Qurucu ("Ata düşüncələri" silsiləsindən)

Qurucu ("Ata düşüncələri" silsiləsindən)

Image
  • 17 Iyul 2023

Hər gün işdən gələndən, yeyib-içəndən sonra oğlum başımın üstünü kəsdirir, məni cürbəcür oyuna, söhbətə çəkir. Düzü, onunla əylənmək mənə də zövq verir, könlümü açır. Odur ki, çağırışına şəvəslə qoşuluram. Marağını oxşamaq, onu sevindirmək üçün hər dəfə təzə bir şey axtarıb tapıram. Yatanacan başını qarışdırmağa çalışıram.

Oğlum saat doqquzda yatır. Bir dəqiqə o yana keçsə, anası hirslənir. Qınamıram. Axı oğlum hələ balacadır (üzümümə gələn ay beş yaşı tamam olacaq), balacalara da, bilirsiniz, çox yatmaq, vaxtında yatmaq lazımdır!..

*** 

Bu axşam yorğundum. Bütün günü mədəndə, yenicə qazıb qurtardığımız quyunun yanında olmuşdum. Ayrı cür şıltaqlıq edirdi. İpini hələm-hələm ələ vermək istəmirdi. Ancaq öhdəsindən gəldik. Yüyəni ağzına keçirib, möhkəmcə cilovladıq, iradəmizə tabe elədik. Elədik, amma yamanca da yorulduq; lap əldən düşdük... Bu söhbəti mən niyə saldım?.. Hə, yorğunluğumun səbəbini demək istəyirdim. İstəyirdim biləsiniz ki, oğlumu əyləndirməyə həvəsim yox idi, ancaq ürəyini də sındırmaq istəmirdim, düzü, buna gücüm çatmırdı.

Ayağa durub stolun arxasına gəldik. Köhnə «repertuarımızdan» bir-ikisini işə saldım. Əvvəlki təsiri bağışlamadı. Oğlum təzə, ancaq təzə şey istəyirdi. Bunu dili ilə deməsə də, baxışlarından duyurdum.

Oğlumun baxışları! Büllur, məsum baxışları!.. Oğlum hələ danışa bilməyəndə onunla yeganə ünsiyyət vasitəm bu baxışlar olmamışdımı? Bunlar üzümə dikilərkən duyduğum zövqü, nəşəni sizə necə izah edim?.. Neftçi babayam, hisslərimi ifadə üçün münasib sözlər tapa bilmirəm. Elə bilirəm məni sözsüz də başa düşərsiniz...

Nəsə, mətləbdən uzaq düşməyək. Oğlumu məşğul etmək üçün fikirləşirdim. Fikirləşə-fikirləşə də stolun üstündəki domino qutusunu qabağıma çəkdim. Qara, zərif, mərmər kimi işıldayan balaca daşları, özüm də fərqinə varmadan, bir-birinin üzərinə qoymağa başladım. Adətimdir: düşünərkən əlim də gərək bir işdə olsun. Axırıncı daşı qoyanda gördüm ki, stolun üstündə bir bina ucalır, oğlumun da baxışları qəribə bir maraqla bu binaya zillənmişdir.

– Hə, necədir, xoşuna gəlir, ya yox?! – deyə ondan soruşdum.

– Yaxşıdır, ayta, yaxşıdır!.. – O, balaca əllərini sevinclə bir-birinə vurub şappıldatdı, sonra nə fikirləşdisə, tez xəbər aldı: - Ayta, uçursam, birdən uçursam, neynərsən?

– Yenidən quraram!..

Oğlum şəhadət barmağını binaya necə ilişdirdisə, daşların stolun üstünə, yerə səpələnməsi heç bir saniyə də çəkmədi. Halbuki... Halbuki onu düzəltməyə yüzlərlə belə saniyələr sərf olunmuşdu.

Oğlum yerə tökülmüş daşları yığdı, gətirib qabağıma tökdü...

Az keçmədi bayaqkı bina hazır oldu.

Oğlum yenə uçurdu...

Mən də yenə qurdum...

Oğlumun bunu nə vaxt uçuracağını gözləyirdim. Gözləyirdim, ancaq deyəsən onda artıq belə bir həvəs görünmürdü. O nə isə fikirləşir, tərəddüd keçirirdi. Mən bunu yenə onun baxışlarından oxudum. Oxuyan kimi də dedim:

– Hə, nə oldu, birdən dayandın?

– Eh, nə olsun ki... Bu asandır. Bir barmaqnan uçub tökülür.

– İstəyirsən çətin olsun?

– Həəə!.

– Di onda gəl ev qur! – Cəld düzəltdiyim binanı ona sarı itələdim.

O da:

– Nə yaxşı!... – deyib həvəslə qara, zərif, mərmər kimi işıldayan daşları bir-birinin üzərinə düzməyə başladı.

Düzdükcə sevinci yerə-göyə sığmadı, lakin bina yarıya çatmamış uçdu. Oğlum pərt oldu, ancaq ruhdan düşmədi, inadından dönmədi.

Mən də onu başa saldım, səhvlərini göstərdim. Dedim ki, bala, evi başlayanda bünövrəsinə fikir ver. Bünövrə gərək düzgün qoyula, bir balaca əyri oldu, qurtardı, duruş gətirən deyil.

Oğlum da dediklərimə huş-guşla qulaq asır, daşı daş üstə qoyurdu. Gəlirdi, gəlirdi, lap az qalmış daşlar sürüşüb ətrafa səpələnirdi... O da yenidən yığır, yenidən işə başlayırdı. Hər dəfə də mən onu daha həvəslə, daha inamla işə girişdiyinin şahidi olurdum. Bu, məni dedikcə sevindirirdi. Oğlumun əməlinə baxdıqca ürəyimdə öz-özümə deyirdim: «Bax, belə ha... Başına döndüyüm, baxışlarına qurban olduğum oğul, həmişə çətin işin dalınca get! Çətini asan eylə!.. Həmişə qurmağa, yaratmağa, ucaltmağa çalış, ay mənim qurucu oğlum! YOxsa uçurmağa, yıxmağa, dağıtmağa nə var ki?!»

İstəyirdim bu sözləri ona da deyəm. Ancaq düşünürdüm ki, hələ tezdir, böyüyər, özü hər şeyi başa düşər. Düşərmi?..

Kaş başa düşəydi!...


Dekabr, 1961