal özündən çıxmışdı, elə bil qarşısındakı həmişə şeir deyərkən bağrına basmaq istədiyi Surxay deyil, əziz bir şeyi salıb sındırmış acgöz pişikdi.

Ərinin acıqlandığını görən ana yaxına gəlib söhbətə qarışdı:

– O, korafəhim deyil, Bilal. Amma...

– Nə amma... Kor-kor gör-gör də... Daha bunun əmması yoxdur ki...

– Var, Bilal, var... Bircə səbir elə, - deyərək üzünü oğluna çevirdi. – Balası, Sevincin beş alması var, ikisini sənə, birini  Təranəyə versə, onda neçəsi qalar?

– İkisi.

Bilalın təəccübündən gözləri böyüdü:

– Heç nə başa düşmürəm, mənim dediyim misalnan bunun nə fərqi varmış ki...

– O fərqi var ki, surxayı öldür, özündə olan bir şeyi bacılarına verməz. Ancaq bacılarında nə görsə istəyir. İndi belə uşağa sən nə deyərsən? Korafəhim, ya...

– Simic deyərəm, - Bilal narazılıqla başını buladı. – Simic!


İyul, 1968