Elçinin ağacı ("Balaca dostlarım üçün" silsiləsindən)

  • Ana Səhifə
  • Elçinin ağacı ("Balaca dostlarım üçün" silsiləsindən)

Elçinin ağacı ("Balaca dostlarım üçün" silsiləsindən)

Image

Elçin babasını görməyə tələsirdi. Nəhayət, gözlədiyi gün gəlib çatdı. Yığışıb bağa köçdülər.

Bağda onları birinci qarşılayan Musa kişi oldu. Elçin onu görcək, özünü maşından yerə atdı:

– Baba, mən sən deyən kimi oxudum, bütün qiymətlərim «5»dir.

– Ay sağ ol, mənim ağıllı balam, afərin, - deyərək Musa kişi əlini nəvəsinin başına çəkdi, əyilib alnından öpdü. – Bax, indi oldun mənim birinci dostum!

– Baba, sənə bağ işlərində kömək edəcəyəm, mənə iş tapşırarsan?

– Tapşıraram, oğlum, niyə tapşırmıram. Təki səndə həvəs olsun.

– Baba, müəllimimiz deyir ki, yaxşı oxuyan şagird yaxşı iş görməyi də gərək bacarsın, ata-anasına kömək eləyə bilsin.

– Müəlliminiz düz deyir, bala, zəhmət ki var, canın cövhəridir. Nahaq deməyiblər ki, işləyən dəmir parıldar, işləməyən dəmir paslanar.

Baba nəvələri ilə bir-bir görüşdü, xoş dillə onları danışdırdı.

*** 

Musa kişi yay-qış bağda qalar, meynələrə qulluq edərdi. Yay gələndə səbirsizliklə nəvələrinin yolunu gözlərdi. Onun üç nəvəsi vardı: Elçin, Lətif, İradə. Elçin hamıdan böyüyü idi. Lətif ondan iki yaş kiçikdi. İradə isə dörd yaşına yenicə girmişdi.

Baba bağda soğan, keşniş, turp, vəzəri, pomidor, badımcan və çoxlu gül-çiçək əkmişdi. Vaxtlı-vaxtında bunlara qulluq eləyirdi. Gündə iki dəfə sulayırdı: bir səhərçağı, bir axşamüstü.

Elçin də hər səhər erkən babası ilə yuxudan qalxır, onunla birlikdə çalışardı. Hələ bu yandan Lətifldə İradə də həvəsə düşmüşdülər: tez-tez qaçıb babalarının yanına gəlir, onlara da tapşırıq verməsini istəyirdilər. Nəvələrinin işə can yandırmaları babanın könlünü açırdı. O görürdü ki, tənbəllik deyilən azardan bu uşaqların canında əsər-əlamət belə yoxdur.

Bağda nəhəng bir qarağac vardı. Hər yana qol-budaq atmışdı. Deyilənə görə yaşı iki yüzdən yuxarı idi. Bu ağacın kölgəsi bağın ən səfalı guşəsi sayılırdı. Günün qızmar vaxtında belə, bura sərin olurdu. Elçin də babası ilə bir qədər işləyəndən sonra gününü burda keçirir, Musa kişinin nağıllarına qulaq asır, kitab oxuyur, yatıb dincəlirdi.

*** 

Yayın ən isti günlərindən biri idi. Elə isti idi ki, nəfəs almaq olmurdu. Qarağacın altı isə yenə əvvəlki kimi sərindi. Hamı bura yığışmışdı. Aralarında qonşu bağlardan da istiyə tab gətirməyənlər vardı (o ətrafda bu yekəlikdə ağac ancaq Elçingilin bağında idi). Qonşular kölgəsində oturduqları ağac barəsində, onu əkib gedən adam barəsində danışırdılar:

– Nə yaxşı iş görübsən, ay belə ağacı əkib gedən! Kölgəsində bircə dəqiqə oturanda adam cana gəlir.

– Nə əcəb bu varmış, yoxsa isti bizi lap əldən salardı!..

Elçin danışanlara diqqətlə qulaq asırdı. Musa kişinin fikri onda idi. Qonşular isə elə hey yaşıllıqdan, qarağacdan danışırdılar.

*** 

Ertəsi gün lap tezdən Elçin babasının yanına gəlib, ona mühüm bir sirr açırmış kimi yavaşca dedi:

– Baba, nə olar, mənə ağac əkməyi öyrət də... Qoy mən də ağac əkim. Özüm ona qulluq edəcəyəm.

Baba nəvəsinin fikrini ürəkdən bəyəndi. Ona ağac əkməyi öyrətdi. Ancaq onu da dedi ki, indi vaxtı deyil. Bu işi ya payızda, ya da yazın əvvəllərində görmək lazımdır.

– Baba, axı o vaxt mən şəhərdə olacağam.

– Eybi yoxdur, bala, darıxma, mən özüm vaxtı çatanda sənin ardınca şəhərə gələrəm. Heç darıxma.

Elə də oldu. Baba ilə nəvə münasib bir cün seçib birlikdə ağac əkdilər. Çinar ağacı...

Elçin böyük həvəsli bu körpə çinara qulluq edirdi. Şəhərə köçəndə onu babasına tapşırır, ya olanda yenə özü baxırdı. Çinar yavaş-yavaş dirçəlməyə başlayırdı...

İndi hamı bu ağaca Elçinin ağacı deyir. Bu, Elçinin ürəyini fərəhlə doldurur. O, yaşa dolduqca əkdiyi çinar da böyüyür. Çinar böyüdükcə Elçinin arzuları da qanadlanırdı: çinar böyüyəcək, uca, uca ağac olacaq. İsti olanda adamlar kölgəsinə yığışacaq, dincələklər. Sonra da hamı bir ağızdan deyəcəkdir:

– Nə gözəl ağacdır! Nə yaxşı iş görübsən, ay  Elçin, bu ağacı əkən yerdə!.. Əlin-qolun var olsun!


Avqust, 1958