Özgəyə əriştə kəsən oğlan ("Balaca dostlarım üçün" silsiləsindən)
- Ana Səhifə
- Özgəyə əriştə kəsən oğlan ("Balaca dostlarım üçün" silsiləsindən)
Özgəyə əriştə kəsən oğlan ("Balaca dostlarım üçün" silsiləsindən)
İkinci sinifdə oxuyan oğlunun gündəliyində atası qeyri-adi bir yazıya rast gəldi. Gündəlikdə qəşəng xətlə yazılmışdı:
«Özü üçün umac ova bilmir, özgəyə əriştə kəsir».
Atanın dodaqları qaçdısa da özünü saxladı, çox ciddi və kinayə ilə oğlundan soruşdu:
– Hə, de görək bu gün nə «qəhrəmanlıq» göstərmisən. Gündəliyinə bu atalar sözünü müəllimin yazması heç də nahaq deyil.
Heydər çox o yan-bu yan elədisə bir şey çıxmadı. Atası onun danışmasını təkidlə tələb etdi. Heydər də axırda əlacsız qalıb qorxa-qorxa əhvalatı danışmağa başladı:
– Tapşırılan şeiri əzbərləməmişdim. Səhər dərsə gedəndə İftixara rast gəldim. O da öyrənməmişdi. İşimiz şuluqdu, nə edəcəyimizi bilmirdik. Məktəbə az qalmış birdən İftixar dedi:
– Gəl bu gün qabaqda oturaq. Müəllim əgər məni çağırsa arxam sənə tərəf dayanaram, sən də kitabı partanın altında tutub, ordan asta-asta deyərsən. Yox, əgər səni çağırsa, onda mən pıçıldaram. İkimizin də işi düzələr. Hə, nə deyirsən, razısan?
– Razıyam.
Sinfə gəldik. Qabaqda oturan iki yoldaşımızla yerlərimizi dəyişdik. Müəllim gələnəcən İftixarla təzə yerimizdə oturub, hələm bir balaca məşq də elədik...
Müəllim də gəldi. Sinfə göz gəzdirəndə bizə baxdı. Çox baxdı. Ürəyimiz qopdu. Qorxduq ki, bax, indicə bizi öz yerimizə qaytaracaq. Ancaq qaytarmadı. Stulundan əyləşib hazır-qayib elədi, sonra soruşmağa başladı. İftixarın adı ikinci çəkildi. O, cəld qalxıb sözləşdiyimiz yerdə arxası mənə tərəf durdu. Mən də kitabı partanın altında açıb gözlədim. İftixar şeirin adını özü dedi. Gerisini mən pıçıldamağa başladım. Düz yarıya qədər oxumuşdum ki, müəllimin səsini eşitdim:
– İftixar bəsdir, gerisini də Heydər desin.
Mən kitabı tələsik partanın gözünə qoyub özümü itirmiş halda ayağa durdum. İftixar yerinə qayıtmaq istəyəndə müəllim onu saxladı:
– Sən də dayan.
Əcəb işə düşdük. Ayaqlarım əsə-əsə gəlib İftixarın yanında durdum.
– Heydər, şeirin gerisini başla.
Bilirdim ki, başlayım. Daşdan səs çıxdı, məndən yox.
Müəllim üzünü İftixara tutdu:
– İftixar, bir də başdan de, bəlkə Heydərin yadına düşə.
Ay dedi ha! Amma yox, şeirin adını dedi. Dalısı gəlmədi. Hardan da gələydi. Kitab orda qalmışdı, mən burda.
Müəllim ikimizə də «2» verdi. Mənim gündəliyimə hələ bir üstəlik bu sözləri də yazdı, tapşırdı ki, əzbərləyim.
– Yaxşı, bəs o sizinlə yerlərini dəyişən şagirdlərə müəllim bir söz demədi? – Heydərin atası soruşdu.
– Dedi. Onları da danladı ki, niyə yerlərini dəyişməyə razılıq veriblər. Bizə görə o yazıqlara da söz gəldi.
– Yaxşı, atalar sözünü əzbərləmisən?
– Əzbərləmişəm.
– Bir de görək.
– Özü üçün umac ova bilmir, özgəyə əriştə kəsir.
11 sentyabr, 1965