İtmiş keçi ("Balaca dostlarım üçün" silsiləsindən)

  • Ana Səhifə
  • İtmiş keçi ("Balaca dostlarım üçün" silsiləsindən)

İtmiş keçi ("Balaca dostlarım üçün" silsiləsindən)

Image

Fikrət bacısı Məhbubəni çox istəyir. Məhbubə ondan dörd yaş böyükdür, üçüncü sinifdə oxuyur.

Bir axşam Məhbubə dərsini hazırlayırdı. Fikrət onun yanına gəlib dedi:

– Bacı... ay bacı, bir baxginən də.

Məhbubə başını qaldırdı. Fikrət əlindəki oyuncağı ona göstərdi:

– Gör nə yaxşıdır!

Fikrətin əlində şiş buynuzlu, uzun saqqallı keçi vardı. Fikrət barmağı ilə onun buynuzlarına toxunanda keçi salam verirmiş kimi başını aramla endirib qaldırırdı.

Oyuncaq Məhbubəyə tanış gəldiyindən qardaşından soruşdu:

– Bunu sənə kim verib?

– Həyətdən tapmışam.

– Ver bir baxım.

– Yox, özüm tapmışam, özümündür.

– Özün tapanda nə olar, ver baxım, yenə verərəm.

Fikrət oyuncağı bacısına uzatdı:

– Yaxşı, ala.

Məhbubə keçini alıb diqqətlə nəzərdən keçirdi, qulaqlarına baxanda hər şey ona bəlli oldu.

Bu oyuncaq qonşuluqda yaşayan Minayənin idi. Minayənin böyük bacısı Münəvvər Məhbubə ilə bir sinifdə oxuyur. Məhbubə tez-tez onlara gedir, birlikdə dərslərini öyrənirlər. Bir neçə gün əvvəl Məhbubənin yanında Minayə keçini əlindən salıb, bir qulağını dibindən sındırmışdı, sonra da oyuncağının zədələnməsinə dözə bilməyib ağlamışdı. Bu zaman Münəvvər ilə Məhbubə, onu sakit eləyib keçinin qulağını yapışqanla bərkitmişdilər.

«Yazıq Minayə, indi də yəqin sevimli keçisini itirdiyi üçün ağlayır» - belə düşünən Məhbubənin ürəyi sıxıldı. Əhvalatı tələsik qardaşına danışıb dedi:

– Səhər keçini aparıb verərsən Minayəyə, bildin!

Bacısının sözü Fikrətin xoşuna gəlmədi, üz-gözünü turşutdu.

– Demək, sözümə baxmırsan?

– Mən bilmirəm, mən keçini yerdən tapmışam. Özümündür.

– Sənin deyil, özün deyirsən ki, onu tapmısan, elə bunun üçün də gərək sahibinə qaytarasan! İndi Minayəni anası danlayacaq, bəlkə daha ona oyuncaq almayacaq.

Fikrət isə çiyinlərini çəkə-çəkə bacısına deyirdi:

– Mənə nə var, yerdən tapmışam, özümündür. Mən heç nə bilmirəm...

Divanda uzanıb dincələn ata qızı ilə oğlunun söhbətini eşidirdi. O, işarə ilə arvadını çağırıb qulağına nəsə pıçıldadı. Arvadı da cavabında başı ilə razı olduğunu bildirdi. Ata ayağa durdu, oğlunun sevimli oyuncağı Buratinonu götürüb gizlətdi.

Bir azdlan ana gəlib oğlundan Buratinonu soruşdu. Fikrət onu qoyduğu yerdə görməyib əl-ayağa düşdü. Hər yeri axtardılar. Tapılmadı ki, tapılmadı.

Fikrətin gözləri dolmuşdu, tez-tez burnunu çəkir, az qalırdı ki, ağlasın. Bu vaxt anası onu danlamağa başladı:

– Daha sənə bir də oyuncaq almaram, nə alıram elə itirirsən. Belə də iş olar?

Fikrət ağladı. Səsə ata gəldi. O da Buratinonu axtarmağa başladı. Bir-iki dəqiqə keçməmiş qışqırdı:

– Tapdım, tapdım, budur ey, burada imiş, - ata divanın böyrünü göstərdi.

Fikrət atasının yanına qaçdı. Buratinonu alıb sinəsinə sıxdı, rəngi açıldı, yaşlı gözləri sevinclə parladı.

Ata arvadını və qızını yanına çağırdı, oğluna eşitdirmək məqsədilə onlara dedi:

– Görürsünüz, itirdiyini tapanda adam necə sevincək olur. Oyuncağını tapıb verməsəydim, yəqin Fikrət onu gecə də yuxusunda görəcəkdi. İndi necə də şaddır!..

Şad olan Fikrətin nəzərləri birdən Məhbubənin əlindəki şiş buynuzlu, uzun saqqallı keçiyə sataşanda tutuldu, şadlıqdan əsər-əlamət qalmadı.

Daha nə Məhbubə, nə ata-anası keçini sahibinə qaytarmaq barəsində Fikrətə bir söz demədilər. Ancaq o, səbirsizliklə səhərin açılmasını gözləyirdi.

8 sentyabr, 1960