«Biri varmış, biri yoxmuş...» ("Balaca dostlarım üçün" silsiləsindən)

  • Ana Səhifə
  • «Biri varmış, biri yoxmuş...» ("Balaca dostlarım üçün" silsiləsindən)

«Biri varmış, biri yoxmuş...» ("Balaca dostlarım üçün" silsiləsindən)

Image
  • 17 Mart 2023

Nəvə yetim qalmışdı. Ayyarımlığında anadan, altı yaşında atadan. Nənə onu qısılmağa qoymurdu. Darıxmağa qoymurdu.

Nənənin sinəsi maraqlı nağıllar, həzin laylalar, ürəyəyatan bayatılarla dolu idi. Atalar sözü, məsəllər dilindən düşmürdü. O, hər axşam qaragözlü, irigözlü, məsumbaxışlı sevimli nəvəsini yanında oturdur, bildiklərindən şirin-şirin ona danışırdı.

Nəvənin gözəl yaddaşı vardı. Nənəsi bir nağılı ikinci dəfə danışanda o dəqiqə onu dayandırırdı:

– Bunu yox, nənə! Bunu danışmısan. Təzəsini danış. Təzəsini...

Nəvə çox dərrakəli, fərasətli idi. Nənəsinə sualı sual dalınca verir, hamısına da ətraflı cavab istəyirdi... Nənə də cavab verirdi.

Nəvəsinin təzə-təzə sözlər eşitməyə, yeni bir şey öyrənməyə can atması nənənin də ürəyini açır, onu fərəhləndirirdi. Hərdən öz-özünə deyirdi: «Bu uşaqdan bir şey çıxacaq... Sən özün yetimin köməyinə çatginən, ilahi!»

Nəvə yatanda nənənin ürəyində arzular baş qaldırır, anasız qalmış körpəyə, qızının əziz yadigarına layla deyirdi:

Oxşasın dilim səni,

Böyütsün elim səni.

Meydanda at oynadan

Bir igid görüm səni.

Günlərin bir günündə nənə nəvəsinə belə bir nağıl da danışdı: «Biri varmış, biri yoxmuş, bir keçi varmış. Bu keçinin gözünün ağı-qarası üç balası varımış. Bu çəpişlərin birinin adı Şəngülüm, birinin adı Şüngülüm, birinin də adı Məngülüm imiş...»

Nənə danışır, nəvə həyəcanlanır, həyəcanlanır... Sonra iri qara gözlərində sevinc parlayır. Axı keçi qurddan intiqamını almışdır.

O axşam çəpişlər uzun zaman nəvənin gözü qabağından getmədi. Ana keçinin qayğıkeşliyi, balaları üçün özünü oda-közə vurması xəyalından çəkilmədi...

*** 

İllər keçdi, nəvə böyüdü. Nəvə şair oldu. Xalqımızın sevimli şairi!

Nənə çoxdan dünyaya göz yummuşdu. Ancaq şair onun unutmurdu, unuda bilmirdi.

Bir axşam şair xəyalən yenə öz uşaqlıq illərinə qayıtdı, nənəsini xatırladı. Onun nağıllarını, zümzümə etdiyi laylalarını xatırladı. Nənəsinin ahəngdar səsi qulaqlarında cingildədi: «Biri varımış, biri yoxumuş...»

Şair düşündü, düşündü... Düşüncələr onu öz uşaqlıq həyəcanlarını, ana keçinin acgöz qurda qələbəsindən doğan sevincini balaca dostları ilə bölüşdürmək qərarına gətirib çıxartdı. Yazı masısının arxasına keçdi, qələmi götürüb əvvəlcə əsərin adını yazdı: «Şəngül, Şüngül, Məngül». Sonra misralar dağ çayı kimi axdı, axdı:

Biri varmış, biri yoxmuş,

Məzlumların dərdi çoxmuş.

Saqqallı bir keçi varmış,

Gəzdiyi yer qayalarmış.

Bəli, uzun zamandan bəri xalqımızın qəlbində yaşayan gözəl nağıl ilk dəfə şeir dili ilə danışdı. Onu gözəl sənətkar Mikayıl Müşfiq danışdırdı. Bu, onun öz balaca oxucularına böyük hədiyyəsi oldu. Uşaqların ən sevimli kitablarından oldu...

Şairə elə gəldi ki, nənəsi Qızqayıt ölməmişdir, o yenə də nağıl danışır, ancaq indi təkcə ona – nənəsinə yox, bütün nəvələrə, bütün uşaqlara danışırdı: «Biri varımış, biri yoxumuş...»


1968