Ana qoynu ("Balaca dostlarım üçün" silsiləsindən)

  • Ana Səhifə
  • Ana qoynu ("Balaca dostlarım üçün" silsiləsindən)

Ana qoynu ("Balaca dostlarım üçün" silsiləsindən)

Image
  • 17 Mart 2023

Cəmilə harada ki, toyuq-cücə görərdi oradan əl çəkməzdi. Anasına da dediyi həmişə bu olardı.

– Ana, nə olar, mənə cücə al da... Gör onlara necə baxaram...

Günlərin bir günündə anası da zoomağazadan iyirmi cücə alıb gətirdi. Cəmilə yay tətilinə buraxılmışdı, bu gün-sabah bağa köçəcəkdilər.

Cəmilə yupyumru, sarı dimdikli, bapbalaca cücələri görəndə sevinci yerə-göyə sığmadı.

Anası böyük bir qutuda cücələrinə yer düzəltdi; onlar üçün yemək hazırladı, su qoydu.

Özü də balaca stulunda əyləşib, onlara tamaşa etməyə başladı...

Atası işdən gələndə Cəmilə qaçıb əllərindən tutdu, çəkə-çəkə qutunun yanına gətirdi:

– Atası, gör nə qəşəng cücülərim var... Anam alıb.

Ata qızının başını tumarlayıb dedi:

– Ay şeytan, axır ki, istəyinə çatdın. Ancaq gərək yaxşı qulluq edəsən ki, ölməsinlər!

– Yaxşı baxacağam, atası. Yaxşı, yaxşı!

*** 

Cəmilə səhər hamıdan tez durdu. Tələsik dəhlizə gəlib qutuya baxanda heyrətdən gözləri alacalandı, birbaşa atası yatan otağa qaçdı...

Cəmiləni narahat edən nə idi? Yoxsa cücülərinə bir şey olmuşdu?

Atası gəlib qutuya baxanda hər şey aydın oldu. Axşamdan bərk isti olduğuna görə onlar dəhlizin pəncərələrini açıq qoymuşdular. Gecədən xeyli keçmiş isə şiddətli yağış başlamışdı, səhərə yaxınq dəhlizin havasını soyutmuşdu. Cücələr, görünür, soyuğa davam gətirmədikləri üçün bir-birinin qoynuna girmiş, bir-birinə bərk qısılmış, qutunun bir küncünə sıxılmışdılar.

– Qızım, cücələrin sağ-salamatdır, onların büzüşüb bir-birinə qısılması səni qorxutmasın, axı, onlar körpədir. Körpəyə bilirsən də nə lazımdır?

Atası sualedci nəzərlə Cəmiləyə baxanda o, bir istədi desin «yox», sonra yadına düşdü ki, balaca bacısı xəstə yatanda həkim anasına tapşırmışdı ki, onu isti yerdə saxlasın, soyuğa verməsin. Buna görə də böyük-böyük cavab verdi.

– İsti yer lazımdı, ata, isti yer.

– Doğrudur, qızım, ancaq elə-belə isti yox, isti ana qoynu, isti ana nəvazişi. Bunların isə anaları yoxdur. Bir balaca soyuq oldumu, o saat bir yerə yığışır, özləri üçün bax, beləcə ana qoynu düzəldirlər... İndi gərək, qızım, sən bu yazıqlara elə baxasan ki, anasız olduqlarını hiss eləməsinlər. Yadında saxla ki, körpə üçün dünyada ana qoynundan isti, rahat yer tapmaq çətindir.

Atası gedəndən sonra, Cəmilə cücülərinə qulluq etməyə başladı. Onu indi bir şey çox düşündürürdü: cücülərinə atasının dediyi kimi baxa biləcəkmi?


İyul, 1958