Adını siz deyin ("Günlərin bir günündə" silsiləsindən)

  • Ana Səhifə
  • Adını siz deyin ("Günlərin bir günündə" silsiləsindən)

Adını siz deyin ("Günlərin bir günündə" silsiləsindən)

Image
  • 17 Mart 2023

Qışın ortaları idi. Qar hələ yağmamışdı (Bakıda yaşayanlar üçün bu, o qədər təəccüblü deyil), amma soyuqlar əməlli-başlı düşmüşdü. Külək sillə kimi adamın üzünə dəyib keçirdi...

Trolleybus duracağında xeyli adam vardı (deyəcəksiniz az olan vaxtı haçan olub?!). Diqqətimi birisi xüsusilə cəlb elədi. Onun açıq başı təzəcə sulanmış asfalt kimi işım-işım işıldayırdı, saçını yağladığına şəkk-şübhə ola bilməzdi. Tünd-mavi rəngli, balağı çox dar şalvar geymişdi. Ayağında qapqara, nazikburunlu tufli vardı. Par-par parıldayırdı. Oğlanın başaı ilə ayaqları elə bil parıldamaqda yarışa girmişdi. O, külrəngli, olduqca gödək paltosunun ensiz nazik boyunluğunu qaldırmışdı...

Yanımda yaşlı iki qadın durmuşdu. Deyəsən onların da nəzərləri bu oğlanda idi. Birdən daha yaşlısı üzünü qonşusuna tutub əsəbi halda dedi:

– Bircə, sən allah, o göyərmiş stilaqaya bax... Forsundan başına papaq qoymur, nə var, nə var saçının ütüsü pozular. Gör bir soyuqdan necə büzüşüb kirpiyə dönüb.

– Balam, şəhərdə elə qripi yayan bu alabəzək qırılmışlar deyil bəyəm?! – deyə o biri qadın müsahibinin sözünə qüvvət verdi. – Soyuqda, çovğunda bir gün başıaçıq, yaxasıaçıq gəzib forslanırlar, sonra da bir həftə qripdən zingildəyirlər. Bizim qonuşuluğumuzda da bir beləsi var. Yatanda anasının kapron corabını başına geyir, sən demişkən, saçının ütüsü pozulmasın... Anası da gecə-gündüz deyinhadeyindədir ki, oğlu corablarının ilməsini qaçırır. Amma sən indi gəl oğulun iddiasına bax! Danışanda ağzına çullu dovşan sığışmır. Əslini axtarsan, bizimlə heç danışmaq istəmir. Bəs necə?! Axı o özünü mədəni sayır, hə, biz isə onun gözündə avamıq, dünyadan xəbər-ətəri olmayan avam.

– Əcəb mədəniyyətdir, balam, isti otaqda başına kapron corab gey, gir isti yorğan-döşəyin içinə... Səhər də boranda, çovğunda başıaçıq, döşüaçıq düş şəhərin canına... Nə deyim, vallah bəlkə biz doğrudan xərifləmişik, belə şeyləri başa düşmürük?

Trolleybus gəldiyindən, adamlar ona doğru axışdılar. Başıaçıq oğlan, de bayaq, irəli soxulub yaşlı qadınlardan da qabaq özünü içəri saldı... Hamı minəndən sonra trolleybus yola düşdü və elə düşər-düşməz, sürücünün təqsiri üzündən, qəfildən adamları bərk silkələdi. Bu zaman bir qız, özündən asılı olmayaraq, başıaçıq oğlanın ayağını tapdaladı və tez də günahkarmış kimi ondan üzr istədi. Başıaçıq oğlan nəsə dodaqaltı mızıldandı, lakin səs-küy olduğundan, mən onun qıza verdiyi cavabı eşitmədim.

O biri duracaqda xeyli adam düşdü, trolleybus seyrəkləndi. Mən indi başıaçıq oğlanın lap yanındaydım. O, tez-tez ayaqqabısına baxıb rəngdən-rəngə düşürdü. Mən də baxdım. Sağ ayağındakı ayaqqabısının sağ tərəfində tapdaq ləkəsi gördüm.

Bu vaxt trolleybusda iki yer boşaldı. Birisində mən oturdum, birində o. oturan kimi də nəzərləri yenə ayaqqabısına zilləndi, sonra başını qaldırıb yan-yörəsinə göz gəzdirdi. Heç əksin onda fikri olmadığını yəqin edib, cibindən səliqə ilə qatlanmış qar kimi ağ cib dəsmalını çıxartdı, əyilib bir göz qırpımında ləkəni sildi. Gədənin birdən-birə rəngi-ruhu özünə qayıtdı. Sinə dolusu rahat nəfəs alıb, dəsmalı cibinə qoymaq istəyirdi ki, burnunun ucu titrədi, «həpçi» edib dalbadal üç səbir gətirdi. Əlindəki dəsmalla burnunu təmizlədi, ağzının yanlarını sildi, dəsmalı səliqə ilə büküb cibinə qoydu. Bir dəqiqə keçməmiş yenə asqırdı, yenə həmin dəsmalı çıxarıb ağız-burnunu təmizlədi və trollleybusdan düşdü.

İki-üç addım atmamış boğazını arıtlayıb, süpürülmüş ayna kimi asfaltın üzərinə ləkə saldı. Az qalmışdı bu, oradan keçən bir qadının üstünə düşsün. Qadın ayaq saxlayıb, bir az aralıda qoyulmuş yaraşıqlı ağ zibil qutusunu ona göstərdi. Zibil qutusuna baxa-baxa oğlanın çiyinləri qalxıb-endi, o mənasızca cülümsədi, bayaqkı dəsmalla ağız-burnunu silib, yoluna düzəldi.

Pəncərədən arxasınca xeyli baxdım, gözdən itincəyədək baxdım... Özüm də bilmirəm niyə baxırdım...

Günlərin bir günündə, qışın ortalarında təsadüf etdiyim bu əhvalatı sadəcə qələmə aldım, ancaq adını qoymadım. Nə olar, əziz oxucular, adını siz deyin.


Fevral, 1960