Bir ömrün çıraqları - Hekayə

Bir ömrün çıraqları - Hekayə

Image
  • 17 Mart 2023

«Eh!.. Ömür-gün yaman keçib gedir. Yaman!.. Gözüvü açıb yumunca bir də görürsən ki...»

Bəli, Səriyyə bütün gecəni bu əhvali-ruhiyyə ilə keçirdi.

Bu axşam onun evinə tanımadığı, görmədiyi təzə adamlar gəlmişdi. Yeni qohumluğun təməl daşlarını qoymaq istəyən təzə adamlar... Səriyyə əvvəlcə gördüklərinə, eşitdiklərinə inanmaq istəmədi. Axı ona elə gəlirdi ki, hələ ərə getməli qızı yoxdur... yoxdur!

Yox, Səriyyə yanılırdı. Onun ərə getməli qızı vardı. Özü də ağıllı, kamallı, gözəl qızı vardı. Bəli, bu, həqiqət idi. Elçilərin gəlişi bu həqiqəti bir daha təsdiq edirdi. Ancaq o da həqiqət idi ki, ananın gözündə onun övladları, ürək parçaları hələ də uşaq idilər. Anaya elə gəlirdi ki, onları öz isti nəfəsindən, hərarətli qoynundan məhrum edə bilməz. Övladları naqad açsalar da, hələ ana nəvazişinə, ana məhəbbətinə möhtacdırlar. Lakin elçilərin gəilişi ananın bu təsəvvürlərini alt-üst etdi. Elçilərin gəlişi Səriyyənin bu vaxta kimi keçdiyi həyat yolunu gözləri önündə canlandırdı...

Səriyyənin iki qızı, bir oğlu vardı. Böyük qızının adı Rəfiqə idi. Rəfiqə ucaboylu, dolu bir qızdı, qalın qaşları, iri qara gözləri, xoşagəlim, şirin, qarabuğdayı sifəti vardı. Güləndə yanaqlarında xırdaca çökək əmələ gəlir, sifətini daha da qəşəngləşdirirdi.

Kiçik qızının adı Validə idi. Validə ortaboy, nərmanazik qızdı. Ağıllı, düşüncəli, cəzbedici gözlərinin heyranı olmamaq mümkün deyildi. Ağ, qəşəng sifəti vardı.

Səriyyənin ortancılı oğlan idi. Adı Elçindi, Elçin Validə ilə bir boyda idi. Gözəllikdə bacılarından geri qalmazdı. Sifətini çoxlu iri qara xallar bəzəyirdi.

Səriyyə sevimli ərini, özü demiş, davaya yola salanda Rəfiqə beş, Elçin üç, Validə isə bir yaşında idi. Bir ildən sonra cəbhədən ərinin qara xəbəri gəldi. Gənc ana bütün mehrini, məhəbbətini uşaqlarına saldı. Ərinin ocağını qorumağı, istisini saxlamağı ölənəcən qarşısına məqsəd qoydu. Ərinin vaxtında Səriyyə evdarlıq edərdi. İndi Volodarski adına Bakı tikiş fabrikində işə girməyə məcbur oldu. İşi çoxaldı.

Səriyyənin əri çox uşaqcanlı idi, lakin uşaqlarını böyütmək ona qismət olmadığından Səriyyə də ürək parçalarını, sevimli ərinin yadigarlarını ürəklə, məhəbbətlə, ərinə layiq bir məhəbbətlə böyütməyə, sevib böyütməyə çalışırdı. Ancaq imkanı, maddi imkanı, çox vaxt, onun əl-qolunu bağlayırdı, ruhunu əzərdi...

Bir dəfə ruhunun əzildiyi vaxtda qapıları döyüldü. Gələn məhəllərində yaşayan, zərxara içində gəzib-dolaşan orta yaşlarında bir arvaddı. Gəlişi Səriyyəni təəccübləndirsə də onu hörmətlə qarşıladı. Arvad sözlü adama oxşayırdı. Xoş-beşdən sonra gəlişinin səbəbini birbaşa dedi:

– Cavan, göyçək gəlinsən, ərivün də qara kağızını alıbsan, eşitmişəm. Özüvə yazığın gəlsin. Haçanacan özüvə zülm eliyəcəksən. Səni yaxşı yerdən istəyən var. Bizim kişinin dayıoğlusudur. Böyük bir restoranda bufetçidir. Pula pul demir. Bir az axsaqlığı var. Onunçun da əsgərlikdən qalıb. İstəyəndə elə yeriyir ki, heç bilinmir. Bilinənən nə olacaqdı ki... Sənə yaman gözü düşüb. Deyir ki, xanım kimi saxlaram onu, təki mənə bir «həri» desin. Hə, nə deyirsən? Sevindirim onu?!

Səriyyə özünü güclə saxlayırdı. Xasiyyətiydi, onunla danışan adamı axıracan səbirlə gərək dinləyəydi, fikrini tamam-kamal öyrənəydi. Elə ki, öyrəndi, bundan sonra birdəfəlik sözünü deyərdi. İndi də səbirlə qonşu arvada qulaq asdı, eşitdikləri qəlbini incitsə də axıracan onu dinləməyə dözdü, həm də ona görə ki, qonşu arvaddı, qəlbinə toxunmaq istəmirdi. Necə olsa «salam-əleyk»ləri vardı. Elə ki qonşu ürəyini boşaltdı, Səriyyə eşitmək istəmədiyi söz-söhbəti birdəfəlik kəsmək istədi:

– Ünbül bacı, mən papaq deyiləm ki, başdan-başa qoyulam. Üç uşaq anasıyam. Bunu bilin. İndən belə bu sayaq söz-söhbətnən bir də...

Ünbül tez özünü yığışdırdı, pərtliyini büruzə verməməyə çalışaraq Səriyyəni fikrini tamamlamağa qoymadı, ürəyi yanırmış kimi dodaqucu mızıldandı:

– Mənə nə var eee, mən səninçün... dedim ki.... Ürəyim yandı da, axı cavansan, cavanlıq gedir axı, qaça-qaça gedir, bir də geri qayıdan deyil!..

– Qurban olsun Rəfiqəmin, Validəmin, Elçinimin bircə qara telinə mənim gedən cavanlığım, qayıtmayacaq cavanlığım Ünbül bacı! Gəlin bu barədə bir də danışmayaq. İstəyirəm ki, aramızdakı salam-əleyk qalsın.

Ünbül dinmədi. Haçandan-haçana Səriyyə dedi:

– Ünbül bacı, yəqin bilirsiz, yorğan-döşək sırımaqda səriştəm var. İşimizdə də xahiş eləmişəm ki, iyulun on beşindən məni məzuniyyətə buraxsınlar. Sözümü eşiblər. İstəyirəm bu vaxda yorğan-döşək sırıyam. Əgər qonşulardan istəyən olsa məni nişan verin. Məvacibnən uşaqların üst-başını düzəldə bilmirəm.

Ünbülün dili yenə açıldı:

– İstəyən çoxdu, Səriyyə, siftə elə bizimkilərdən başlarsan. Dalıycan səninfün o qədər müştəri tapım ki, başuvu qaşımağa macalın olmasın...

Ərə getmək təklifi Səriyyəyə bundan sonra da neçə dəfə olmuşdu və hər dəfəsində də o, qətiyyətlə «yox!» demişdi. Hər «yox!» deyəndə də sevimli ərini düşünmüş, balalarını gözünün qabağına gətirmişdi, başqa kişiyə onların necə ata deyəcəklərini fikirləşəndə dəhşətə gəlmişdi. «Səriyyə ölər, balalarım, atanızdan sonra ərə getməz. Bunu bilin! Qoy hamı bilsin. Birdəfəlik yaxamdan əl çəksinlər. Məni rahat buraxsınlar!..»

Nəhayət, özü demiş, onu rahat buraxdılar. Bir də adını çəkən olmadı...

Uzun qış gecələrində övladları ananın başına yığışar, onun şirin söhbətlərinə qulaq asardılar. Böyük qızı Rəfiqə başını anasının sinəsinə qoyar, kiçik qızı Validə balaca qollarını anasının boynuna dolayar, oğlu Elçin başını onun dizi üstünə qoyub uzanardı. Balalarının isti, doğma nəfəsi ayaqları, qolları ağrıyan, bədəni gizildəyən ananın bütün yorğunluğunu canından çıxarar, qollarına qüvvət, ürəyinə mətanət gətirərdi. Belə anlarda o, çox vaxt sevimli ərini yadına salardı, gözləri yaşarardı. Bu zaman ananın yanaqlarından diyirlənən isti göz yaşı Rəfiqənin üstünə düşəndə, qız başını onun köksündən qaldırıb deyərdi:

– Ana, sən yenə ağlayırsan? Axı mən sənin ağlamağını istəmirəm, heç istəmirəm, ana.

– Mən də istəmirəm, ana, mən də istəmirəm, - deyib Validə də anasının üzündən öpərdi.

Bu zaman Elçin də ayağa qalxar, gözlərini düz anasının yaşarmış gözlərinə zilləyib, ərklə deyərdi.

– Ağlama, ana, ağlama, bildin?!

Belə vaxtlarda balalarının ürəyini sıxmamaq üçün ana tez göz yaşlarını qurudar və:

– Mən ki heç ağlamıram, balalarım, niyə də ağlayım?!. Sizin kimi uşaqları olan ana da ağlayarmı? – deyərdi.

Gecələr ana uşaqlarını başına yığanda çox vaxt qızları ona qəribə və maraqlı suallar da verərdilər. Böyük qızı Rəfiqə bəzən zarafatla və incimiş halda üzünü anasına tutub soruşardı:

– Ana, niyə məni qara, VAlidəni ağ doğmusan, hə? Olmazdı ki, elə ikimizin də sifəti bir rəngdə olsun?

Validə isə ərköyüncəsinə deyərdi:

– Ana, niyə Rəfiqənin boyu mənimkindən hündürdür. Olmazdı ki, elə bizi bir boyda doğaydın?

– Xalların hamısını vermisən Elçinə, oğlanın xal nəyinə gərəkdir? – Rəfiqə soruşardı.

Bu zaman Elçin də söhbətə qarışardı:

– Doğrudan, ana, sən gərək xalları qızlara, Rəfiqənin boyunu da mənə verəydin. Onda Rəfiqə ilə Validə olardı bir boyda, xalları da aralarında bölüşərdilər.

Qayığkeş ana uşaqlarının bu sözlərinə yalnız gülümsəyər, mehriban əllərilə onların başını sığallayar və özünəməxsus bir təmkinlə deyərdi:

– Mənim əziz balalarım, siz hamınız gözəlsiz, heç birivüz bir-birindən nə əksik, nə də artıq deyilsiz, hamınız mənim gözümdə birsiz, gözəlsiz...

İndi isə...

Bu sözlər və bu sözlərin deyildiyi illər arxada qalmışdır. İndi Səriyyənin balaları böyümüşdülər. Onların yuvalarından pərvaz etmək vaxtı gəlib çatmışdır. Budur, böyük qızı Rəfiqəyə elçi gəlmişdir. Səriyyənin ürəyi qəribə bir hisslə döyündü... o, həm fərəhlənir, həm kədərlənirdi. Ona görə fərəhlənirdi ki, övladını böyüdüb ərsəyə yetirmişdi. Övladı da ağıllı-kamallı çıxmışdır. Ona görə kədərlənirdi ki, iyirmi iki il bir yerdə olduğu, qanadları altında bəslədiyi, bircə nəfəs aldığı övladından ayrılacaqdır. Lakin bu kədərin özündə belə nə isə yenə bir təskinlik, bir arxayınlıq vardı. Kimin qızı anasından ayrılmamış, başqa evə köçməmişdir?! Eh, bu təbiətin də gör necə amansız qanunları var. Qız böyüdən anaların gör nə ağır qisməti var...

Ana düşüncələr içərisində ikən elçilər axırıncı dəfə Səriyyənin fikrini soruşdular. Onun sözü bu oldu ki, qızı ilə danışmamış o bu barədə hələlik heç bir söz deyə bilməyəcəkdir.

Elçilər gedəndən sonra Səriyyə qızı ilə danışdı. Məsələ aydındı. Təbiətin qanunnundan kənara çıxmaq, görünür, mümkün deyildir. Qız da, oğlan da bir-birini sevirdilər.

Günlərin birində el qaydasınca toy edib Səriyyənin ilkini apardılar. Az keçmədi o, kiçik qızı VAlidəni də yuvasından uçurmalı oldu.

Qaldı Elçin. Elə bu vaxtlarda ana hiss etdi ki, Elçin də bir qızla sevişir. Elçin də ailə qurmaq fikrinə düşüb. Elçin! Elçin Səriyyəni hamıdan çox incitmişdi. Bu barədə fikirləşəndə, özü demiş, başından tüstü qalxırdı...

Elçinin dəcəllikləri qurtarmaq bilməzdi. Səriyyəni tez-tez məktəbə çağırırdılar. O da imkan tapa bilməzdi getsin. İmkan tapanda da müəllimlər düşərdilər üstünə, de ki, deyəsən. Ana danlaq, tənə altında qalardı, xəcalət çəkərdi, tər tökərdi. Söz verərdi bir də olmayacaq. Amma olardı, bir də olardı. Elçinin şuluqluqları qurtarmaq bilməzdi. Ana da sıxılardı, ürəyi ağrıyardı, gözləri dolardı.

Bir dəfə də Səriyyə eşitdiyindən yaman sarsıldı. Elçin papirosa qurşanmışdı. Ananı dəhşət götürdü. Dünya gözündə qaraldı. Qəlbində ərini haraya çağırdı. «Hardasan, ay Məmmədağa, hardasan?! Gör bir oğlun başıma nələr gətirir! Elçin el içində başımızı yerə soxacaq, ay Məmmədağa, hardasan?!»

Səriyyə məktəbdən evə necə qayıtdığını bilmədi. Üzüqoyulu çarpayıya yıxılıb ağlamağa yox, hıçqırmağa başladı. Uşaqları onu sakitləşdirə bilmirdilər. O, hıçqırır, hıçqırırdı.

Səriyyə haçandan-haçana hıçqırığını kəsdi, başını qaldırdı. Ağlamaqdan gözləri qızarmış, gözlərinin altı şişmişdi, səsi xırıldayırdı, zorla bu sözləri dedi:

– Elçin, o zəhrimarı tərgitməsən, özümə əl qaldıracam, özümü öldürəcəm. Atan Məmmədağanın ruhuna and olsun ki, öldürəcəm. Bunu bil, Elçin!

Qızlar ağlaşmağa başladılar. Elçin söz verdi. Parirosu atacağına, şuluqluq etməyəcəyinə atasının ruhuna and içdi. Qızlar sakit oldular. Səriyyə ayağa qalxdı. Elçinin gözlərinə baxdı. Diqqətlə baxdı. Oradakı əzabı, peşmançılığı görəndə bir az təskinlik tapdı, sakit oldu:

– Allah sənə rəhmət eləsin, ay Məmmədağa! – dedi.

Elçin sözünün üstündə durdu, papirosu atdı, ana ruhən sakitləşdi. Ananın yavaş-yavaş məktəbdən də ayağı çəkilməyə başladı. «Şükür, deyəsən, hər şey qaydasına düşür!..»

Qızlar köçəndən sonra Elçin anasının başına yaman dolanırdı. Elçindən görünməyən bir işdi bu. Bunu səriyyə açıq-aşkar sezir, sevinirdi. Elçinin sevdaya düşdüyünü hiss edəndən ananın bu sevinci daha da çoxaldı. O, məsələni ətraflı öyrəndi, bu dəfə özü başqalarının qapısına elçi getdi. Borca-xərcə düşdü, toy edib oğlunu evləndirdi.

Bir gün Səriyyənin bütün övladları onun başına toplaşdılar. Əvvəllərdə övladı üç idisə, indi altı olmuşdu. Səriyyə onları böyük iftixar və qürurla gözdən keçirdi. Qəlbi fərəhdən köksünə sığmadı. Uşaqlarının vaxtilə öz qüsurları barəsində ərklə etdikləri giley-güzar ananın yadına düşdü. O, bu söhbətləri məmnuniyyətlə gəlininə və yeznələrinə danışdı. Sonra onların bu barədə fikrini öyrənmək istədi. Əvvəlcə böyük yeznəsinə sual verdi.

Böyük yeznəsi dedi:

– Ana, Rəfiqənin heç bir nöqsanı yoxdur. O, hamıdan gözəldir.

Ana kiçik yeznəsinə baxdı.

– Validənin gözəlliyinə heç bir söz ola bilməz, ana! – kiçik yeznəsi dilləndi.

Səriyyə gəlininə baxdı, oğlu Elçin haqqında onun fikrini bilmək istədi. Gəlin utandığından başını aşağı dikdi.

– Yəqin mənim ağıllı gəlinimdən də soruşsam, o da deyəcəkdir ki, «Elçin hamıdan gözəldir» - deyib ana sağ əlini gəlinini başına çəkdi.

Gəlin başını qaldırıb qayınanasına baxdı. Onun baxışlarının ifadəsi Səriyyənin sözlərini təsdiq edirdi.

Bundan sonra Səriyyə dedi:

– Siz haqlısınız, balalarım. Könül sevən göyçək olar. Sizin hər birivüzün sevdiyi, seçdiyi özü üçün gözəldir. Sizin hamıvız da mənim üçün gözəlsiz. Axı siz mənim balamsız.

Bu zaman Rəfiqə anasını qucaqlayıb dedi:

– Ana, mən gəlmişəm səni aparım bizimlə bir yerdə qalasan.

Validə dedi:

– Yox, yox, ana səni mən aparacağam, gərək bizimlə qalasan.

Elçin isə bacılarının sözlərinə etiraz edib, ərklə dilləndi:

– Mən anamı heç kəsə vermərəm. Anam mənimlə qalıb, mənimlə də qalacaq.

Rəfiqə əlavə etdi:

– Qoy anamız özü desin.

Validə bu sözdən bərk yapışdı:

– Hə, qoy anamız özü desin.

Elçin hirsləndiyini o saat büruzə verdi:

– Yaxşı, desin, qoy desin.

Ana böyük məhəbbət hissilə uşaqlarını süzdü:

– Mənim əvvəl bir evim vardı, indi üçdür. Hamıvız mənim üçün birsüz. Evüz də mənim gözümdə birdir. Amma, balalarım, mən Elçinin atasının evində qalmalıyam. Çünki bu evdə atanızın ocağı yanır. O ocaq ki, sizi öz hərarətiynən böyüdüb bu həddə çatdırıb. Sizə isə, qızlarım, tez-tez qonaq gələcəm.

Rəfiqə dedi:

– Ana, axı sən bizim zəhmətimizi çox çəkmisən. Bəs biz bu zəhmətin əvəzini nə ilə verərik?

Təxminən eyni sözləri Validə də təkrar elədi.

Səriyyə üzünü əvvəlcə Rəfiqəyə tutub soruşdu:

– Qızım, sən ailəndən razısan?

– Bəli, ana can, - Rəfiqə pıçıldayırmış kimi cavab verdi.

– Validə, qızım, sən necə?

Validə dedi:

– Mən də razıyam, ana!

– Bəs, oğlum sən? – deyərək na bu dəfə üzünü Elçinə tutdu.

– Mən də ana can, mən də razıyam! – Elçin qürurla sinəsini qabağa verdi.

Səriyyə dərindən köksünü ötürərək uşaqlarına dedi:

– Siz mənim zəhmətimin əvəzini verdüz, ömrümün çıraqları, bundan savayı mənə heç nə lazım deyil, heç nə!

1958