Yağış yağır ("Balaca dostlarım üçün" silsiləsindən)

  • Ana Səhifə
  •  Yağış yağır ("Balaca dostlarım üçün" silsiləsindən)

 Yağış yağır ("Balaca dostlarım üçün" silsiləsindən)

Image
  • 17 Mart 2023

Günəşin ilıq şüaları otağın bir tərəfinə düşüb. Pəncərə pərdəsinin hərəkəti ilə hərdənbir titrəşən, gah irəli, gah geri qaçan bu şüalara dörd yaşlı Azər oynayır, atılıb-düşür, yerə-göyə sığmır.

Otağın o biri tərəfində stol arxasında Azərin atası oturub. Kitab oxuyur.

Birdən şüalar yox olur. Azərlə oynayan şüalar. Azər dörd bir yanına təəccüblə baxır, dodağı sallanır. Tez atasının yanına gəlir, astaca ətəyini dartır, gileyli-gileyli:

– Ata, ata, işıq qaçdı, - deyir.

Atasının fikri oxuduğu kitabda ola-ola:

– Nə?!. Nə aşdı?!. – deyə soruşur.

– Aşdı yox, ata, qaçdı, işıq qaçdı... Elə mehriban oynayırdıq ki... Bilmirəm nə oldu, - Azərin çiyinləri qalxıb-endi – qaçdı...

Ataya indi aydın olur ki, «qaçan» nədir. Odur ki, ayağa durub oğlunun əlindən tutur, pəncərənin qabağına gətirir, başa salmağa çalışır:

– Oğul, işıq qaçmayıb. O səni niyə qoyub qaçmalıydı ki... Özün deyirsən ki, mehriban-mehriban oynanırdınız. Elədir?

Azər ciddi?

– Bəli, - cavab verdi.

– Ay sağ ol. İndi qulaq ver gör sənə nə deyirəm. Bax, görürsən o buludları, günahkar o buludlardır. Onlar yavaş-yavaş gəlib günəş şüalarının qabağını kəsiblər. Sən də elə bilmisən şüalar qaçıb. Hə, oğul, görünür yağacaq. Yağmasa bu hava açılana oxşamır.

– Ata, qoy onda yağış tez yağsın, tez də qurtarsın, evimizə işıq gəlsin.

– Darıxma oğul, darıxma, hər şeyin vaxtı var...

Haçandan-haçana yağış yağmağa başladı. Başladı, ancaq qurtarmaq bilmədi. Payız yağışı idi, hara qurtaracaqdı.

Azərsə darıxır, yaman darıxır. Yağışın kəsməsini, işığın gəlməsini gözləyir.

Atası:

– Səbir elə oğul, səbir elə – deyir.

Yağış yağır, yağır, yağır.


Noyabr, 1966