Külək güclənirdi ("Ata düşüncələri" silsiləsindən)
- Ana Səhifə
- Külək güclənirdi ("Ata düşüncələri" silsiləsindən)
Külək güclənirdi ("Ata düşüncələri" silsiləsindən)
Orduxan gecəki yuxusuzluğunun əvəzini çıxmaq istəyirmiş kimi uşaq təkin mışamış yatırdı. Özgə vaxtlarda onun bu sayaq yatmasından Səmayənin ürəyi axardı.
Səmayə çoxdan ayaqüstə idi. Duran kimi süfrəni də hazırlamışdı. Orduxanı gözləyirdi. Özgə vaxtlarda Səmayə mışamış yatan Orduxanı isti öpüşlərə qərq edər, «Canım, Orduxanım, pəhləvanım» deyə-deyə nəvazişlə onu oyatmağa çalışardı. Amma indi heç yaxınına belə getmək istəmirdi. Əlləri qoynunda oturmuşdu. Qəlbi sıxıla-sıxıla, didilə-dililə düşünürdü. «Nə vaxtacan uşaq üzünə həsrət qalacağam?! Nə vaxtacan əzablar içində qovrulacağam?! Ana olmaq istəmirəmmi mən? Niyə Gülbikə beş uşağın anası olsun, mən bircəciyinin də olmayım?! Niyə axı, niyə?!.»
Orduxan gözlərini açar-açmaz gərnəşdi, hələ yarıyuxulu gözləri Səmayəyə sataşanda gecəki xoşagəlməz söz-söhbət o andaca yadına düşdü, qanı bərk qaralsa da, özünü zorla ələ alıb dedi:
– Durmusan, mən də bu saat yadına düşdü, qanı bərk qaralsa da, özünü zorla ələ alıb dedi:
– Durmusan, mən də bu saat...
Səmayə onu axıracan dinləməyib mətbəxə keçdi. Özgə vaxtlarda o gəlib zərif, uzun barmaqlarını Orxudanın sinəsində gəzdirərdi. Xoşallanan Orduxan pıçıldardı:
– Səmayə!
Cavabında eşidərdi:
– Can!..
Orduxan nəşələnərdi:
– Gəl, uzan yanımda...
Səmayə nazlanardı:
– Bəsindi, qalx, işə gecikərəm.
– Sənə qurban olum, Səmayə, səndən doya bilmirəm heç.
– İstəyidim bu deyil ay səfeh?! Doysan neylərəm mən?!
İndi isə... Aralarında soyuq külək əsməyə başlamışdı.
Orduxan ayağa durdu, tələm-tələsik əl-üzünə su vurub stolun arxasına keçdi. Bir stəkan təzə dəmlənmiş çay içdi. Yeyib-içməkdə həmişə Səmayənin tərifli sözlərini eşidən Orduxanın indi iştahı qaçmışdı. Getməyə hazırlaşanda Səmayə sözləri dilini yandırırmış kimi dayana-dayana, güclə dedi:
– Daha... gəlmə. Qəti qərara gəlməyə... çalış. Qərarıvu bu gün mənə deyərsən. Saat beşdə bulvarda ol. Qız qalasının qabağındakı yeri deyirəm. Orda səni gözləyəcəyəm.
– Səmayə, bəlkə...
Səmayə ona macal vermədi axıracan sözünü desin:
– Yox, yox, Orduxanq, daha bəsimdir, gizli görüşlərdən cana doymuşam. Nə vaxtacan özümküləri, camaatı aldadacağam. Kifayətdir. Sən ya oranı, ya buranı seçməlisən. Buranı seçdin buyur gəl, göz üstə yerin var. Yox, əgər oradan ayrıla bilmədin canın sağ olsun, dözərik birtəhər, daha buranı ömürlük yadından çıxart. Eşidirsən, ya Gülbikə, ya mən?!
Orduxanı eşitdiyi sözlər sancırdı, sarsıdırdı. «Ay allah!.. Necə də amansız olub bu qız? Beş uşağın atasına da belə demək olarmı: ya oranı, ya buranı?!»
Belə düşünsə də Səmayəyə başqa sözlər dedi Orduxan:
– Axı sənsiz yaşaya bilmərəm, gözümün işığı, mənim istəkli arvadım.
Səmayə kinayə və acıqla:
– Kəbinsiz arvadım, aşnam desənə – dedi.
– Mən səninlə günü bu gün kəbin kəsdirməyə razıyam, ay insafsız. Ancaq neyləyim ki, bizdə iki kəbinə...
Səmayə bilirdi ki, dalısı «icarə vermirlər» gələcək, odur ki, bunu eşitməmiş dedi:
– Ona görə mən də istəyirəm ki, bu işə nöqtə qoyaq.
– Demək asandı: «nöqtə qoyaq». Deyirsən, amma mənim nə çəkdiyimi heç fikirləşmirsən. Heç yazığın gəlmir mənə. Bir qram da gəlmir. – Bu sözlərini deyə-deyə Orduxan nəzərlərini «əkbinsiz arvadı»nın iri, qara gözlərinə zillədi.
Səmayə qətiləşdi:
– Başqa çarəmiz yoxdu, Orduxan. Niyə başa düşmək istəmirsən? Mən... – O, azacıq dayandı, sifətində əzab çəkdiyini bildirən ifadələr çoxaldı – gecə dedim axı sənə, bir də təzədən niyə dedirtmək istəyirsən, hə?!
Səmayə gözlərini yalnız bir an Orduxanın üzündə saxlaya bildi. Orduxan həmin anı tutdu: «Ana olmaq istəyirəm, ana!»
***
Orduxan Səmayənin mənzilindən çıxanda fikri heç özündə deyildi. Bu gün gərək nazirliyə dəyəydi. Hiss elədi ki, bir iş görmək halında deyildir. Gəlib-gəlib düz nazirliyin qapısında qayıtdı. «İndi getməsəm yaxşıdı, işləri bir az da korlaram...»
Özünün də şəhərdə bir-iki xırda-para işləri vardı. Uşaqlarına bəzi şeylər alacaqdı. İstədi yolunu mağazalara salsın. Ayaqları getmədi. «Əh, cəhənnəm olsun hamısı... Bəs evdən çıxanda Gülbikəyə söz vermədin, Orduxan?! Nə tez yadından çıxdı?! Ağzıvu qulağına söykəyib demədin ki, gözüm arvad, gərək bu dəfə sənə əladan da əla bir dəst alt paltarı alam. Gecə gördüm, yamanca kasıblamısan. Mənim diqqətsizliyimdir bu. Uşaqlara alıram həmişə, sən yaddan çıxırsan, arvad... Dedin? Dedim! Bəs almağa niyə getmirsən?! Eeeh, indi mən o hayda deyiləm. Səmayə qoyur ki, ağlımız başımızda hərlənək!. Nə olar eee, bir dəfə də evə əliboş getsəm?! Dünya dağılmayacaq ki?! Hələ bir görüm evə qayıda biləcəyəm?!.»
O ağır düşüncələr içində çox sevdiyi sahil bağına gəldi. Bu bağda Səmayə ilə bağlı xatirələri vardı. Özü də hiss etmədən gəlib ona tanış, ona əziz skamyada oturdu. Bu skamyada o, Səmayə ilə yaxınlaşmış, açılmamışdı. İntim hisslərinə sərbəstlik vermişdilər. İndi budur, Səmayə ilə canıbir, qəlbidir olan vaxtda külək əsməyə başlamışdı. Bu küləyi o heç gözləmirdi. Külək əsir, əsirdi.
Orduxan qəlbini gizildədən skamyada oturan kimi nəzərlərini uzaqda qaralan gəmiyə zillədi. Gəmi gəlirdimi ki, gedirdimi, dayanmışdımı, ayırd edə bilmədi. Doğrusu, bu haqda başını yormaq istəmirdi. Onsuz da yükü çoxdu, fikirləşməli, fikirləşməliydi. Gözünün qabağındaca qağayılar elədən-belə, belədən elə uçuşur, çığırışırdılar. Orduxan həmişə çox maraq göstərdiyi bu mənzərəyə baxırdısa da, ancaq fikrində Səmayə ilə, Gülbikə ilə danışır, onları müqayisə edirdi. «Burada qeyri-qanuni arvadım var, Səmayə. Yuşmaq, pərğu bədən, ağca maya. Ağlımı başımdan alır, Səmayə. Ruhuma qida verir, əsəblərimi sakitləşdirir, könlümü açır, özümü cavanlaşdırır... Orda, evdə qanuni arvadım var, Gülbikə... O ya bir kötükdür, ya arvad. Heç fərqi yoxdur mənimçün... Dayan, dayan, sən nə dedin, kötük?! Hə, kötük! Ay nankor, ay insafsız!.. Bunu sən o adam barəsində deyirsən ki, pambıq tarlalarında ən ağır zəhmətə qatlaşıb beş il səni oxutmuşdur?! Hə! O adam barəsində deyirsən ki, sənin beş uşağını yedirmiş, içirmiş, əyin-başının qayğısına qalmışdır?! Hə!.. Sən də əlin belində oxumusan, qızlarla mazaqlaşmısan, axırda da birini – Səmayəyə ilişmisən, vurulmusan?! Hə!.. O adam barəsində deyirsən ki, sənin oxumağın naminə, uşaqlarının korluq çəkməməsi naminə öz gözəlliyini, qadınlıq incəliyini itirmişdir, əlləri, ayaqları kobudlaşmışdır, özün demiş arvad ikən dönüb kötük olmuşdur?! Hə.. O adam barəsində deyirsən ki, səni yaşatmaq, bir sənət yiyəsi eləmək üçün öz yaşamamamışdır, öz yaşayışını əzab, əziyyət yumağına döndərmişdir?! Hə.. Nəhayət, o adam barəsində deyirsənki, öz geyiminə fikir verməyib səni həmişə təzə paltarda oxumağa yola salıb, sən də tələbə yoldaşların arasında başıaşağı olmamısan?! Hə!.. Daha mənim sənə heç bir sözüm yoxdur!.. Sənə heç bilmirəm ki, daha nə cür ağır söz deyim?!. Sən kimsən e, bayaqdan yapışmısan boğazımdan, buraxmırsan? Mən sənin vicdanınam. Səndən əl çəkən deyiləm, sən məni ayaqlaya bilməzsən, Orduxan!..»
Orduxan yerində qurcalandı. Qağayılar elədən-belə, belədən elə uçuşur, çığırışırdılar. Bir yekəsi elə Orduxanın həndəvərində dolaşırdı. Külək əsir, əsirdi.
Tərəddüd Orduxanın varlığını bürümüşdü. Skamyada qurumuşca oturmuş bu adamın qəlbində hissləriylə şüurunun mübarizəsi gedirdi. Hansı hələbə çalacaqdı, hansı?! Hissləri Orduxanı Səmayənin yanına çəkirdi, şüuru Gülbikənin. İki yol ayrıcında qalmışdı, çırpınır, çapalayırdı.
Birdən qarşısında bir adamın dayandığını hiss elədi, başını qaldıranda tez ayağa durdu:
– Orduxan, bu sənsən?!
– Mənəm, Ağamirzə müəllim, mənim əziz müəllimim, salam professor.
– Əleyküməssalam, Orduxan! Bilirsən, səni əvvəlcə tanıya bilmədim. Bəs qanın niyə qaradır?
– Heç, elə bir şey yoxdur, professor.
Orduxan belə dedisə də ürəyində düşündü: «Həmin müəllimsən ki, durubsan. Həssas, hər şeyi adamın üz-gözündən oxuyan».
Ağamirzə iti, nüfuzedici baxışlarını Orduxanın düz gözlərinin içinə zillədi:
– Mən heç vaxt səni belə görməmişəm axı. Hanı o üzügülər, şən, zarafatcıl Orduxan. Fakültəmizin Orduxanı. İndi elə bil... – birdən o duruxdu. Nə fikirindən keçdisə, tələsik soruşdu: - Bəlkə bir hadisə-zad üz verib sənə, Orduxan?!
Orduxan özünü yığışdırdı.
– Elə bir şey yoxdur, Ağamirzə müəllim!..
Ürəyində isə Orduxan belə fikirləşdi: «Dərdim böyükdür Ağamirzə müəllim! Ay mənim həssas müəllimim. Biləydiz nə dərdə düşmüşəm, nə dərdə düşmüşəm!.. Ancaq bunu sizə necə deyim?! Deyə bilərəmmi heç? Kaş, deyə biləydim! Arxayınam ki, ən doğru məsləhəti siz mənə verərdiz!..»
– Oturaq, Orduxan.
Oturdular.
– Yaxşı, de görüm uşaqların necədir, böyüyüblərmi?!
– Canınıza dua eləyirlər, Ağamirzə müəllim. Böyüyürlər.
– Sənin beş uşağın gərək olsun, Orduxan.
– Düzdür, professor, beşdir.
– Dördü qızdır, biri oğlan. Qızlarının adı «Gül» ilə başlayırdı. Oğlunasa gərək ki, Babəkin adını qoymuşdunuz, elədir?
– Elədir, professor.
Orduxan Ağamirzənin hafizəsinə təəccüb elədi. Onlara iki semestr dərs demişdi. Tələbələrin sevimlisi idi. Onlarla zarafat eləməyi xoşlardı. Xüsusən də Orduxanla. Onun evli olduğunu biləndən sonra hərdənbir sataşardı da ona. Bütün auditoriya bu xoş zarafatdan uğunub gedərdi. Yoldaşları da, Ağamirzə müəllim də Orduxanın uşaqlarının adlarını bilirdilər. Bir dəfə seminar məşğələsində mübahisə qızışmışdı, söhbət cehizdən düşmüşdü. Elə bu vaxtda professor özünəməxsus şirin zarafatla mübahisə edənlərə üzünü tutub demişdi:
– Sizə nə var, sakit-sakit, arxayın-arxayın cehiz haqqında danışırsınız. Ancaq bir Orduxana baxın, yazığı indidən fikir götürüb ki, dörd qızın cehizini necə yığıb-yığışdıracaq. Tələbələr gülüşmüşdülər.
Orduxanla bir rayondan, bir kənddən olan tələbə qız da demişdi:
– Ağamirzə müəllim, Orduxanın yoldaşı qoçaqların qoçağıdı, qabaqcıl pambıqçıdı, yaxşıca da qazanır. O hamısını düzəldəcəkdir.
Ağamirzə də əlavə etmişdi:
– Orduxan da papağını yan qoyub gəzəcəkdir.
Orduxan bütün bunları ürəyi kövrələ-kövrələ xatırladı.
Ağamirzə soruşdu:
– Orduxan, sevimli qızlarının adını yadıma sal bir görüm.
Orduxan həvəslə dedi:
– Yazgül, Aygül, Yenigül, Eyzəngül.
Ağamirzənin eyni açıldı:
– Bəh-bəh. Xoşbəxt atasan, Orduxan. Gün o gün olsun onları bir-bir öz əlinlə köçürəsən.
– Sağ olun, professor. Ömrünüz uzun olsun!
Ağamirzə razılıqla Orduxana baxdı:
– Mən bilirəm, Orduxan, sən uşaqcanlı, ailəcanlı bir adamsan. Sən uşaqlarını istəyən, qayğıkeş atasan. İndi qızlarının adını deyəndə də bunu hiss elədim. Axıracan belə olsun.
Orduxan düşünürdü: «Allah sizi haradan yetirdi mənimçün, ay Ağamirzə müəllim! Heç bilirsiz, necə vaxtında gəlib çıxdız!..»
– Orduxan, fikrə getdin, düz demirəm?
– Düz deyirsiz, Ağamirzə müəllim. Uşaqlardı da bizi yaşadan.
– Əvvəlcə gərək biz onları yaxşı tərbiyə edək, yaxşı oxudaq, gümrah böyüdək...
Orduxan tələbəlik illərində olduğu kimi müəllimini indi də böyük maraqla dinləyirdi, qanadlanırdı...
Ağamirzə Orduxanla sağollaşıb getdi. Orduxan xeyli onun ardınca baxdı, sonra nəzərlərini dənizə çevirdi. Dəniz dalğalanırdı. Qağayılar sulara baş vurur, qalxır, çığırışırdılar. Külək vıyıldayırdı...
Orduxan saatına baxdı. Beşə on dəqiqə qalırdı. Ürəyi döyünməyə başladı. Ayağa durdu. Həsrətlə, yana-yana haçandan-haçana oturduğu skamyaya baxdı, baxdı, yavaş-yavaş, istəməyə-istəməyə oradan uzaqlaşdı...
«Qız qalasının qabağındakı yer»də Səmayə gözləyirdi. Orduxan kədər içində yaxınlaşdı. Soyuqca salamlaşdılar.
Orduxan üzünü Səmayəyə tutdu:
– Səmayə, gəl tərsliyi burax, elə əvvəlki təkin...
Səmayə bir az da ciddiləşdi, Orduxana sözlərini qurtarmağa imkan vermədi.
– Yox, mümkün deyil. Nöqtə qoymalıyıq.
– Ömrüm boyu nöqtəyə nifrət edəcəyəm. Səmayə!
Səmayə dedi:
– Əlvida, Orduxan!
Orduxan dedi:
– Sağ ol, Səmayə!
Dəniz təlatümə gəlirdi. Külək güclənirdi.
Oktyabr, 1985