Kişi kimi ("Balaca dostlarım üçün" silsiləsindən)

  • Ana Səhifə
  • Kişi kimi ("Balaca dostlarım üçün" silsiləsindən)

Kişi kimi ("Balaca dostlarım üçün" silsiləsindən)

Image
  • 17 Iyul 2023

– Ver bura, ver!

– Yox...

– Bax, elə eləmə gücnən alım a!..

– Ala bilməzsən, ala bilməzsən.

– Alanda kişi kimi söz vermədin ki, haçan istəsəm qaytaracaqsan?!.

– Kişi kimi söz vermədim.

– Kişi kimi verdin.

– Yox.

– Ə, sənə demirəm verginən... – Söhbəti uzatmağa daha hövsələn çatmayan yeddi yaşlı Orxan özündən iki yaş yarım kiçik olan Elşadın üstünə cumdu.

Qardaşının hücumunu gözləyən Elşad ovcunda tutduğu balaca əsgər oyuncağı bir az da bərk sıxdı, yumruqları ilə özünü müdafiə etməyə çalışdı. Ancaq axıracan gücü çatmadı. Orxan onu yerə yıxdı, sinəsinə çöküb sağ yumruğunu açmaq istəyəndə Elşadın qulaq batıran zil səsi otağı başına götürdü. Bu, evdəkiləri haraya çağırmaq üçün sınaqdan çıxmış bir işarə idi.

Baş-başa olan hər iki otağın qapıları açıq olduğundan o biri otaqda oğullarının söhbətini dinləyən Rizvan özünü saxlaya bilməyib, ucadan səsləndi:

– Bu saat ikiniz də buraya, tez-tez...

Orxan hirslə Elşadı buraxıb ayağa sıçradı, dolmuş halda, qorxa-qorxa atasının hüzuruna yeridi:

– Bəs Elşad ağa niyə gəlmir?

Orxan çiyinlərini çəkdi:

– Mən bilmirəm.

Elşadın səsi eşidildi:

– Gəlirəm, atası, bu saat.

Yellənə-yellənə gəldi. Orxandan azacıq aralı durub girdə qara gözlərini ərköyünlüklə atasına zillədi.

Onun sağ əlinin barmaqları hələ də düyümlü idi. Aşkardı ki, qardaşından aldığı oyuncağı hələm-hələm vermək fikrində deyil.

– Bu nə boğuşmadır yenə salmısınız, hə?! – Rizvanın səsi uşaqların qulaqlarında cingildədi.

Birinci Orxan dilləndi:

– Ata, bilirsən...

– Bilirəm, - Rizvan onun sözünü kəsdi, - söhbətinizi eşidirdim. – Üzünü Elşada tutdu. – Bu nədir, yenə cığallığa başlamısan.

Elşad çəkinə-çəkinə olsa da etirazını bildirdi:

– Yox...

– Necə yox ki, kişi kimi söz vermisən...

– Mən kişi kimi söz verməmişəm.

– Bəs necə söz vermisən? – Rizvan onu öz sözü ilə tutmaq istədi.

– Elə-belə söz vermişəm.

Rizvan gülməkdən özünü güclə saxladı.

Orxan yenə and-aman elədi. Atası onu sakitləşdirib Elşada dedi:

– Bax, indi mənə kişi kimi de görüm oyuncağı alanda necə söz vermişdin?

Elşad əvvəlcə qımışdı, sonra qızardı, ancaq dinmədi. Atası onun işıqlı, oynaq gözlərindən aydınca oxudu: «Kişi kimi!»

– Aydındır... Hər şey aydındır... – Rizvan ona lap yaxınlaşdı. – Elşad, adam verdiyi sözü heç vaxt unutmaz. Kişi kimi söz vermisən, kişi kimi də üstündə dur. Yoxsa bundan sonra sözünə bir də heç kəs inanmaz. Zəhmət çək oyuncağı kimdən almısansa ona da qaytar.

Yamanca qanı qaralmış Elşad fısıldaya-fısıldaya ovcundakı oyuncağı acıqla Orxanın ayaqları altına atdı.

Orxan tez əyilib götürmək istədikdə atası qoymadı:

– Götürmə! Elşad, qardaşın oyuncağı sənə necə veribsə sən də ona eləcə qaytar.

Elşad yavaş-yavaş əyilib oyuncağı götürdü, ilk dəfə görürmüş kimi o üzünə-bu üzünə baxdı, qardaşına uzadanda Rizvan dedi:

– Bax, indi bu oldu kişi kimi.


13 noyabr, 1967