Çoxbilmiş ("Balaca dostlarım üçün" silsiləsindən)
- Ana Səhifə
- Çoxbilmiş ("Balaca dostlarım üçün" silsiləsindən)
Çoxbilmiş ("Balaca dostlarım üçün" silsiləsindən)
Keçən dərsi danışmaq istəyənlər əl qaldırmışdılar. Tükəz müəllimin kimisə axtaran gözləri birdən Adilə sataşdı. Adil müəllimin nəzərlərindən yayınmaq üçün heç bilmirdi nə etsin...
Tükəz müəllimin amiranə səsi sinifdəki dərin sükutu pozdu:
– Adil, sən gəl.
Adilin rəngi qaçdı, ayağa durub çəkinə-əkinə dedi:
– Müəllim... müəllim... mən bilmirəm.
Müəllim təmkinlə soruşdu:
– Niyə?
Adil cavab vermək əvəzinə qıpqırmızı qızarıb, başını aşağı saldı.
– Hə, belə de, aydındır... Dünən cavab verdiyinə, «4» aldığına arxayın olmusan, elə bilmisən ki, bu gün səndən soruşmaram. – Tükəz müəllim sinfə göz gəzdirdi.
İki ildən bəri dərs dediyi şagirdlərin diqqəti onda idi. Adil isə ayaq üstə dayanaraq, rəng verib rəng alırdı, müəllimin üzünə baxmaqdan çəkinirdi, Tükəz müəllim ona belə bir sual verdi:
– Adil, atan harda işləyir?
– Neftayıran zavodda.
– Nə iş görür?
– Operatordur.
– Hər gün işə gedir?
– Bəli, müəllim.
– Bax, görürsən, atan hər gün işə gedir ki, sən yaxşı yeyib-içəsən, yaxşı geyinəsən, asudə oxuyasan, vaxtlı-vaxtında da dərsə gələsən, həm də hər gün hazır gələsən. Axı dərs oxumaq da sənin işindir... Otur.
Adil pərt halda oturdu. Müəllim jurnala nə isə yazdı. Uşaqlar onun əlinin hərəkətindən «2» yazdığını dərhal başa düşdülər.
***
Ertəsi gün Tükəz müəllim Adilin oturuşundan, üz-gözündən, sakit baxışından hiss etdi ki, o, dərsə hazır gəlmişdir. Daha ondan soruşmadı. Axı sinifdə uşaq çoxdur. Hər gün eyni şagirddən soruşmaq mümkün də deyil.
Adil isə yerində oturub fikirləşirdi: «Gör nə çoxbilmişdir! Üzümə baxan kimi bildi ki, öyrənmişəm, soruşmadı. İndi gərək gün hazır gələm... Əcəb işə düşdüm!..»
Belə işə düşmək pisdirmi?
Sentyabr, 1958