Yuxun şirin olsun, balası! ("Balaca dostlarım üçün" silsiləsindən)

  • Ana Səhifə
  • Yuxun şirin olsun, balası! ("Balaca dostlarım üçün" silsiləsindən)

Yuxun şirin olsun, balası! ("Balaca dostlarım üçün" silsiləsindən)


Image
  • 10 Aprel 2023

– Ana, ay ana, bəs sən yatmırsan?

– Yox, qızım, görürsən işim var, dəftərləri yoxlayıram.

– Nə olar, səhər yoxlarsan da... Mən istəyirəm sən də yatasan.

– Yox, qızım, yata bilmərəm. Dəftərləri gərək bu axşam yoxlayam, səhər uşaqlar görsünlər ki, nə qiymət alıblar.

– Gecən xeyrə qalsın, anası!

– Yuxun şirin olsun, balası!

Qızın başı yastığa düşür, ananın başı dəftərə sarı əyilir. Qızın gözləri yol çəkir, ananın gözləri rəqəmləri bir-bir yoxlayıb yola salır...


*** 

– Ana, ay ana!..

– Nə var, bala?! Mənə mane olursan axı... Yaxşı, dodağını sallama, de görüm nə istəyirsən?

– Ana, sən heç uşaqlara «2» verirsən?

– Hərdənbir olur...

– Mən istəyirəm sən heç kimə «2» verməyəsən.

– Bu bəyəm məndən asılıdır?!

– Bəs kimdən asılıdır, ana?

– Şagirdin özündən, onun biliyindən...

– Yox, ana, söz ver ki, heç kəsə «2» verməyəcəksən.

– Yaxşı, qızım, yatginən, uşaq bu vaxtacan oyaq qalmaz ki...

– Gecən xeyrə qalsın, anası!

– Yuxun şirin olsun, balası!

*** 

– Ana, sən hələ yatmamısan?

– Yox, qızım. Bəs sən niyə oyandın, əlbət işıq gözlərinə düşür, yuxunu qaçırır?

– Yox ana, istəyirəm sən də yatasan...

– Dəftərləri elə indicə yarı eləmişəm.

– Baxım, - deyərək qız keçi kimi çarpayıdan atılıb anasının yanında hazır oldu.

O, maraq dolu gözlərinin təzə yoxlanmış açıq dəftərə zillədi, vərəqin sonunda qırmızı mürəkkəblə yazılmış «2» rəqəmini görəndə tutuldu.

– Ana, bəs mən xahiş eləmədim: heç kəsə «2» verməyəsən?!.

– Qızım, bu işə «2»-dən artıq qiymət vermək olmaz.

– Bəs indi o neyləyəcək? Əlbət ağlayacaq, hə?.. Ata-anası danlayacaq, yoldaşlarının da yanında utanacaq.

– Qızım, bax, dəftərində onun səhvlərini düzəltmişəm. O da indi gərək bu səhvlərini görüb çox çalışsın. Mən də onunla ayrıca məşğul olacağam. Elə edəcəyəm ki, bir də «2» almasın. Di get, uzan yat.

Qız könülsüz-könülsüz yerinə qayıtdı:

– Ana, mənim məktəbə getməyimə altı ay on iki gün qalıb düzdür?

– Düzdü, qızım, yatginən.

– Ana, mən məktəbə gedəndə heç «2» almayacam.

– Əlbəttə, qızım, sən gərək həmişə «5» alasan.

– Bir də, ana, bir də... – qız duruxdu, ürkək-ürkək anasına tərəf boylandı – ana, bir şey desəm mənə gülməzsən ki?!.

– Yox, qızım gülmərəm.

– De ata canı!

– Ata canı gülmərəm, qızım.

– Ana mən oxuyub sənin kimi müəllim olanda heç kəsə «2» verməyəcəm.

– Təki olsun, qızım, təki sənin şagirdlərin yaxşı oxusunlar, sən də onlara «2» verməyəsən.

– Gecən xeyrə qalsın, anası!

– Yuxun şirin olsun, balası!


Sentyabr, 1965